Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1785/2021 13.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1, Onun vəkili X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yelo Bank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçıASC-nin xeyrinə 16 sentyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 3163.44 ABŞ dolları əsas, 7096.48 ABŞ dolları faiz, 1263.33 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 16.11.2018-ci il tarixdən 20.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 367.3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11890.55 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, 10.7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri yaşayiş binasının açıq hərracdan satılması və borcun ünvan 2 ünvanında yerləşən, 10.7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən, 10.7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 ünvan 2 ünvanında yerləşən, 10.7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış binasının boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək onunla əsaslandırdı ki, 2014-ci il 16 sentyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Sumqayıt” filialından illik 24%-lə 36 ay müddətinə 12750 ABŞ dolları məbləğində kredit götürmüşdür. 30.06.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 16.11.2018 tarixədək təyin edilmişdir. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən, 10.7 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binası 2014-ci il 16 sentyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh2 ilə 2014-ci il 16 sentyabr tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-ci il 16 sentyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il noyabrın 20-dək Cavabdeh1 2014-ci il 16 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 3163.44 ABŞ dolları əsas, 7096.48 ABŞ dolları faiz, 1263.33 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 11523.25 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 20 noyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 16 sentyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 3163.44 ABŞ dolları əsas, 7096.48 ABŞ dolları faiz, 1263.33 dolları cərimə və kredit müqaviləsi üzrə 16.11.2018-ci il tarixdən 20.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 367.3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11890.55 ABŞ dolları borcu vardır. 16 sentyabr 2014-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddia ərizəsində qeyd olunan qədər borcu olmadığını, məbləğin süni şəkildə artırıldığını və iddiaçı tərəfindən qərəzli hərəkətlər nəticəsində onun kredit borcunun ölkə başçısının 28.02.2021-ci il tarixli Fərmanının təsir dairəsinə düşmədiyini bildirdi. Həmçinin başqa banklara və kredit təşkilatlarına da borcunun olmadığını bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin vəkili məhkəmə iclasında iddia tələbini əsassız hesab edərək göstərdi ki, Cavabdeh1 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Lakin iddiaçı bankın əməkdaşlarının qərəzli hərəkətləri nəticəsində qeyd olunan Fərmanın tələbləri bank tərəfindən nəzərə alınmamışdır. Belə ki, keçirilmiş ekspertizanın rəyinə əsasən cavabdehin 28 fevral 2019-cu il tarixə əsas borcu 2030,01 ABŞ dolları təşkil etmişdir. Bundan sonra cavabdeh tərəfindən müəyyən ödənişlər edildiyindən ekspert rəyinə əsasən onun əsas borcu 353,31 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan da göründüyü kimi cavabdeh tərəfindən edilmiş ödənişlər gecikmələrlə olmuş və onun Fərmanının qəbul edildiyi tarixə gecikmiş borcu olmuşdur. Bundan başqa cavabdehin heç bir başqa banka borcu da olmamışdır. Qeyd edilənlərə əsasən iş üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, 2014-ci il 16 sentyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Sumqayıt” filialından illik 24%-lə 36 ay müddətinə 12750 ABŞ dolları məbləğində kredit götürmüşdür. 30.06.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 16.11.2018 tarixədək təyin edilmişdir. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi ünvan 1 ünvanında yerləşən, 10.7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası 2014-ci il 16 sentyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, eyni zamanda, iddiaçı ilə digər Cavabdeh2 arasında 2014-ci il 16 sentyabr tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, 10.7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 10.7 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binası "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilmişditr. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi üçün xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş 20.11.2020-ci il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 2020-ci il noyabrın 20-dək 2014-ci il 16 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 3163.44 ABŞ dolları əsas, 7096.48 ABŞ dolları faiz, 1263.33 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 11523.25 ABŞ dolları kredit borcu vardır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 15.04.2021-il tarixli, 01/21-181 saylı rəydən görünür ki, ünvan 2 ünvanında yerləşən, 10.7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının bazar dəyəri 60000 manat, likvid qiyməti isə 51000 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13.10.2021-ci il tarixli, 9/7166 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 16 sentyabr 2014-cü il tarixli, 4-M-1-0- 1045-14 saylı kredit müqaviləsinin, eləcə də həmin müqavilənin əsasında imzalanmış 30.06.2015-ci il tarixli əlavənin qeyd olunan şərtlərini nəzərə alaraq cavabdeh X3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir: 16.11.2018-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan borcu üzrə: əsas borc üzrə - 2380,01 ABŞ dolları, faiz borcu üzrə - 4325,08 ABŞ dollarıdır. 28.02.2019-cu il tarixə (sualda soruşulan tarixə) olan borcu üzrə: əsas borc üzrə - 2030,01 ABŞ dolları, faiz borcu üzrə - 4356,72 ABŞ dolları. 27.05.2021-ci il tarixə (sonuncu ödənişin aparıldığı tarixə) olan borcu üzrə: əsas borc üzrə - 353,31 ABŞ dolları, faiz borcu üzrə - 4492,41 ABŞ dollarıdır. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 16 sentyabr 2014-cü il tarixli, 4-M-1-0-1045-14 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabından çıxarış) olmadığı üçün Nargilə Varəqə qızına cərimə borcu hesablanmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin 3163.44 ABŞ dolları əsas, 7096.48 ABŞ dolları faiz, 1263.33 dolları cərimə borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 367.3 ABŞ dolları məbləğində dəbbə pulunun Cavabdeh1 iddiaçının xeyrinə tutulması əsaslı deyil. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndi. Fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin. Həmin Fərmanın 5.1. bəndi. Bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Fərmanın 5.2. bəndi. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Fərmanın 6.1. bəndi. Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 6.2. bəndi. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın 6.3. bəndi. Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması (qərarın 19-cu bəndi), bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən (qərarın 22-ci bəndi) banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Qərarın 16-17-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının hazırkı hala tətbiqi müzakirə olunmalıdır. Ona görə ki, Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmüş və icra etmişdir. İşdən göründüyü kimi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının qəbul edildiyi tarixə cavabdehin əsas borcu 2030,01 ABŞ dolları təşkil etmişdir. Bundan sonra cavabdeh tərəfindən ödənişlər edildiyindən ekspert rəyinə əsasən onun əsas borcu hazırda 353,31 ABŞ dolları təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının yuxarıda qeyd edilən bəndləri nəzərə alınaraq, cavabdehlərdən yalnız 353,31 ABŞ dolları əsas borc tutulmalıdır. İş materiallarından görünür ki, iş üzrə məhkəmə xərcləri cəmi 350 manat (30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 10 manat xidmət haqqı və aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 290 manat (145 +145)) təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinin 10.5 manat hissəsi cavabdehə, 339.5 manat hissəsi isə iddiaçıya aid edilməlidir. (tələb 11890.55 ABŞ dolları x 1.70=20213.90 manat; təmin hissə 353.31 ABŞ dolları x 1.70=600.60 manat; 600.60 : 20213.90 % =3%; məhkəmə xərci olan 350 manatın 3%-i =10.5 manat) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları və ekspert rəyini qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 353.31 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) əsas borc və məhkəmə xərcinə görə 10.5 manat pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma kreditin təminatı kimi Cavabdeh1 məxsus olan ünvan 3 ünvanında yerləşən, 10.7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməli, binanın likvid qiyməti 51.000 manat müəyyən edilməli, həmin qeyriyaşayış binası açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 353.31 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) əsas borc və məhkəmə xərcinə görə 10.5 manat pul İddiaçı ASC-yə ödənilməli, ipoteka predmetinin satışından götürülən məbləğin ipoteka saxlayanın tələblərindən artıq hissəsi Cavabdeh1 qaytarılmalı, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ünvan 2 ünvanında yerləşən, 10.7 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binası boşaldılmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 290 (145+145) manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 353.31 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) əsas borc və məhkəmə xərcinə görə 10.5 manat pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma kreditin təminatı kimi Cavabdeh1 məxsus olan ünvan 4 ünvanında yerləşən, 10.7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilsin, binanın likvid qiyməti 51.000 manat müəyyən edilsin, həmin qeyri-yaşayış binası açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 353.31 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) əsas borc və məhkəmə xərcinə görə 10.5 manat pul İddiaçı ASC-yə ödənilsin. İpoteka predmetinin satışından götürülən məbləğin ipoteka saxlayanın tələblərindən artıq hissəsi Cavabdeh1 qaytarılsın. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ünvan 2 ünvanında yerləşən, 10.7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası boşaldılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 290 (145+145) manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-1785/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1785/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver