Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1786/2024 05.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.2024-cü ildə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum övladı - X5 xx.xx.2024-cü ildə saat 17:00 radələrində Sumqayıt şəhərində yaşadığı evdə rəhmətə getmişdir. Mərhum son dövrlər ürəyindən şikayət edirdi. Mərhum bir neçə dəfə müalicə almış, mütəmadi dərman qəbul etmişdir. Mərhum xx.xx.2024-cü ildə işdə özünü pis hiss etmiş və icazə alaraq evə gəlmişdir. Həmin vaxt 10 yaşlı kiçik qızı evdə tək olmuşdur. Mərhum evin qapısını döymüş, uşaq qapını açandan sonra uşağın ayaqları altına yıxılmışdır. Uşaq qonşuları və xalasıgili köməyə çağırmışdır. Sonra təcili yardıma müraciət etmişdirlər. Lakin, təcili yardım gələnə kimi oğlu keçinmişdir. Mərhumu xx.xx.2024-cü ildə Corat kənd qəbirstanlığında dəfn etmişlər. Lakin, bu günə kimi oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilməmişlər. Müvafiq dövlət qurumuna müraciət etsə də, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmədə şahid X3 ifadə verərək bildirdi ki, o, ərizəçinin gəlini, mərhumun həyat yoldaşıdır. xx.xx.2024-cü ildə saat 17:00-da ona zəng edilmiş, mərhumun özünü yaxşı hiss etmədiyini demişlər. Həmin vaxt qaynanasına xəbər verərək, tez evə getmişdir. Mərhum evin qapısını döymüş, uşaq qapını açandan sonra uşağın ayaqları altına yıxılmışdır. Uşaq qonşuları və xalasıgili köməyə çağırmışdır. Təcili yardım evə çatanda mərhum artıq keçinmişdir. Mərhum ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkmişdir. Mərhumu Sumqayıt şəhərində Corat qəbirstanlığında dəfn etmişlər. Mərhumun vəfatı ilə əlaqədar 3-7 mərasimində iştirak etmişdir. Məhkəmədə şahid X1 ifadə verərək bildirdi ki, o, mərhumun baldızıdır. xx.xx.2024-cü ildə saat 17:00-da bacısı - X3 ona zəng edərək mərhumun vəfat etdiyini xəbər vermişdir. Təcili yardım evə çatanda mərhum artıq keçinmişdir. Mərhumu Sumqayıt şəhərində Corat qəbirstanlığında dəfn etmişlər. Mərhumun vəfatı ilə əlaqədar mərasimlərində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ərizəçiyə X2 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinin təcili tibbi yardım stansiyasının verdiyi xx.xx.2024-cü il tarixli, 191 №-li arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 1700-da ünvan 1 ünvanında yaşayan 1979-cu il təvəllüdlü X5 adına 30 nömrəli çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1979-cu il təvəllüdlü X2 meyidini aşkar etmişdir. Yaxınlarının deməsinə görə mərhum ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkmişdir. Ölümün güman olunan səbəbi qəfləti ölümdür. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1979-cu ildə doğulmuşdur. Anası Ərizəçidır. - Sumqayıt şəhər Corat Bələdiyyəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 05 №-li arayışından görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X5 xx.xx.2024-cü ildə Corat qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin övladı xx.xx.1979-cu il təvəllüdlü X5 xx.xx.2024-cü ildə Sumqayıt şəhərində vəfat etmiş və Corat qəbirstanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun anası olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə təmin edilməli, xx.xx.1979-cu il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1786/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1786/2024
05.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver