Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1889/2022 31.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə və həmin ərizəyə dəqiqləşmə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) 16.04.2009-cu il təvəllüdlü X1 14.09.2009-cu ildə, Sabirabad rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum qızı X4 14.09.2009-cu il tarixində vəfat etmişdir. O, Sabirabad rayonunu Osmanlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Həmin faktı qəbrin foto şəkli və Sabirabad rayonu Şıxsalanli Bələdiyyəsinin arayışı da təsdiq edir. Ərizəçi mərhum qızı X1 14.09.2009-cu il tarixində ölməsi ilə əlaqədar ölümünün qeydiyyata alınması ilə bağlı Sumqayıt şəhər Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. İşdə maraqlı tərəf olan Sumqayıt şəhər Qeydiyyat şöbəsinin məktubu ilə ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1973-cü ildə, Sabirabad rayonu, Şıxsalahlı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 16.04.2009-cu ildə Sabirabad rayonunda anadan olmuşdur və ərizəçi onun atasıdır. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 21.12.2021-ci il tarixli, 05/Q-4590/15 saylı məktubunda ərizəçiyə bildirilmişdir ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ərizənin təmin edilməsi mümkün deyil. X3 08.12.2021-ci il tarixli, 38 saylı arayışında X1 14.09.2009-cu ildə vəfat etdiyi və Osmanlı kənd qəbiristanlığında dəfn edildiyi göstərilmişdir. İş materiallarına X1 qəbrinin fotoşəkli əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, o ərizəçinin xalası qızıdır. Leyla Məmmədli doğulandan xəstə olmuşdur. Belə ki, onun anadangəlmə qaraciyər problemi olmuşdur. Bu səbəbdən 2009-cu ildə də vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur (4.8.). İşdən göründüyü kimi ərizəçi mərhum qızı X1 ölüm şəhadətnaməsini almaq istəyir. Lakin maraqlı şəxs müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən ərizəçiyə imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər və şahid ifadəsi əsasında ərizəçinin qızı X1 14.09.2009-cu il tarixdə vəfat etməsi sübuta yetirilir. Həmin faktı təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və 16.04.2009cu ildə anadan olmuş X1 14.09.2009-cu il tarixində, Sabirabad rayonunda ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16.04.2009-cu ildə anadan olmuş X1 14.09.2009-cu il tarixində, Sabirabad rayonunda ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1889/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1889/2022
31.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver