Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1665/2021 19.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlərdən X2 nümayəndəsi və vəkili, İddiaçı2 Seyedmostafanın vəkili X7 iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “müqalənin ləğvi və s.” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin direktoru Cavabdeh ilə onun və qardaşı İddiaçı2 adından bağlanmış 7/87-2018 və 6/86-2018 saylı 15.11.2018-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, onları aldadaraq "xxxx" MMC-nin direktoru Cavabdeh almış olduğu 4300 ABŞ dollar (7310 AZN), 100 AZN pulu, habelə onun pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə faydalanmağa görə bank uçot dərəcəsi ilə 577,36 AZN pulu, viza alınmasına, kirayə haqqına, gündəlik qidalanma xərclərinə və s. xidmətlərə sərf etdikləri 9545 AZN pulu, vəkil xidmətinə sərf etdikləri 161 AZN pulu və ödədikləri 30,4 AZN dövlət rüsum haqqını, habelə mənəvi ziyana görə 7000 AZN pulu- cəmi: 24.723,76 AZN pulun Cavabdeh alınıb ona ödənilməsi, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin və 308.2, 313-cü maddələrinin tərkib əlamətləri olduğundan barəsində xüsusi qərar çıxararaq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər prokuroruna göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, onlar İran İslam Respublikasının vətəndaşları olmaqla Bakı şəhəri H.ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmuşlar. 2018-ci ildə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına müraciət edərək Azərbaycan Respublikasında özəl şirkət qurmaq məqsədi ilə oturaqlıq hüququnun əldə edilməsindən ötrü Bakı şəhərində yaşayan, əvvəldən tanıdıqları İran İslam Respublikasının vətəndaşı X8 adlı şəxslə əlaqə saxlamışlar. O, bu işdə onlara kömək göstərəcəyini vəd etmiş və bu işi Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MMC-nin direktoru Cavabdeh vasitəsi ilə həll edəcəyini vəd etmişdir. Əlbir olaraq onları aldadaraq 5000 ABŞ dolları məbləğində pulu ələ keçirmişlər və verdikləri vədə əməl etməmişlər. İİRnın vətəndaşı X8 2018-ci ilin oktyabr ayında onlara Azərbaycanda Bakı şəhərində dizayn fəaliyyəti üzrə müvafiq şirkətin açılmasını və bununla əlaqədar Bakı şəhərində fəaliyyət göstərməkləri üçün burada müvəqqəti olaraq 1 il müddətinə yaşama icazəsinin alınmasını təmin etməyə söz vermişdir. 2018-ci ilin oktyabr ayının sonlarında Sadikhani Saeed Azərbaycana gəlmiş və telefonla əlaqə yaradaraq ondan (İddiaçı1) nə qərara gəlməyini soruşmuşdur. O da razılığını bildirmişdir. 31.10.2018-ci il tarixdə o, İİR-nın Şiraz şəhərindən Sadikhani Saeedin şəxsi hesabına bank vasitəsi ilə 310.000.000 İran rialı (təxminən 3800 manat) pul köçürmüşdür. İİR-dan bank vasitəsi ilə Azərbaycana pul köçürülməsi mümkün olmadığından Sadikhani Saeed 31.10.2018-ci ildə şəxsi hesabına köçürdüyü pulları bankdan çıxarmaq məqsədi ilə Astara rayonunun sərhəd keçid məntəqəsindən İİR-na keçmişdir. Həmin gün Sadikhani Saeed onunla mobil telefon əlaqəsi saxlayaraq göndərilmiş pulun miqdarının az olduğunu bildirmiş və ondan əlavə olaraq 30.000.000 İran rialı (təxminən 340 manat) göndərməyi tələb etmiş və o da Sadikhani Saeedin hesabına 340 manat ekvivalentində pul köçürmüşdür. 20.11.2018-ci il tarixdə Sadikhani Saeed onunla yenə telefon əlaqəsi saxlayaraq əlavə xərc kimi daha 1000 ABŞ dolları tələb etmişdir. O da razılaşaraq 1000 ABŞ dollarını ona göndərmiş və 21.11.2018-ci ildə Sadikhani Saeed telefon əlaqəsi yaradaraq ona pulu aldığını bildirmişdir. O, pulu Saedin Azərbaycana gələn dostu vasitəsi ilə çatdırmışdır. O, 28.12.2018-ci il tarixdə avtobusla İİR-nın Şiraz şəhərindən Bakı şəhərinə gəlmişdir ki, işlərinin nə yerdə olduğunu öyrənsin. Sadikhani Saeed onu avtovağzalda qarşılamış və onu kirayə mənzilə, yəni Bakı şəhəri Yasamal rayonu, H.ünvan 2 ünvanına çatdırmışdır. 03.01.2019-cu il tarixdə Sadikhani Saeed ona AR qanunlarına əsasən otellərdən birində qeydə düşməli olduğunu bildirərək daha 70 manat və kirayədə qaldığı ünvanla əlaqədar isə notariusa daha 90 ABŞ dolları ödəməli olduğunu söyləyib həmin pulları ondan almışdır. 10.01.2019-cu il tarixdə isə Sadikhani Saeed fəaliyyət göstərəcəyi şirkətlə əlaqədar vəkil- "xxxx" MMC-nin direktoru Cavabdeh oğluna 1300 ABŞ dolları vermək lazım olduğunu deyib ondan pulu və əlavə olaraq guya borc adı ilə 100 manat da almışdır. 14.01.2019-cu il tarixdə isə Sadikhani Saeed ondan daha 400 ABŞ dolları borc pul almışdır. X8 daha bir dəfə onun yanına gəlib 2700 manat pul tələb edəndə o, pulunun olmadığını bildirib şirkəti və müvəqqəti yaşama hüququ üçün nə iş gördüyünü soruşub nəticəsini tələb etmişdir. O da "xxxx" MMC-nin vəkili Cavabdehlə bu işi həll etmək üzrə olduğunu söyləmişdir. X6 görüləcək iş üçün tələb etdiyi bütün sənədləri vaxtında ona çatdırmışdır. O, yaradacağı şirkətə digər iddiaçı olan qardaşını təyin etmək arzusunda olduğundan onun da diplomunun surətini Sadikhani Saeedə vermişdir. Artıq başa düşürdü ki, X5 iş ortaqları ilə birlikdə aldadır. Sadikhani Saeed ondan aldığı pulun 3000 manatını Cavabdeh Bakı şəhərində “Elmlər Akademiyası” metrostansiyasının yanında vermişdir. O, İİR-nın səfirliyinə şikayət edəndən sonra "xxxx" MMC-nin direktoru Cavabdeh 15 noyabr 2018-ci il tarixdə müqavilə bağlanması adı ilə Sadikhani Saeed ilə görüşmüş və onun, qardaşının üzlərini görmədən, X4rın adlarından hər hansı bir iş görməsi üçün etibarnamə vermədikləri halda müqaviləni saxtalaşdıraraq ona imza etdirmişdir. Müqavilə üçün ödənilən pulun qəbzlərini isə Sadikhani Saedə, o da, sonra ona (Ferdosian Seyidmurteza) vermişdir. Onun İİR-nin Azərbayenn Respublikasında olan səfirliyinə şikayətindən sonra Cavabdeh ona iki ədəd müqavilə təqdim etmişdir. Müqavilələrin altında Cavabdeh öz xətti ilə yazıb təsdiq etmişdir ki,onun və qardaşının müvvəqqəti yaşama və iş icazəsini 16 yanvar 2019-cu il tarixə kimi həll edəcəkdir. Lakin bəlli olmuşdur ki, bu müqavilə saxtadır. Əvvala orada onun və qardaşının əvəzinə X8 imza etmişdir. "xxxx" MMC-nin direktoru Cavabdeh müqavilə bağladığı şəxsin üzünü belə görmədən hansısa üçüncü şəxslə ona oturaqlıq hüququ alınması üçün hüquqi yardım göstəriləcəyi barədə razılığa gəlməsi absurddur. 15.11.2018-ci il tarixdə nə o, nə də qardaşı Azərbaycanda olmamışlar. O, Azərbaycana 28.12.2018-ci ildə, qardaşı İddiaçı2 isə 22.01.2019-cu il tarixdə gəlmişlər. Bu pasportlarında olan qeydlərlə də tam sübut olunur. İkincisi, Cavabdeh onun və qardaşının sənədlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim etməmiş və Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına müraciət ediləndən sonra geri tarixlə gülünc və heç bir hüquqi təcrübəyə sığmayan saxta məktub yazmış, dərhal da "sənədlərin qaydasında olmadığı" əsası ilə həmin məktubun geri qaytarılması barədə ikinci bir müraciət etmişdir. Halbuki həmin məktubların heç biri Dövlət Miqrasiya Xidmətinə göndərilməmişdir. Bu da saxtakarlıq faktını tam təsdiq edir. Müvafıq sənədlər, əsasən də şəxsiyyətini təsdiq edən pasportu təqdim edilmədən Miqrasiya Xidmətinə müraciət edilməsi absurddur. Üçüncüsü isə, həmin pullar "xxxx" MMC-nin hesabına da köçürülməmiş və dələduzluq yolu ilə mənimsənilmişdir. X8 və Cavabdeh saxtakarlıq və dələduzluq yolu ilə ona məxsus olan 4300 ABŞ dolları və 100 AZN məbləğində pulunu ələ keçirib mənimsəmiş, pulun müqabilində ona və qardaşına vəd edilən müvəqqəti yaşama və iş icazəsini təmin etməmişlər. İİR-da şikayəti əsasında X8 və qeyriləri barədə cinayət işi başlanmış və onlar məsuliyyətə cəlb olunmuşlar. Cinayət işində "xxxx- hüquqi və maliyyə məsləhəti şirkəti" MMC-nin direktoru Cavabdeh də mütəşəkkil cinayətkar qrupun üzvü kimi adı hallanır. Cavabdeh Azərbaycan Respublikası vətəndaşı olduğu üçün məsuliyyətdən kənarda qalmışdır. Cinayət işindən müvafıq sənədləri 24 vərəqə olmaq şərti ilə tərcümə etdirərək şikayəti əsasında Bakı şəhəri Yasamal rayon polis idarəsinin istintaq şöbəsində aparılan araşdırma zamanı təqdim etmişlər və materiala əlavə olunmuşdur. Onun şikayəti əsasında məsuliyyətdən müxtəlif bəhanələrlə yaxa qurtarmağa çalışan Cavabdeh 2019-cu ilin aprel ayında Yasamal rayon məhkəməsinə guya onun "xxxx" MMC-yə ziyan vurması ilə bağlı gülünc bir iddia ilə müraciət etmiş, məhkəmə şikayəti geri qaytarmış, Cavabdeh apellyasiya şikayəti əsasında iddia baxılması uçün Yasamal rayon məhkəməsinə qaytarılmış, məhkəmənin qətnaməsi ilə iddia rədd edilmiş, qətnamədən verdiyi apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Bu müddət ərzində Cavabdeh ona böyük məbləğdə maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, o, hər dəfə Bakı şəhərinə gələndə viza, kirayə haqqı, gündəlik xərclərin də daxil olmaqla cəmi 9545 AZN pul xərcləmişdir. Keçirdiyi əsəb və stress sayəsində səhhətində problemlər yaranmışdır. Bu barədə müvafiq tibbi sənədlərini iddia ərizəsinə əlavə edir. Odur ki, göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş edirlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “müqavilənin ləğvi və s.” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi və onun qarşılıqlı iddianın təmin edilərək 15.11.2018-ci il tarixli, 6/86 və 7/87 saylı müqavilələrin ləğv edilməsi, müqavilələr üzrə ödənilmiş ümumilikdə 3000 manat məbləğin qarşılıqlı iddia üzrə cavabdehlərə aid edilməsi, məhkəmə xərcləri daxil olmaqla 1000 manat məbləğində dəymiş ziyan və ödənilmiş 31 manat dövlət rüsumunun onlardan müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, hesab edir ki, ilkin iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir və fikri hədəfdən yayındırmaq məqsədi daşıyır. İddiaçı1 dəfələrlə qeyd edib ki, Saeed Sadikhaniyə pul verib və müqavilə bağlandığı gündən sonra da davam edib. Bunları Yasamal rayon Polis İdarəsində də izahatında qeyd edib. Sonuncunun verdiyi puldan Azərbaycan Respublikasında qanuni vasitələrlə bir illik müvəqqəti yaşama və iş icazəsinin alınması işinin təşkil edilməsi və bu istiqamətdə sənədlərin hazırlanıb Dövlət Miqrasiya Xidmətinə verilməsinin təmin edilməsi məqsədi ilə ona da ödənilməsindən, iddiaçıların adından bağlanan müqavilədən və ödəniş qəbzlərindən xəbərsiz olmaları absurddur. Saeed Sadikhaniyə ona təqdim etdiyi hər ödənişlərdən sonra qəbz verilib və sonuncu da Ferdosian qardaşlarına bu qəbzləri göstərib ki, özlərinin dediyi sonrakı ödənişləri ona verib. Hər bir qəbzdə də tarixlər var və guya müqavilələr, həmçinin qəbzlərin İranın Azərbaycandakı Səfirliyinə şikayət etdikdən sonra tərtib olunması cəfəngiyyatdır və fikri yayındırmaq məqsədi güdür. Həmin qardaşlar İrandan gələ bilmirlər, ancaq Saeed Sadikhaniyə hər dəfə istədikcə pul göndərirlər, sonra da deyirlər ki, mübahisə edilən müqavilələrdən xəbərləri yoxdur. Qeyd edilən xüsusatlar üzrə Ferdosian qardaşlarının şikayəti əsasında Yasamal RPİ-də İstintaq Şöbəsində də ətraflı araşdırma aparılıb və qeyd olunanlar sübuta yetirilməsiyi üçün barəsində cinayət təqibinə xitam verilib. Araşdırma nəticəsində təsdiq edilmişdir ki, mübahisə edilən müqavilələr Ferdosian qardaşları tərəfindən birbaşa özləri tərəfindən imzalanması da, onlar ödəniş müqabilində mədaxil qəbzləri əldə ediblər. Saeed Sadikhani həmin şəxslərin sifarişi ilə bağlı onların adından pul ödənişini etmişdirsə, onda müqavilənin imzalanması üçün səlahiyyəti olmuşdur. Ferdosian qardaşlarının tanışı İİR-nin başqa bir vətəndaşı Milad Masoominin sənədlərinin Dövlət Miqrasiya Xidmətinə təqdim edilməsi də göstərir ki, onun həmin qardaşlara qarşı hər hansı qərəzi və dələduzluq niyətinin olması sonuncuların uydurmasıdır. Ferdosian qardaşlarının pasport və tələb olunan digər zəruri sənədlərin verilməsi onlar tərəfindən təmin edilməmişdir. Odur ki, müqavilənin ləğv edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki qaydada iddia qaldırılmışdır. Hazırki iddia tələbində də qeyd edildiyi kimi Bakı Apelyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin ilin fevral ayında Azərbaycanda keçirilmiş növbədənkənar parlement seçkilərində deputatlığa rəsmən namizəd olduğu üçün və seçki proseslərində aktiv iştirakına görə iddia tələbini yenidən təqdim etməmişdir. Daha sonra isə qondarma çinayət əsasında elə həmin ilin mart ayında həbs edilmişdir və hazırda 3 saylı İnstintaq Təcridxanasında saxlanılır. Ona qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə mübahisələri davam edir. Ferdosian qardaşlarının ona qarşı qaldırdıqları hazırki iddia tələbini irəli sürməsi qanunvericiliyin tələbinə uyğun olaraq yenidən qarşılıqlı iddia olaraq hüquqlarının həyata keçirilməsinə imkan yaratmışdır. Saeed Sadikhani və qeyriləri barədə İran İslam Respublikasında cinayət işinin başlanması, hazırki mülki iş üzrə iddiaçılarla hər hansı mübahisənin olmasından və onun adının hallanmasından xəbəri yoxdur. Həmin şəxslərlə onun öncələr hər hansı əlaqəsi olmamış və onların əməllərinə cavabdeh ola bilməz. O, Ferdosian qardaşlarının S.Sadikhaniyə nə qədər ödəməsindən, sonuncunun da onlara nə vəd verməsindən xəbəri olmayıb və ona maraqlı deyildir. Sadəcə Ferdosian qardaşlarının qanuni yollarla Azərbaycanda yerləşməsi məsələləri ilə məşğul olmuşdur. Bu istiqamətdə müqavilə bağlanıb və müqavilə çərçivəsində ödənişləri almışdır. Əgər Ferdosian qardaşları tərəflər arasında öhdəlikləri olduğunu hər dəfə xatırladırsa və qanunvericilikdən əsaslar gətirirsə deməli mövcud müqavilə ilə faktiki razılaşdıqlarını göstərir. Ferdosian qardaşları Saeed Sadikhanini tapa bilmədikləri üçün və onun həbsdə olmasını fürsət bilib onların çəkdiyi bütün xərcləri və həyat şəraitinin yaxşılaşdırılması üçün ondan istifadə etmək istəyirlər. Mübahisələndirilən müqavilələr ilə əlaqədar qeyd edir ki, tərəflər arasında qanuni vasitələrlə bir illik müvəqqəti yaşama və iş icazəsinin alınması işinin təşkil edilməsi və bu istiqamətdə sənədlərin hazırlanıb DMX-nə verilməsinin təmin edilməsi məqsədi ilə 15.11.2018-ci il tarixdə ayrı-ayrılıqda müqavilələr bağlanmışdır. Müqavilə öhdəliklərindən irəli gələrək ümumilikdə 3000 manat ödəniş edilmişdir. Lakin qarşılıqlı iddia üzrə cavabdehlər DMX-nə təqdim olunması üçün pasport və tələb olunan digər zəruri sənədlərin verilməsi onlar tərəfindən təmin edilməmiş, üzərlərinə götürdükləri öhdəlikləri tam və lazımınca yerinə yetirməmişlər. Hazırki iddia tələbində göstərdikləri ünvana 05.03.2019-cu il tarixli məktuba əsasən cavabdeh müqavilənin icrası ilə əlaqədar yaranmış problemin 10 gün müddətinə aradan qaldırılması, əks təqdirdə müqavilənin 6-cı bəndinə uyğun olaraq, müqavilənin ləvğ edilməsi, indiyə qədər ödənilmiş məbləğin cavabdehlərə aid edilməsi və dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Lakin qanunla müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdehlər heç bir hərəkət etməmişdir. Ona görə də hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə cavabdehlər bütün bu göstərilənlərə əməl etməyərək müqavilə üzrə üzərlərinə düşənləri yerinə yetirməmiş və bununla da “xxxx-Hüquqi və Maliyyə Şirkəti” MMC-yə maddi ziyan vurmuşdur. Ona görə də qarşılıqlı iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlərdən X2 nümayəndəsi və vəkili, İddiaçı2 Seyedmostafanın vəkili ilkin iddia ərizəsində göstərilənlərin izahatı olaraq qəbul edilməsini, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddialar rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: 15 noyabr 2018-ci il tarixli, 7/87-2018 saylı hüquqi xidmət üzrə müqavilədən görünür ki, “xxxx” MMC (icraçı) müqavilənin müddəti dövründə X1 (sifarişçi) Azərbaycan Respublikasında qanuni vasitələrlə 1 illik müvəqqəti yaşama və iş icazəsinin alınması işini təşkil etməyi və bu istiqamətdə sənədlərin hazırlanıb Dövlət Miqrasiya Xidmətinə verilməsini təmin etməyi, bunun üçün tələb olunan sənədləri Sifarişçidən almağı, qanunvericiliyin tələblərinə uyğun hazırlamağı və Dövlət Miqrasiya Xidmətinə təqdim etməyi, “Sifarişçi” də öz növbəsində bunun üçün tələb olunan sənədləri və bu məqsədlə müəyyən xərcləri, müvafiq dövlət rüsumlarını qarşılamaq üçün 1500 manat məbləği icraçıya təqdim etməyi öhdəsinə götürmüşdür. 15 noyabr 2018-ci il tarixli, 6/86-2018 saylı hüquqi xidmət üzrə müqavilədən görünür ki, xxxx (icraçı) müqavilənin müddəti dövründə İddiaçı2 Seyedmostafa oğlunun (sifarişçi) Azərbaycan Respublikasında qanuni vasitələrlə 1 illik müvəqqəti yaşama və iş icazəsinin alınması işini təşkil etməyi və bu istiqamətdə sənədlərin hazırlanıb Dövlət Miqrasiya Xidmətinə verilməsini təmin etməyi, bunun üçün tələb olunan sənədləri Sifarişçidən almağı, qanunvericilyin tələblərinə uyğun hazırlamağı və Dövlət Miqrasiya Xidmətinə təqdim etməyi, “Sifarişçi” də öz növbəsində bunun üçün tələb olunan sənədləri və bu məqsədlə müəyyən xərcləri, müvafiq dövlət rüsumlarını qarşılamaq üçün 1500 manat məbləği icraçıya təqdim etməyi öhdəsinə götürmüşdür. Eləcə də müqavilələrdən görünür ki, sifarişçi göstərilən xidmətlərin göstərilməsi üçün icraçıya 500 manat məbləğində, nağd şəkildə və işin əvvəlində qonorar ödəməyi öhdəsinə götürmüşdür. 15 noyabr 2018-ci il, 10 yanvar 2019-cu il və 16 yanvar 2018-ci il tarixli mədaxil qəbzlərinin surətlərindən görünür ki, 500 manat+1000 manat+1500 manat olmaqla İddiaçı2 və İddiaçı1 tərəfindən xxxxnin hesabına ödənişlər aparılmışdır. İşin mübahisəsiz hallarından göründüyü kimi, tərəflər arasında hüquqi xidmətlərin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanaraq, tərəflər üzərlərinə bu müqavilədən irəli gələn öhdəlikləri götürmüşlər. Hazırda hər iki iddia üzrə iddiaçı tərəflər müqavilə üzrə tələblərin yerinə yetirilmədiyini əsas gətirərək iddiaların təmin edilməsini xahiş edirlər. Məhkəmə ilk öncə qeyd edir ki, göründüyü kimi araşdırılan mülki iş ilkin və qarşılıqlı iddialardan ibarətdir. İlkin iddia üzrə iddiaçılar qeyd olunan hüquqi xidmət müqavilələrinin etibarsız hesab edilməsini, həmin müqavilə ilə bağlı ödənişlərin və əlavə xərclərin cavabdehdən alınıb onlara ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2-ci maddəyə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, ilkin iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən rədd olunmalıdır. Belə ki, iş üzrə toplanmış sübutlardan göründüyü kimi mübahisələndirilən müqavilələr xxxx ilə iddiaçılar arasında bağanmış, mübahisələndirilən pul məbləği xxxxnin hesabına köçürülmüşdür. Həmçinin təqdim edilmiş sənədlərdən görünür ki, xxxxnin iki təsisçisi olmaqla Cavabdeh şirkətin adından həmin müqavilələrin bağlanmasında iştirak etmişdir. Bu qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh araşdırılan mübahisə üzrə cavab verməli olan şəxs deyildir. Məhkəmə hesab edir ki, eyni əsaslar qarşılıqlı iddiaya aid olmaqla, iddia hüququ olmayan şəxs tərəfindən verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddialar rədd edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “müqavilənin ləğvi və s.” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1665/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1665/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver