Məhkəmə qərarları › İş №2(060)-1748/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1748/2025

29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1748/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 2000 (iki min) manat məbləğində əsas borcun, dövlət rüsumu kimi ödədiyi 40 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh onun tanışıdır, o, 2021-ci ilin iyun ayında Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində “Bazarstore” Ticarət Mərkəzi qarşısında ondan dəyəri 1100 manat olan 1 ədəd qızıl bilərziyi almış, ona bildirmişdir ki, o, bir layihə üzərində işləyir, həmin layihə əsasında o, yaxşı pul qazanacaqdır. Həmin bilərziyin pulunu ona qaytaracaqdır. Bundan başqa o, ondan 500 manat və daha sonra isə 400 manat pul almış həmin pulları da ona qaytarmamışdır. Ümumillikdə onun ona 2000 (iki min) manat məbləğində borcu yaranmışdır. O, həmin pulları ondan dəfələrlə tələb etmiş, lakin cavabdeh pulu ona qaytarmamışdır. O, bundan sonra onun hərəkətləri barədə polisə şikayət etmiş, araşdırma aparılmış, cavabdeh polisdə izahat verərək həmin borcun olduğunu da etiraf etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, qızılın şəkillərini atmışdır. Vatsap sosial şəbəkəsində danışıqları da vardır ki, 1100 manatdan söhbət gedir. Ona sual verilir ki, pulu qaytarmaq fikrindədirmi? O isə deyir ki, hər üç nəfərə hər ay 50 manat kartlarına göndərəcəkdir. O da göndərməmişdir. 500 manat bir dəfə pul vəsaiti vermişdir. Qızılları istəmişdir ki, banka qoysun. Orada 1000 manatı olmuş və qızıllar vasitəsi ilə krediti təzələmək istəmiş, o məqsədlə götürmüş, daha sonra isə borcu qaytarmamışdır. Qızılı şahidin yanında Karvan ticarət mərkəzinin yanında vermişdir. Anası İradənin kartına pul atmışdılar. Taksi sürücüsü olan Səid dostunun kartına 200 manat olmaqla 2 dəfə pul göndərmişdir. Öz adında kartı olmamışdır. Qızılın ümumi dəyəri 1100 manat miqdarında olmuşdur. Ondan öncə yoldaşı infarkt olduğu üçün qızılları satmışdır. Qızılları da aldıqdan sonra cavabdeh pulu vermişdir. Üçüncü dəfə qızılları götürdükdə problem yaşamışdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 11 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, polis orqanında izahatı məcbur olub elə ifadə verdiyini, pul məbləğlərinin qaytarılmasına dair qəbzlərinin olduğunu, növbəti iclasda həmin qəbzləri məhkəməyə təqdim edəcəyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını, şahidin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, Aytən xanımı çoxdan tanıyır. Aytən xanım müəllimə işləmiş, uşaqları isə iştirak etmişdir. Cavabdehin sıxıntıları olmuş, daha sonra onlardan pul istəməyə başlamışdır. Onun özünün də sıxıntıları olmuşdur. Polisə şikayət etmiş, daha sonra həmin orqanda işinə xitam verilmişdir. Bir qız var, ona isə 11000 manat pul verməlidir. Üzləşmədə hər şeyi etiraf etmişdir. O demişdir ki, başqa bir qıza pulları vermişdir ki, üzərinə faiz gəlsin. O isə atıb-getmişdir. Daha sonra isə hamilə olduğu üçün polis demişdir ki, üzərinə getməsinlər. İddiaçı də həmin vaxtdan tanıyır. İddiaçı cavabdehə qızıl vermişdir. Pulu onun yanında verməmiş, lakin qızılı onun yanında vermişdir. Qızılların dəyəri onun yadında deyildir. Ya sep, ya da bilərzik olmuşdur. Lakin tam yadında deyildir. Hətta vərəq belə olmuşdur. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X1 qərarından görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin tərkibi olmadığından cinayət işinin icraatına xitam verilməsi, İddiaçı, X5 və X2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi, İddiaçı, X5 və X3 Cavabdeh borc tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt Şəhər prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. - Həmin qərardan görünür ki, istintaq zamanı şahid Cavabdeh cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı ilə üzləşdirilmişdir. Üzləşmə zamanı İddiaçı bir daha ifadəsində qeyd etdiklərini təsdiq edərək, Cavabdeh ondan modellik layihəsi quracağı vədi ilə ümumillikdə 2000 manat pul aldığını, lakin, vədinə əmək etməyərək, həmin pulu ələ keçirdiyini bildirmişdir. - Həmin qərardan görünür ki, üzləşmə zamanı təqsirləndirilən şəxs Cavabdeh isə ifadəsində qeyd etdiyi kimi bir daha bildirmişdir ki, İddiaçı borc alaraq 500 manat almış, sonradan isə onun satmaq istədiyi qızıl-qolbağı nisyə almış və pulunu hissə-hissə ödəyəcəyini demiş, lakin, sonradan maddi vəziyyəti yaxşı olmadığından ödəyə bilmədiyini qeyd etmişdir. - xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh istintaq orqanında 500 manat və 1100 manat dəyərində qızıl-qolbağı almış, pulu və qızıl qolbağının dəyərini hissə-hissə ödəyəcəyini etiraf etmişdir.Məhkəmə iclasında oxşar məzmunlu izahat verməsinə baxmayaraq, iddia tələbinin təqzibi ilə bağlı məhkəməyə sübut təqdim etməmiş, yəni məhkəmə iclasında götürdüyü pul məbləğini qaytarılmasına dair qəbzləri məhkəməyə təqdim edəcəyini bildirsədə, həmin qəbzləri məhkəməyə təqdim etməmişdir.Tərəflər arasında olan vatsap yazışmadan müəyyən edilir ki, 500 manat iş materiallarında olan qəbzlə, 1100 manat qızılın dəyərində olan qızıl qolbağla bağlı tərəflər razılaşmışlar.Bundan əlavə iddiaçı 400 manatın isə cavabdehin tanışının kartına ödəniş etməsi barədə tələbi olsada, həmin hissədə iddia tələbi öz təsdiqini tapmamış, tələbinin əsasını təsdiq edən sübut və dəlilləri məhkəməyə təqdim etməmişdir. MPM 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarını nəzərdən keçirən məhkəmə iddia tələbinin qismən əsaslı yəni 1600 manat hissəsində əsaslı olması qənaətinə gəlməklə,qalan hissədə iddia tələbi sübut olmadığından iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X6 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 6 iyun 2014-cü il tarixli qərarında qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli Qərar). Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdirlər. Belə ki, cavabdehin varlanmasına, yəni iddiaçının 1600 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, məhkəmə iddianı bu hissədə əsaslı sayır və belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs-cavabdeh əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarına əsasən Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin mənasına görə, məhkəmələr qanunla nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, əsas və qarşılıqlı iddianın predmetinə aid olmayan halları və faktları araşdıra və qətnamədə bunlara hüquqi qiymət verə bilməzlər. Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən normalarını ümumiləşdirərək bir daha qeyd etmək lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 36 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1600 manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 36 manat dövlət rüsumu məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar