Məhkəmə qərarları › İş №2(060)-2022/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2022/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2022/2022 13.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması və digər tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 02 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 31 avqust 2015-ci il tarixdən 22 noyabr 2021-ci ilədək banka 10425,4 ABŞ dolları əsas borc, 6338,48 ABŞ dolları faiz borcu, 3806,46 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 22 noyabr 2021-ci il tarixədək gecikdirilmiş üçün illik 5 faizlə hesablanmış 2348,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda ümumilikdə cəmi 22918,64 ABŞ dolları borcun və 206,89 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqının tutulmasını, Sumqayıt Apelyasiya Məhkəməsinin 21 noyabr 2017-cı il tarixli, 2(105)-59/2017 saylı qətnaməsi ilə tutulmuş 1311,78 ABŞ dolları əsas borc, 1850,98 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3162,76 ABŞ dolları borcun, ümumilikdə cəmi 22918,64 ABŞ dolları borcun tutulması, borcun Cavabdeh1 məxsus 02 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, 389 ünvanında 0,0412 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 81,8 kv.m sahədən ibarət olan 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, fərdi yaşayış evinə yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin həmin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaları, evin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 02 dekabr 2014-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 27 faizlə 36 ay müddətinə 12700 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, Corat qəsəbəsi , 389 ünvanında yerləşən, 0,0412 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 81,8 kv.m sahədən ibarət olan 2 otaqlı fərdi evi 02 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. “Nikoyl İKB “ ASC borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2(105)-59/2017 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 02 noyabr 2015ci il tarixli 2(060)-9783/2015 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 xx.xx.2015-ci il tarixədək bankın xeyrinə 1311,78 ABŞ dolları əsas, 1850,98 ABŞ dolları faiz borcu olmaqla cəmi 3162,76 ABŞ dolları borcun tutulması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəyə gəlməsinin əsası 2015-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən Bankla Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2014-ci il tarixli kredit müqaviləsinin müddətinin bitməməsi, iddia tələbində həmin kredit müqaviləsinin ləğvi barədə tələbin olmaması ilə əsaslandırmışdır. Hazırda 02 dekabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən hazırkı vaxtadək hesablanmış borc məbləği də Cavabdeh1 tutulmalı və tutma ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməlidir. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olsa da, məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə razı deyildir. Qeyd olunanlara əsasən nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2014-cü il tarixli, 4-G-2-0-1388-14 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 36 ay müddətinə, illik 27 faizlə, 12700 ABŞ dolları kredit vermişdir. Kredit müqaviləsinə əlavəyə əsasən Cavabdeh1 iddiaçıya 36 ay müddətinə hər ay 518,48 ABŞ dolları, sonuncu ay isə 518,46 ABŞ dolları ödəniş etməli idi. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 2 otaqdan ibarət olan həyət evi kreditin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 2 otaqdan ibarət olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli bildirişə əsasən Cavabdeh1 onun ilə "xxxx" İKB ASC arasında bağlanmış 02 dekabr 2014 il tarixli ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 4 №-İi reyestr kitabının 1 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 389 №li fərdi yaşayış evi Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi barədə xəbərdar edilmişdir. İşdə olan maliyyə arayışına əsasən cavabdeh xx.xx.2021-ci il tarixinə banka əsas borc üzrə 10425,4 ABŞ dolları, faiz borcu üzrə 6338,8 ABŞ dolları, cərimə üzrə 3806,46 ABŞ dolları, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci ilədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2348,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 22918,64 ABŞ dolları borcu vardır. Sumqayıt Apelyasiya Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2(105)-59/2017 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli 2(060)- 9783/2015 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 xx.xx.2015-ci il tarixədək bankın xeyrinə 1311,78 ABŞ dolları əsas, 1850,98 ABŞ dolları faiz borcu olmaqla cəmi 3162,76 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatı məbləğində pulun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2018-ci il tarixli 2(102)- 2694/18 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7072 saylı, xx.xx.2022 il tarixli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2014cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 müqavilənin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixədək əsas borc üzrə 11612,50 ABŞ dolları, faiz borcu üzrə 1802,79 ABŞ dolları borcu, məhkəməyə müraciət olunduğu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 11612,50 ABŞ dolları, faiz borcu üzrə 1802,79 ABŞ dolları və illik 5 % hesablamaqla 2441,86 ABŞ dolları borcu vardır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatında ünvan 3 ünvanında yerləşən 2 otaqdan ibarət olan fərdi yaşayış evinin bazar dəyəri 87 000 manat, likvid dəyəri isə 75 000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 36 ay müddətinə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka borcu qalmışdır. İddiaçı bir dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və xx.xx.2015-ci il tarixinədək olan borcunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı həmin tarixdən sonra olan borcu cavabdehdən tələb edir. İş üzrə verilmiş ekspert rəyində Cavabdeh1 əsas borcu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilən məbləğdən bir qədər artıq faiz borcu isə az göstərilmişdir. Bu səbəbdən iddia ərizəsində göstərilən məbləğdə əsas borc və ekspert rəyində göstərilən faiz borcu Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 10425,4 ABŞ dolları əsas borc məbləğinə 3806,46 ABŞ dolları cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 1000 ABŞ dolları məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İş üzrə verilmiş ekspert rəyində Cavabdeh1 illik faizlə hesablanmış borcu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilən məbləğdən bir qədər artıq göstərilmişdir. Bu səbəbdən məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində göstərilən məbləğdə əldən çıxmış fayda məbləğinin cavabdehdən tutulmalı olması qənaətinə gəlir. Mülki Məcəllədə göstərilmişdir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.).Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (319.1.). İşdən göründüyü kimi ünvan 3 ünvanında yerləşən 2 otaqdan ibarət olan fərdi yaşayış evi iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh1 kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilməli, Cavabdeh1 kredit borcu üzrə tələb həmin ipoteka predmetinə yönəldilməli, mənzil açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (1.0.9.). İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir (10.5). Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.). Göründüyü kimi "xxxx" mənzilin qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli hesabatında ipoteka predmetinin likvid qiyməti 75 000 manat məbləğdə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, evin qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Mülki Məcəllənin 319.6-cı maddəsində göstərilmişdir ki, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə edilmiş vəsait Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği cavabdehdən ümumi qaydada tutulmalıdır. Həmin məbləğ kredit borcundan çox olduqda isə artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. İpoteka predmeti olan mənzildə qeydiyyatda olan şəxslərin mənzil satıldıqdan sonra mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları ilə bağlı məhkəmə qeyd edir ki, həmin məsələlər ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan sonra həll edilməli məsələlərdir ki, hazırkı halda iddiaçı ipoteka predmeti olan mənzilin mülkiyyətçisi olmadığı üçün iddia tələbi tələbi həmin hissədə təmin edilə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2(105)-59/2017 saylı qətnaməsi ilə Cavabdeh1 xx.xx.2015-ci il tarixədək iddiaçının xeyrinə 1311,78 ABŞ dolları əsas, 1850,98 ABŞ dolları faiz borcu olmaqla cəmi 3162,76 ABŞ dolları borcun tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, həmin qətnamə ilə cavabdehdən tutulması qət edilmiş borc məbləği hazırkı qətnamə ilə tutulmalı olan borc məbləğinin üzərinə əlavə edilməklə ümumi məbləğ ipoteka predmetinə yönəldilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 206,89 manat dövlət rüsumunun 150 manatı Cavabdeh1 aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 10425,4 ABŞ dolları, faiz borcu üzrə 1802,79 ABŞ dolları, cərimə üzrə 1000 ABŞ dolları, kredit müqaviləsi üzrə 22 noyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2348,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 15576 (on beş min beş yüz yetmiş altı) ABŞ dolları 49 (qırx doqquz) sent məbləğində pul Sumqayıt Apelyasiya Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2(105)- 59/2017 saylı qətnaməsi ilə Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı olan olan 3162,76 ABŞ dolları ilə cəmlənməklə, ümumilikdə 18739 (on səkkiz min yeddi yüz otuz doqquz) ABŞ dolları 25 (iyirmi beş) sent məbləğində borc (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən 2 otaqdan ibarət olan fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracda satılsın. Evin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. Evin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh1 ümumi qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra evin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh1 qaytarılsın. ünvan 3 ünvanında yerləşən 2 otaqdan ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 75 000 (yetmiş beş min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 500 (beş yüz) manat pul Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar