Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2022/2023 06.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mediasiya prosesində cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/5-03021 saylı barışıq sazişi ilə tərəflər aliment məsələsini öz aralarında razılaşmışlar. Övladları xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 hər biri üçün 125 manat olmaqla, cəmi 250 manat aliment ödəməyi sazişlə razılaşdırmışlar, lakin bu günə qədər Maraqlı şəxs alimenti ödəməmişdir. Artıq bir neçə aydır ki, cavabdeh sazişlə ödəməli olduğu 250 manat alimenti ödəmir. Hansı ki, “Mediasiya haqqında” Qanuna əsasən 10 gün müddətində ona müəyyən edilmiş aliment məbləği ödənilməli idi. Göstərilənlərə əsasən tərəflər arasında 20 sentyabr 2022-ci il tarixli, MŞB/5-03021 saylı mediasiya qaydasında bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İşin materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV № 204678 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 28 oktyabr 2018-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İşin materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV № 366617 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 05 noyabr 2019-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6904/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 25 oktyabr 2018-ci il tarixdə bağlanmış 2948 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşin materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X3 iştirakı ilə xx.xx.2022-ci il tarixdə bağlanılmış № MŞB/5-03021 saylı barışıq sazişinə əsasən hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2018-ci il tarixli, 2948 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar. Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2022-ci ilin sentyabr ayından başlayaraq hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşaq üçün 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəmək barədə öhdəlik götürür. Mediasiya prosesində Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 ilə hər həftənin şənbə və bazar günləri saat məhdudiyyəti qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. Tərəflər arasında xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 təhsili və dini etiqadı ilə bağlı hər hansı mübahisə və ya fikir ayrılığı yoxdur. Tərəflərin bir-birinə qarşı hal-hazırda heç bir əmlak tələbi yoxdur. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyrimüəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur, sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir- birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər, saziş könüllü icra ediləcəkdir, saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər, əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir, əgər saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər, tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Əsaslandırıcı hissə: Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Göstərilən Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6904/2022 saylı qətnaməsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 25 oktyabr 2018-ci il tarixdə 2948 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli barışıq sazişi “2.1 bəndi (Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X3 iştirakı ilə xx.xx.2022-ci il tarixdə bağlanılmış barışıq sazişinə əsasən hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2018-ci il tarixli, 2948 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyin əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.)” hissəsində (bununla bağlı qanuni qüvvəyə minmiş qətnamə olduğuna görə) təmin edilməməlidir. Bundan başqa əmlak mübahisəsi sazişin 2.6-cı bəndində ümumi qaydada razılaşdırılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, hazırda tərəflər arasında əmlak mübahisəsi mövcud deyildir. Lakin sazişin bu şərtinin təsdiq olunması tərəflər arasında ola biləcək əmlak mübahisəsi zamanı onların hüquqlarının realizəsində maneələr yarada bilər. Odur ki, sazişin qeyd olunan bəndinin təsdiq olunmasından imtina edilməlidir. Bu səbəbdən də məhkəmə barışıq sazişini yalnız qalan hissədə təsdiqləməyi əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə qismən təmin edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə qismən təsdiq edilsin.
1. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar;
2. Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 2022-ci ilin sentyabr ayından başlayaraq hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürür;
3. Mediasiya prosesində Ərizəçi Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 ilə hər həftənin şənbə və bazar günləri saat məhdudiyyəti qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür;
4. Tərəflər arasında xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 təhsili və dini etiqadı ilə bağlı hər hansı mübahisə və ya fikir ayrılığı yoxdur;
5. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur;
6. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər;
7. Saziş könüllü icra ediləcəkdir, saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər, əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir;
8. Əgər saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər;
9. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva