Məhkəmə qərarları › İş №2(060)-174/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-174/2025

15.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-174/2025 15.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı1, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisi və Cavabdeh2 qarşı «mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinə dair verilmiş şəhadətnamənin ləğvi, miras əmlakda vərəsə paylarının müəyyən olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisi və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinə dair verilmiş şəhadətnamənin ləğvi, miras əmlakda vərəsə paylarının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən miras kütləsinə daxil olan və mərhum X2 miras qalan AR İN DƏDRX 2 saylı (Sumqayıt) ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** qeydiyyat nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllədə yerləşən 218 saylı evin və “Volqa” markalı, Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşının onlar tərəfdən qəbul edilməsi müddətinin uzadılması, onların vərəsəlik hüququnun tanınması, həmin mülkə dair cavabdeh Sumqayıt 1 saylı Regional Asan Xidmət Mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2V-120 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və həmin reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, “Volqa” markalı, Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşına dair Cavabdeh2 adına verilmiş şəhadətnaməsinin ləğvi, miras əmlakların qanun üzrə vərəsələr arasında bölünərək hər birinin payının 1/6 hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən AR İN DƏDRX 2 saylı (Sumqayıt) ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3 adına qeydə alınmış Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllədə yerləşən 218 saylı 0,08 ha torpaq sahəsinin iddiaçı-vərəsələr tərəfindən qəbul edilməsi müddətinin uzadılması, cavabdeh Sumqayıt 1 saylı Regional Asan Xidmət Mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2015-ci ildə verilmiş 2V-120 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və xx.xx.2015-ci il tarixli 3M- 173 nömrəli reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, «Volqa» markalı, Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşına dair Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinə dair şəhadətnamənin ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ataları X7 xx.xx.1994-cü ildə dünyasını dəyişmişdir. Ondan miras olaraq Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllədə yerləşən 218 saylı ev miras qalmış və adında “Volqa” markalı Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşın miras qalmışdır. Onlar mərhumun qanun üzrə birinci növbə vərəsələridirlər. Atalarının vəfatından təxminən 21 il sonra Cavabdeh2 digər cavabdeh Sumqayıt şəhər 1 saylı Regional Asan Xidmət Mərkəzinə müraciət edərək ondan miras qalan əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə istəmiş və onlar iddiaçıların da mərhumun birinci növbə qanun üzrə vərəsələr olduqlarını bildirməmişlər. Təqdim etdikləri 2 saylı forma arayışda miras qoyanın yaşadığı evdə daha bir oğlunun—İddiaçı1 da qeydiyyatda olması göstərilsə də notariat ofisi onu belə cəlb etməmiş və mərhumun yalnız iki nəfər vərəsəsini qanun üzrə birinci növbə vərəsə kimi tanımış və verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə adı qeyd olunan digər vərəsə - anaları X8 həmin şəhadətnamə verilən günü ona çatası miras əmlakdakı ½ payını Cavabdeh2 bağışlamışdır. Atalarından miras qalan ev üzərində onun mülkiyyət hüququ xx.xx.2024-cü ildə DƏDRX Sumqayıt 2 saylı Ərazi İdarəsində qeydə alınmış və onlar həmin sənədin surətini əldə etməklə miras qoyanın vərəsələri kimi onlara miras əmlakdan çatası payın müəyyən edilməsi barədə cavabdeh 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat ofisinə müraciət etmişlər. Lakin aldıqları cavabdan sonra onlara məlum olmuşdur ki, artıq Cavabdeh2 xx.xx.2015-ci il tarixdə ½ paya 2V-120 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamədə atasına məxsus avtomaşın göstərilməklə mərhum anasının payı ½ hissədə olmuş və anaları da xx.xx.2015-ci il tarixli, 3M-173 nömrəli reyestrlə qeydə alınmış miras payın bağışlanması müqaviləsinə əsasən həmin payını Cavabdeh2 bağışlamışdır. Göründüyü kimi notariat ofisi hətta miras qoyanın yaşadığı evdə faktiki yaşayan və qeydiyyatda olan şəxslərin belə vərəsəliyə cəlb edilmələrini təmin etməmiş, onların fikrini öyrənmədən bu şəhadətnaməni vermişdir. Onu da qeyd edirlər ki, atalarından miras qalan ev onların daima gedibgəldikləri, qaldıqları, yaşadıqları ata ocağıdır. Onların hər birinin bu evdə qanun üzrə vərəsələr kimi payları vardır və bu evə dair çıxarış 2024-cü ilin may ayında mərhum atalarının adına rəslmiləşdirilmiş, onlar da həmin miras əmlakdan paylarının müəyyən olunmasını istəyirlər. Lakin qanunsuz olaraq verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə və miras payın bağışlanması barədə şəhadətnamə onların bu hüquqlarının reallaşmasına əngəl yaradır. Halbu ki, o, miras qoyanın qanun üzrə birinci növbə vərəsələri – övladları olmaqla bu miras əmlakı faktiki olaraq qəbul etmişlər. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisi və Cavabdeh2 qarşı «mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinə dair verilmiş şəhadətnamənin ləğvi, miras əmlakda vərəsə paylarının müəyyən olunmasına» dair iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə yazılı izahat ünvanlayaraq göstərmişdir ki, o, 2009-cu ildə X11 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Birgə nikahlarından övladları olmadığına görə bacanağı X12 bir qız uşağını övladlığa götürmüşlər. xx.xx.2016-cı il təvəllüdlü Cəbrayılova Zeynəbin övladlığa götürülmə prosessi məhkəmə yolu ilə bütün qanuni prosedurlara uyğun həyata keçirilmişdir. Hazırda ona qarşı iddia qaldıran qardaş və bacısı olan iddiaçılar övladlığa uşaq götürdüyünə görə, onu vərəsəlikdən məhrum etmək istəyirlər. Sumqayıt “ASAN xidmət” Mərkəzinin notariat kontorunun xüsusi notariusu C.M.Qasımov 17 fevral 2015-ci ildə atası X3 həyat yoldaşı, anası X8 və oğlu kimi ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Anası 17 fevral 2015-ci il tarixli ərizəsi ilə həyat yoldaşından miras qalmış əmlakın ona düşən ½ mülkiyyət hüququndan imtina etmişdir. Eyni tarixdə o, miras payın bağışlanma müqaviləsinə əsasən ona düşən miras payını ona bağışlamışdır. Təbii ki, bütün bunları indi iddiaçı olan qardaş və bacıları bilmişdir. Onlar həmin vaxt nə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, nə də miras payın bağışlanma müqaviləsinə etiraz etmişlər. Atasından miras qalan və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona çatan M-21 volqa markalı, 36305AQ dövlət nömrə nişanlı, rəngi ağ, 1966-cı il buraxılışlı avtomobil 2015-ci ildən etibarən onun tərəfindən idarə edilir və bunu indi iddiaçı olan qardaş və bacıları da hər gün görmüş və bilmişdir. Bu isə onu təsdiq edir ki, iddiaçılar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməklə bağlı iddia müddətini ötürmüşlər. Lakin anası vəfat etdikdən sonra o, qeydiyyatda olduğu və yaşadığı ata mülkünü adına sənədləşdirmiş, sığortalamaq istəmişdir. Qardaşı, hazırda iddiaçı olan İddiaçı1 təklif etmişdir ki, “gəl yaşadığımız torpağı iki yerə bölək, sonra da hər kəs özünə düşən hissəni sənədləşdirsin”. Ancaq o, buna etiraz etmiş və digər qardaş və bacılarını da onun üstünə qaldıraraq “gəlin, siz də ata mülkündən payınızı götürün, sonra mənə verin, Aydına topraq payı düşməsin” bildirmişdir. Bildirir ki, ona qarşı iddiaçı olan qardaş və bacılarının hər birinin fərdi evi vardır. Atası böyük qardaşı İsrafilə 1970-ci ildə, digər qardaşı Namiqə isə 1979-cu ildə ev almışdır. 1989-cu ildə isə digər iddiaçı olan Natiqə həyətlərində ayrıca ev tikdirmişdir. İddiaçı olan bacıları isə ailə quraraq, uzun illərdir ki, ata evini tərk etmişlər və ailə üzvləri ilə birlikdə yaşayırlar. Adları çəkilən şəxslərin hazırda hər biri öz evində yaşayır. Bir daha təkrar edir ki, ona qarşı bu iddianı irəli sürməkdə məqsəd, övladlığa uşaq götürdüyünə görə, onu belə desələr, öz aləmlərində cəzalandırmaq, qeydiyyatda olduğu və yaşadığı ata mülkündən, qanunla düşən miras paydan məhrum etmək niyyəti güdülür. Onlar övladlığa uşaq götürəndə Sumqayıt Şəhər İcra Hakimiyyətindən yaşadığı evin şəraitinə baxış keçirilmiş və müsbət rəy verilmişdir. O, dövləti üçün vətəndaş böyüdür. Bütün qeyd etdiklərinə əsasən iddiaya etiraz edir və bildirir ki, bu iddianın heç bir hüquqi əsası yoxdur. İddianın qanunsuz və əsassız olmasına dair digər çoxsaylı dəlillər iddiaya etirazda ətraflı qeyd edilmiş və o, həmin dəlillərlə tamamilə razı olduğunu bir daha bildirir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, mehribançılıq ilə yaşadıqları üçün sənədləri əldə etməyə ehtiyac qalmamışdır. Ona görə də cavabdehin payının verilməsini və ayrılmasını xahiş edir. Notariusa müraciət etdikdən sonra xəbəri olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, miras qoyan, yəni X7 1994-cü il tarixdə dünyasını dəyişmişdir. İddia tələbində adları qeyd olunan bütün şəxslər miras qoyanın qanun üzrə vərəsələridirlər. İddiaçı1 sözügedən ünvanda qeydiyyata olmaqla yaşayır. Digər iddiaçılar da birinci dərəcədən vərəsədirlər. Miras qoyan dünyasını dəyişəndən sonra onun vərəsələri miras-əmlakdan istifadə etmiş və ora getmiş-gəlmişlər. Hazırlıq iclasında da müəyyən olunmuşdur ki, 2 ev yox, 3 ev olmuşdur. Sayğac üzrə kommunal ödənişlər də iddiaçılar tərəfindən ödənilir. Ata mülkü olduğu üçün evdən hamı istifadə edir. Maşına dair 2015-ci il tarixində notariat kontorunda rəsmiləşdirilərkən vərəsələr ən azından dəvət olunmalı, İddiaçı1 də notariusa dəvət olunmalı idi. Digər vərəsələrin də razılıq ərizəsi alınmalı idi. Lakin iddiaçıların heç biri notariat kontoruna dəvət olunmamışdır. Onların miras-əmlakı ilə bağlı hər hansı ərizəsi də alınmamışdır. Konstutsiya Məhkəməsinin qərarında da qeyd olunmuşdur ki, əgər vərəsə mirasdan imtina etməyibsə, vərəsənin əmlakdan imtina barədə ərizəsi yoxdursa, o əmlakı qəbul etmiş hesab olunur. Əvvəl qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsində qeyd olunmuşdur ki, miras faktiki qəbul etməklə və yaxud notariat kontoruna müraciət etməklə qəbul olunur. Natiq müəllim də faktiki olaraq orada yaşadığı üçün hesab etmişdir ki, mirası faktiki olaraq qəbul etmişdir. Şəxsin mülkiyyətində bir neçə ev və əmlak ola bilər. O da həmin əmlaklardan hər hansısa birində qeydiyyata ola bilər. O demək deyildir ki, mirası qəbul etməmişdir. Kommunal xidmətlərdən verilən arayışdan da görünür ki, həmin ərazidə üç tikili vardır. Video-diskdən də görünür ki, həmin həyətdə üç ev vardır. Qonşuların iştirakı ilə tərtib olunmuş aktdan da görünür ki, miras qoyanın bütün övladları həmin evdən istifadə edir. Bu günki gündə də onun istifadəsindədir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, 2015-ci ildə iddiaçının özü onu başa salmışdır. Torpaq sahəsinin yarı şəkildə bölünməsinə razıdır. Avtomobil isə onundur. 2015-ci il tarixdən o sürür. Avtomobil onun atasından qalmış, digər bacı və qardaşların da halallığını almışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, İddiaçı1 və İddiaçı4 adına daşınmaz əmlak vardır. Bu onu təsdiq edir ki, həmin şəxslər uzun müddətdir ki, həmin əmlakda yaşayırlar. Onların mübahisəli evə heç bir aidiyyatları yoxdur. Mübahisəli evdən ümummiyətlə istifadə etmirlər. Öz ailələri ilə birlikdə həmin ünvanda yaşayırlar. Mübahisəli əmlakda onların pasport qeydiyyatı da mövcud deyildir. Bununla bağlı müvafiq arayışı alıb məhkəməyə təqdim etmişlər. İddiaçı tərəf israrla iddia edir ki, həmin ünvanda 3 ev vardır. Lakin sənədlərdən də görünür ki, 2 ev vardır. Evlərlə bağlı sənəd yoxdur. Sadəcə torpaq sahəsinə aid çıxarış vardır. Cəbrayılov Cəbrayıl 1994-cü il tarixdə vəfat etmişdir. Onun mülkiyyətində nəqliyyat vasitəsi və torpaq sahəsi olmuşdur. Torpaq sahəsi onun sağlığında qeydə alınmadığı üçün vərəsəlik şəhadətnaməsi verilməmişdir. 2015-ci il tarixdə sadəcə nəqliyyat vasitəsinə şəhadətnamə verilmişdir. Cavabdeh2 və anasının adına verilmiş, anası da ona düşən payı Aydına bağışlamışdır. 2017-ci il tarixdə torpaq sahəsinə çıxarış alınmışdır. İddiaçıların anası Cəbrayılova Qızılgül öz payını öz qızına bağışlamışdır. Natiq isə 2019-cu il tarixdə bu məsələlərdən xəbərdar olmuşdur. İddiaçı isə iddia edir ki, onlar 2024-cü il tarixdə bundan xəbər tutmuşlar. Sonradan çıxarış ləğv olunmuş və 2024-cü il tarixdə yeni çıxarış alınmışdır. Ümumi mövqeləri ondan ibarətdir ki, iddiaçılar mirası qəbul etmək müddətini ötürmüşlər. Hesab edir ki, Konstutsiya Məhkəməsinin qərarı bu iddiaya tətbiq oluna bilməz. Çünki, orada da qeyd olunur ki, bu qərardan sonra yaranan mübahisələrə və məhkəmədə olan münasibətlərə tətbiq olunur. 2015-ci il tarixdə də vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin dövrdə plenum qərarı olmamış, vərəsələr də vaxtında məhkəməyə müraciət etməli idilər. İddiaçı1 həmin mənzildə qeydiyyata olsa da müddət ötürülmüşdür. Digər vərəsələr də mirası nə qanuni əsasla, nə də faktiki olaraq qəbul etməmişlər. Ona görə də iddiaçıların iddia tələbləri əsassızdır. İddia ərizəsində daşınmaz əmlak kimi evdən söhbət gedir. Lakin evin hər hansı bir sənədi mövcud deyildir. Miras əmlak torpaq sahəsinə aiddir. Evlə bağlı hər hansı bir tələb irəli sürülə bilməz. Ona görə də iddia tələblərinin rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçı tərəfin də elə bir sübutu olmamışdır ki, nəqliyyat vasitəsinə şəhadətnamə verilməsindən xəbərsiz olmuşlar. Hər kəs bilir ki, nəqliyyat vasitəsinin sahibi öldükdə sahib olmadan nəqliyyat vasitəsini idarəetmək mümkün deyildir. Həmin dövrdən də nəqliyyat vasitəsi cavabdehin mülkiyyətindədir. İddiaçı1 də bilir ki, avtomobili cavabdeh idarə edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 15 dekabr 2024-cü il tarixli, 3094 nömrəli sorğuya cavabdan görünür ki, məhkəmə baxış iclasının onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Digər iddiaçılar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı3 ünvanlanmış 07 iyul 2024-cü il tarixli, 1643 nömrəli ərizəyə cavabdan görünür ki, xx.xx.1994-cü ildə vəfat etmiş ataları – X2 miras qalmış əmlaka dair xx.xx.2015-ci il tarixində 1 saylı Sumqayıt Regional ASAN XİDMƏT” mərkəzində notariat ofisində vərəsəlik işi açılmış və vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik işi açıldıqları zaman qanunla müəyyən olunan vaxtda müraciət etməklərinə və digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqlarına görə onlara miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, 218 ünvanında yerləşən torpaq sahəsi X3 adına xüsusi mülkiyyət hüququ əsasında tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 8 ünvanlanmış 06 iyul 2024-cü il tarixli, məktuba cavabdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, 218 ünvanında yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1959-cu il tarixli, 12 nömrəli protokolunun arxiv çıxarışı əsasında X3 adına qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 12 dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2018-ci il tarixli 2V-18 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməsi əsasında sözügedən torpaq sahəsi X4 adına qeydiyyata alınaraq, xx.xx.2018-ci il tarixli, **********5 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 12 dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2018-ci il tarixli, 4Ə-76 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən torpaq sahəsi X9 adına qeydiyyata alınaraq, xx.xx.2019cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İcra oluması üçün idarəyə daxil olmuş, qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-1718/2019 nömrəli qətnaməsinə əsasən X4 və xx.xx.2024cü il tarixli, 2(060)-349/2024 nömrəli qətnaməsinə əsasən X1 torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqları ləğv edilmişdir. X3 torpaq sahəsi üzərində hüquqları bərpa olunaraq xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsi üzərində torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarına əlavə edilmiş 17 fevral 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, o, Sumqayıt ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu C.M.Qasımov Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, 09 dekabr 1994-cü il tarixdə vəfat etmiş, X3 vərəsələri X8 və Cavabdeh2 miras əmlakdan bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilə miras-əmlak Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixli, 10 nömrəli nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqıda arayışına əsasən M-21, markalı 36305 AQ qeydiyyat nişanlı, mühərrik N-si N/Z, şassi 399147, rəngi ağ, 1966-cı il buraxılışlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş 17 fevral 2015-ci il tarixli miras payın bağışlanma müqaviləsinin surətindən görünür ki, o, X8 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1292-ci maddəsinə əsasən Sumqayıt şəhər ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu Qasımov C.M tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2V-120 nömrəli reyestrdə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payını X6 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 722577 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 Bakı şəhərində hemorragik şok səbəbindən 09 dekabr 1994-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1995-ci ilin 02-ci ayının 07-ci günündə 158 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-349/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Sumqayıt şəhəri 6 saylı dövlət notariat ofisində təsdiq edilmiş 25 dekabr 2018-ci il tarixli, 4Ə-76 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, X9 adına Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23 məhəllə, 7-ci keçid, 218 ünvanında yerləşən torpaq sahəsinə dair (1/2 hissəsinə) xx.xx.2019-cu il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1718/2019 saylı, 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt Şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid, 218 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ünvan 12 Dövlət Notariat Kontorunda təsdiq edilmiş 2v/-18 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X4 adına Sumqayıt Şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid, 218 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 06 sentyabr 2024-cü il tarixli qonşuların iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, qonşuları olmuş mərhum X7 məxsus Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-keçir, 1/218 saylı fərdi yaşayış evi həyətində üç yaşayış evi vardır. Onlardan birində mərhumun oğlu İddiaçı1 ailəsi ilə birlikdə yaşayır. Digərində mərhumun oğlu Cavabdeh2 ailəsi ilə yaşayır. Digər əsas mülk olan evdə mərhumun arvadı X8, X10 mərhumun oğlu yaşamışlar. Hal-hazırda oradan mərhumun övladları İddiaçı3, İddiaçı5, X14, İddiaçı2 Cəbrayı oğlu, İddiaçı4 Cəbrayı oğlu iştirak edirlər və müntəzəm olaraq həmin evə gəlib-gedirlər. İş materiallarına əlavə edilmiş Mənzil Təsərrüfatı İstehsalat Birliyinin 391 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid, 1/218 ünvanda yerləşən həyətyanı sahədə iki tikili ev vardır. Əvvəl tikilən əsas evin bir hissəsində yəni iki otağında Cavabdeh2 öz ailə üzvləri ilə daimi yaşayır. Sonradan tikilən evdə isə, İddiaçı1 öz ailə üzvləri ilə birlikdə yaşayır (daimi). Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli, 10 nömrəli nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışına əsasən M-21 markalı, 36305 AQ qeydiyyat nişanlı, mühərrik N-si N/Z, şassi 399147, rəngi ağ, 1966-cı il buraxılışlı nəqliyyat vasitəsi iddiaçıların mərhum ataları X5 məxsus olmuşdur. Cavabdeh X8 17 fevral 2015-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı Sumqayıt “ASAN Xidmət” Mərkəzinin notariat kontoruna müraciət etmiş, ərizədə özündən başqa sadəcə Cavabdeh2 vərəsə olduğunu qeyd etmiş, həmin tarixdə mübahisəli avtomobilə dair qanun üzrə vərəsəlik şəhadətnaməsini almışdır. Bundan sonra X8 oğlu Aydına mübahisəli nəqliyyat vasitəsininin ona aid olan hissəsini 17 fevral 2015-ci il tarixdə bağışlamışdır. Hazırda iddiaçılar iddia ilə müraciət edərək, AR İN DƏDRX 2 saylı (Sumqayıt) ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3 adına qeydə alınmış Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllədə yerləşən 218 saylı 0,08 ha torpaq sahəsinin iddiaçı-vərəsələr tərəfindən qəbul edilməsi müddətinin uzadılması, cavabdeh Sumqayıt 1 saylı Regional Asan Xidmət Mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2015-ci ildə verilmiş 2V-120 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və xx.xx.2015-ci il tarixli 3M-173 nömrəli reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, «Volqa» markalı, Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşına dair Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinə dair şəhadətnamənin ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə bütün araşdırmalara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunması zəruri hallardan ən başlıcası odur ki, cavabdehin etiraz etdiyi hallardan biri odur ki, “hər kəs bilir ki, nəqliyyat vasitəsinin sahibi öldükdə sahib olmadan nəqliyyat vasitəsini idarəetmək mümkün deyildir. Həmin dövrdən də nəqliyyat vasitəsi cavabdehin mülkiyyətindədir. İddiaçı1 də bilir ki, avtomobili cavabdeh idarə edir”, qeyd olunan xüsusat əsaslı deyil. Bu hal onu deməyə əsas vermir ki, digər vərəsələrin qanunla qorunan hüquqları, yəni pay hüquqları pozulmalıdır.Miras əmlakın fakitiki qəbulu digər vərəsələri onlara çatası paydan məhrum etmir.Bundan əlavə torpaq sahəsi ilə bağlı digər vərəsələrin məhkəmə mübahisəsi olduğu və qeyd olunan ünvanda qeydiyyatda olmaqla yaşamaları məhkəmə tərəindən üzürlü hal hesab edilməklə, onun qəbulu üçün ötürülmüş müddət bərpa edilməlidir. Məhkəmə cavabdehin etirazının dəlillərində iddia müddətini ötürməklə bağlı verdiyi mülhaizəni qanunvericiliyin tələbi baxımından əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda həmçinin qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Məhkəmə hesab edir ki, miras əmlak vərəsələr tərəfindən faktiki qəbul edildiyindən, iş materiallarında olan sənədlər əsasında mirasın əmlaklarla bağlı məhkəmə mübahisələri davam etdiyi üçün mirasın qəbulu üçün ötürülmüş müddət üzürlü hal hesab edilməklə bərpa edilməlidir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, X2 miras qalmış Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, 218 ünvanında yerləşən torpaq sahəsi üzərində miras əmlakın iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilməlidir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən, mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 notariat orqanına müraciət edərkən vərəsələrin dairəsini nəzərdə tutan ərizəsini qanunla nəzərdə tutulan formada, yəni digər vərəsələrin olması barədə məlumatı verməmiş, nəticədə notarius da həmin vərəsələrin çağrılması üçün zəruri hərəkətlər etməyərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir ki, bununla da iddiaçıların həmin əmlakdan pay almaq hüququ pozulmuşdur. Məhkəmə hesab edir ki, X2 miras qalmış, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, 218 ünvanında yerləşən torpaq sahəsinə dair miras əmlakı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilməli, X3 mülkiyyətində olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli, 10 nömrəli nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışına əsasən M-21 markalı, 36305 AQ qeydiyyat nişanlı, mühərrik N-si N/Z, şassi 399147, rəngi ağ, 1966-cı il buraxılışlı nəqliyyat vasitəsinə dair X4 və Cavabdeh2 adına verilmiş 17 fevral 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş iddia tələbi qismən təmin edilsin. X2 miras qalmış, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, 218 ünvanında yerləşən torpaq sahəsinə dair miras əmlakı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli, 10 nömrəli nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışına əsasən M-21 markalı, 36305 AQ qeydiyyat nişanlı, mühərrik N-si N/Z, şassi 399147, rəngi ağ, 1966-cı il buraxılışlı nəqliyyat vasitəsinə dair X4 və Cavabdeh2 adına verilmiş 17 fevral 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar