Məhkəmə qərarları › İş №2(060)-2046/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2046/2022

15.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2046/2022 15.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı XXX İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı XXX İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt “Asan Xidmət” Mərkəzi, Cavabdeh3 və üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik şöbəsinə qarşı «bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı XXX İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14-ə dair Sumqayıt “Asan Xidmət" Mərkəzində iddiaçı XXX İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 4Ə/ 1748 reyestr nömrəli, 21 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına olan mənzilə dair RX ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı XXX İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək göstərdi ki, 2018-ci il tarixdə iddiaçının bacısının qızı Cavabdeh1 iddiaçının yaşadığı evə gələrək iddiaçıya bildirdi ki, küçələrdə qalmışdır, ona kömək etsin. İddiaçıdan onu iddiaçıya məxsus evə qeydiyyata saldırmağı istəmişdir. Əvəzində isə iddiaçıya palpaltarla və yeməklə təmin edəcəyini demişdir. İddiaçı da cavabdehi evinə pasport qeydiyyatına saldırmağa razılaşmışdır. Bundan sonra Cavabdeh1 Bakıda Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, ev 11, mən 24-də yaşayan Azərbaycan Karlar İdman Konfedarasiyasının tərçüməçisi digər Cavabdeh3 gətirib iddiaçını Sumqayıt “ASAN XİDMƏT” Mərkəzinə aparmışlar. İddiaçı özü İİİ qrup əlilldir, “Paralic, Koronovirus, əsəb” xəstəsi olduğu üçün tez özündən çıxır. Bir sözlə həddən çox əsəbidir. Sumqayıt “ASAN XİDMƏT” Mərkəzində Azərbaycan Karlar İdman Konfedarasiyasının tərçüməçisi ilə necə etdilərsə iddiaçı heçnə demədən və yaxud tərcüməçi iddiaçını aldatmaqla ona məxsus evi aldadıcı formada, bağışlanma müqaviləsi əsasında Sumqayıt “ASAN XİDMƏT” Mərkəzində bacısı qızı evi öz adına keçirmişdir. Səndləşmədən sonra küçəyə çıxanda tərcüməçi digər Cavabdeh3 iddiaçıya “sən artıq küçələrdə qalmısan” demişdir. Bu günə qədər də iddiaçı dəli vəziyyətindədir. Hansı ki, iddiaçı əvvəllər notariusa gedəndə Sumqayıt şəhəri üzrə Azərbaycan Respublikası Karlar Cəmiyyətini İdarə Heyətinin sədri tərcüməçi X6 dindirmiş və iddiaçının adından əqdi təsdiq etmişdir. Lakin, bu dəfə isə Cavabdeh1 özü tapdığı Azərbaycan Karlar İdman Konfedarasiyasının tərçüməçisi Cavabdeh3 dəvət etmiş cavabdeh isə iddiaçıya düzgün tərcümə etməmişdir. Digər cavabdeh Sumqayıt “ASAN XİDMƏT” Mərkəzi isə iddiaçının hüquqlarının müdafiəsi üçün tədbirlər görməmiş iddiaçıya hüquqlarının qorunması üçün hərtərəfli şərait yaratmamışdır. Cavabdeh Sumqayıt “ASAN Xidmət” Mərkəzi iddiaçı xəstə olduğu üçün Sumqayıt şəhər İcra Hakimiyyəti qəyyumluq və himayəçilik şöbəsini iddiaçının hüquqlarının müdafiəsi üçün dəvət edib bu qanunsuzluğun qarşısını ala bilərdi. Sumqayıt “ASAN XİDMƏT” Mərkəzi də iddiaçının hüquqlarının müdafiəsinin lazımi şəkildə təmin edə bilsəydi bu şəxslər yəqin ki, iddiaçını bu cür aldada bilməzdilər. Bacısı qızı iddiaçıya qarşı dələduzluq etdiyinə görə, səhətti də hal-hazırda çox pisləşmişdir. İddiaçıya təzyiq edib aldadıb evini öz adına keçirdib. İddiaçıya qonşular dəyəndə ki, onun evi keçib Cavabdeh1 adına, onlar gedəndən sonra iddiaçı da təkbaşına dəfələrlə Sumqayıt “ASAN XİDMƏT” Mərkəzinə gədərək hay-şivən qopartmışdır. Ancaq, heç bir şey əldə edə bilməmiş xəstəlikləri ard-arda gəldiyindən bu günə qədər tam şəkildə bu biabırçılığı aradan :qaldırmaq inkanı olmurdu. Bu başına gələnlərdən xəbəri olsada hüquqi savadsızlığından və ağır maddi və mənəvi çətin vəziyyətindən və xəstələkilkləri ilə bağlı məhkəməyə indi müraciət edə bilir. İddiaçı kar-lal olmaqla İİİ qrup əlilldir, hadisədən əvvəl “Paralic”, hadisədən sonra “Koronovirus” xəstəliyi və başqa xəstəliklər keçirmiş, əsəb xəstəsidir. Bir neçə-dəfə “Asan Xidmət” də olmuş və bağışlanma müqaviləsinin ləğv edilməsi üçün ərizə yazmışdır. Bundan sonra cavabdeh dəfələrlə evinə gəlib qapını döyüb onunla danışmaq istəmişdir. İddiaçı isə cavabdehi qovmuşdur. Qonşuları da şahiddirlər ki, bacısı qızı iddiaçını aldadıb. Bu barədə qonşusu X4 və hadisə başına gələndən sonra yaxınlarda yanına çağrılmış və iddiaçını dindirən Azərbaycan Karlar Cəmiyyətini üzvü Vüsal adlı tərcüməçi təsdiq edə bilər. Bu hadisə zamanı iddiaçı özündə olmamış, cavabdehlər onu aldatmış bir tək mənzilini öz adına keçirtmişlər. Hazırda da cavabdeh iddiaçıda olan məlumatlara görə tez-tez gizlindən iddiaçının sağ-salamat olub-olmamağını yoxlayır ki, başına bir gəlsə mənzilə sahib çıxsın. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14ə dair Sumqayıt “Asan Xidmət" Mərkəzində iddiaçı XXX İddiaçı ilə Cavabdeh1 arasında rağlanmış 4Ə/ 1748 reyestr nömrəli, 21 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına olan mənzilə dair RX ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, sözügedən daşınmaz əmlak faktiki olaraq Cavabdeh1 rəhmətlik anasına məxsus olmuşdur. Belə ki, İddiaçı xanım 2018-ci ildə yaşlandığı və gələcəkdə bu məsələ ilə bağlı sənədləşmədə hansısa bir problemin yaranmaması üçün həmin daşınmaz əmlakı Cavabdeh1 adına keçirilməsini istəmişdir, daha sonra, İddiaçı xanım bu evi bağışlamaq niyyətini bildirdikdən sonra sənədləşmə üçün internet vasitəsilə tərcüməçi axtarılmış və Cavabdeh3 tərcüməçi qismində cəlb edilmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh3 7 nömrəli 30 iyul 1990-cı il tarixində təsdiq edilmiş şəhadətnaməsindən göründüyü kimi o, eşitmə əngəlli şəxslər üçün tərcüməçi fəaliyyətilə məşğul olmaq hüququna malikdir və eyni zamanda, Cavabdeh3 bağışlama müqaviləsi bağlanarkən notariusa təqdim etdiyi Azərbaycan Karlar İdman Federasiyasının 010 nömrəli vəsiqəsində onun tərçüməçi olması birbaşa göstərilmişdir. Buna uyğun olaraq, 21 may 2018-ci ildə tərəflər arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi Sumqayıt "Asan Xidmət" Mərkəzində bağlanaraq notariusda təsdiq edilmişdir. Daha Sonra, İddiaçı xanımın ikinci dərəcəli vərəsələri bağışlama müqaviləsindən xəbərdar olan kimi evi öz adlarına keçirtmək üçün bu məsələni yenidən qaldırmağa çalışırlar, çünki İddiaçı xanımın kifayət qədər yaşı vardır, hal- hazırda İradə xanımın mülkiyyətində olan evdə yaşayır, İddiaçı xanımın hər hansı bir narahatçılığı olmamışdır, eyni zamanda o, evdən çıxarılmamışdır ki, onun hüquqi cəhətdən evin ona keçməsinə hər hansı bir marağı olsun, göründüyü kimi digər şəxslər bu məsələni şəxsi maraqları baxımından sonradan qaldırmağa cəhd göstərirlər. Qeyd etmək lazımdır ki, iddia ərizəsi ziddiyyətlərlə doludur. Belə ki, iddia tələbində deyilir ki, İddiaçı xanım çıxan kimi tərcüməçi ona evin satıldığın demiş, lakin sonra məhkəmədə bu məlumatın 2022-ci ildə qonşular tərəfindən ona deyildiyini bildirmişdir. Bilindiyi kimi İddiaçı xanım eşitmə və danışma qüsurludur, lakin o, görür, yazır və oxuya bilir, iş materiallanndan göründüyü kimi bağışlama müqaviləsi imzalanarkən özü müstəqil şəkildə imza çəkmiş və soyadını yazmışdır, məhz bu fakt İddiaçı xanımın müstəqil yazı yazma və oxuma qabiliyyətinin olmasını sübut edir, göründüyü kimi iddia tələbi tamamilə əsassızdır. Eyni zamanda, iddia müddəti ötürülmüşdür, belə ki, tərəflər arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi 21 may 2018-ci ildə tarixdə bağlanmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673-cü maddəsinin 3-cü bəndinə əsasən İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Göstərilənləri nəzərə alaraq, iddiaçı XXX İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin məhkəmə tərəfindən rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, iddiaçını tanıyır. Belə ki, iddiaçı onun işlədiyi cəmiyyətin üzvi olmuşdur. O, Azərbaycan Karlar Cəmiyyətinin Bakı Şəhər Təşkilatının tərcüməçisi olmuşdur. Halhazırda işləmir. Ona adını xatırlamadığı iddiaçının qohumu zəng edərək tərcüməçi lazım olduğunu bildirmişdir. O, onların yanına gəlib, çağırılma səbəbini soruşduqda iddiaçının qohumu bağışlanma müqaviləsi bağlanması üçün ona müraciət etdiyini bildirmişdir. O, iddiaçıdan bir neçə dəfə mənzili bağışlamaq istədiyini soruşduqda, iddiaçı ona razı olduğunu bildirmişdir. O, da notariusda xidməti vəsiqəsini təqdim etmiş və bağışlanmada lazım olan sənədlərə tərcüməçi kimi imza etmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbini ona qarşı hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Sumqayıt “Asan Xidmət” Mərkəzi və üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik şöbəsi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və cavabdeh Sumqayıt “Asan Xidmət” Mərkəzi işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X4 bildirdi ki, iddiaçını 1987-ci ildən tanıyır. Onun qonşusudur. Qonşu olaraq bir-birilərinə gedib-gəlirlər. İddiaçıya xeyrixah cəmmiyyəti tərəfindən hər dəfə cəmiyyətin üzvi kimi yardım göstərilir. Bir dəfə iddiaçı xəstə olan zaman cəmiyyətin nümayəndəsi müalicə üçün dərman gətirmişdir. Həmin vaxt o, da orda idi. Nümayəndə onlardan iddiaçının yaşadığı mənzilin kimə məxsus olduğunu soruşmuş, onun məlumatı olmadığını demiş, sonra da bu barədə iddiaçıdan soruşduqda iddiaçı öz adına olduğunu bildirmişdir. Sonradan cəmiyyətin nümayəndələri evin iddiaçıya məxsus olması barədə sənəd istəmiş, onlar sənədi təqdim edəndə görmüşlər ki, mənzilin başqa şəxsin adınadır. O, iddiaçıdan mənzili kiməsə bağışlaması barədə soruşmuş iddiaçı isə ona heç kimə bağışlamadığını başa salmışdır. O, sənədi iddiaçıya göstərmiş və mənzilin başqa şəxsə aid olduğunu demiş və həmin şəxsin kim olduğunu soruşmuşdur. İddiaçı həmin vaxt ağlayaraq səhhəti pisləşmişdir. Daha sonra həmin şəxsin bacısı qızı olduğunu bildirmişdir. Daha sonra, o, iddiaçıya Asan Xidmətə müraciət etməsini bildirmişdir. Məhkəmə iddiaçı XXX İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3 və şahid X2 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2018-ci il tarixli notariat işinə əlavə edilmiş xx.xx.2018-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14 tam mülkiyyət üzrə hədiyyə olaraq Cavabdeh1 Şamiş qızına bağışlamışdır. İş materiallarında olan Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2018-ci il tarixli notariat işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2018-ci il tarixli notariat işinə əlavə edilmiş Azərbaycan Respublikası Azərbaycan Karlar İdman Federasiyasının №10 nömrəli vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 Azərbaycan Karlar İdman Federasiyasında Surdo, Tərcüməçi vəzifəsində çalışır. İş materiallarında olan Sumqayıt “Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X3 İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Sumqayıt “Asan Xidmət” mərkəzinin notariat kontorunda 21 may 2018-ci il tarixli 4Ə/1748 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv etmək bir tərəfli qaydada müqaviləni ləğv etmək mümkün olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, XXX İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14də qeydiyyatdadır. İddiaçı XXX İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə əlavə verərək, iddia tələbi üzrə buraxılmış müddətin üzürlü hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Bu səbəbdən məhkəmə buraxılmış müddəti üzürlü hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.1,337.3-337.5-ci maddələrinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir . Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər (339.1). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (339.2). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (339.3). Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır (339.4). Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir (339.5). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh1 qanunun tələblərini pozaraq dolayısı yolla öz xeyrinə əqdlər bağlamışdır ki, bu halda əqdlər etibarsız hesab edilməlidir. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən, fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir (bənd 1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3-cü maddəsində müəyyən edilmişdir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci və 139-1.1.4-cü maddələrinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.4-cü maddələrinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14-ə dair Sumqayıt “Asan Xidmət" Mərkəzində iddiaçı XXX İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 4Ə/ 1748 reyestr nömrəli, 21 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməli və Cavabdeh1 adına olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14-ə dair RX ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməli və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı XXX İddiaçı ödənilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14-ə dair Sumqayıt “Asan Xidmət" Mərkəzində iddiaçı XXX İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 4Ə/ 1748 reyestr nömrəli, 21 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilsin. Cavabdeh1 adına olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14-ə dair RX ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarış ləğv edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı XXX İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar