Məhkəmə qərarları › İş №2(060)-1986/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1986/2023

22.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1986/2023 22.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs – Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə xüsisi icraat qaydasında ərizəsinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1953-cü il təvəllüdlü X1 xx.xx.2023cü il tarixində Sumqayıt şəhəri, Corat Bağları fərdi yaşayış evində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən (bundan sonra - MPM) məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır (305.1.1.). Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.8.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır (9.2.). MPM-ə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Göründüyü kimi ərizəçi xüsusi icraat qaydasında ərizəyə X1 ölümünü təsdiq edən tibbi şəhadətnamənin verilməsi üçün müvafiq səhiyyə orqanına müraciət etməsi və həmin səhiyyə orqanı tərəfindən tibbi şəhadətnamənin verilməsindən imtina edilməsi barədə heç bir sənəd əlavə etməmişdir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 153-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar