Məhkəmə qərarları › İş №2(060)-2060/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2060/2025

27.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2060/2025 27.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi Abbasova (Paşayeva) Əfsanə Ramiz qızının, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Abbasova (Paşayeva) Əfsanə Ramiz qızının Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qət etdi. Təsviri hissə: 1.Ərizəçi Abbasova (Paşayeva) Əfsanə Ramiz qızı Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı tərəf Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış 25 sentyabr 2023cü il tarixli, MŞS/MT030/2023-01995 saylı Barışıq sazişinin təsdiq edilməsi və eyni zamanda ərizə ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Ərizəçi Abbasova (Paşayeva) Əfsanə Ramiz qızı ərizəsini onunla əsaslandırmışdır ki, maraqlı tərəf olan Maraqlı şəxs ilə 19 aprel 2022-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikahı Sumqayıt “ASAN” xidmət X1 1026 saylı akt qeydi ilə rəsmiləşdiriblər. Birgə nikah münasibətlərindən xx.xx.2023-cü il təvəllüdlü X2 oğlu adlı bir övladları dünyaya göz açmışdır. Qeyd edir ki, Maraqlı şəxs ilə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan bir-birilərini başa düşməmiş və aralarında sözsöhbət yaranmağa başlamışdır. Söz-söhbətin yaranmağının səbəbi də xasiyyətlərinin və fikirlərinin üst-üstə düşməməsidir. Bu səbəbə görə nikahları kağız üzərində qalmışdır. Ona görə də aralarında olan nikah münasibətlərinin pozulması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il larixli, 2(060)-6412/2023 saylı qətnaməsinə əsasən, aralarında olan nikah pozulmuşdur. Məlumat üçün bildirir ki, nikahın pozulması üçün məhkəməyə müraciət etməmişdən əvvəl tərəfindən cavabdehi ilkin mediasiya sessiyasında iştiraka dəvət etmiş, cavabdeh bu təklifini qəbul etmiş və Sumqayıt 1 saylı Mediasiya Təşkilatında aşağıdakı şərtlərlə 25 sentyabr 2023-cü il tarixli, MŞS/MT030/2023-01995 saylı Barışıq sazişini imzalayıblar: “ 1. Ərizəçi və Maraqlı şəxs barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci tarixdə 1026 nömrə akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına razıdılar. Ailə qanunvericiliyin əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. 2. Ərizəçi və Maraqlı şəxs birgə nikahdan olan övladları xx.xx.2023-cü il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatana kimi anası - Ərizəçi yanında yaşamasına razıdırlar. 3. Maraqlı şəxs, xx.xx.2023-cü il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 (iki yüz) iyirmi manat sabit pul məbləğində alimenti və uşağın 3 (üç) yaşı tamam olana qədər saxlanılması üçü əlavə 50 (əlli) manat pulu xx.xx.2023-cü il tarixdən etibarən hər ayın sonuncu günündən gec olmayaraq anası Ərizəçi ödəmək barədə öhdəlik götürür.” Belə ki, onlar 25 sentyabr 2023-cü il tarixli, MŞS/MT030/2023-01995 saylı Barışıq sazişində bütün mübahisələri könüllü olara həll etdilər, yalnız nikahın pozulması məhkəmənin səlahiyyətində olduğundan, aralarında olan nikah qeydinin pozulması üçün məhkəməyə müraciət etdi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6412/2023 saylı qətnaməinə əsasən, iddia tələbim təmin edilmiş, onunla Maraqlı şəxs arasında Sumaayıt “ASAN xidmətX1 xx.xx.2022-ci il tarixdə bağlanmış 1026 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Qeyd edir ki, 25 sentyabr 2023-cü il tarixli, MŞS/MT030/2023-01995 saylı Barışıq sazişinin 3-cü bəndinə əsasən, Maraqlı şəxs rəsmi nikah münasibətlərindən doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 oğlunun saxlanması üçün 220 (iki yüz) iyirmi manat alimenti və uşağın 3 (üç) yaşı tamam olana qədər saxlanılması üçü əlavə 50 (əlli) manat pulu xx.xx.2023- cü il tarixdən başlayaraq hər ayın sonundan gec olmayaraq ona ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs 25 sentyabr 2023-cü il tarixli, MŞS/MT030/2023-01995 saylı Barışıq sazişində qeyd olunan alimentlə bağlı öhdəliyini yerinə yetirməmiş, sözügedən Sazişin şərtlərinin könüllü icrasından imtina etmişdir. Şəzişin şərtlərindən imtina etdiyindən, hal-hazırda 1890 (bir min səkküz yüz doxsan) manat məbləğində aliment borcu yaranmışdır. Ona görə də mediasiya prosesi nəticəsində bağlanmış 25 sentyabr 2023-cü il tarixli, MŞS/MT030/2023- 01995 saylı Barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Əlavə olaraq qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33- cü maddəsinə əsasən tərtib edilmiş Barışıq sazişinin tərəflər üçün hüquq və vəzifələrinı müəyyən edən 9-cu bəndində qeyd olunur ki, Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbiri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. Hazırki ərizə ilə məhkəməyə müraciət edərək 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəyib. Belə ki, Dövlət rüsumu haqqında AR Qanunun 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ərizəçilər 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəyirlər. Yuxarıda göstərdiklərinə əsasən hesab edim ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 100 (bir yüz) nanat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən Abbasova (Paşayeva) Əfsanə Ramiz qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirdi ki, aralarında olan mübahisəyə dair barışıq sazişi imzalayıblar. İşsiz olduğu üçün uşağının saxlanılması üçün müəyyən edilmiş alimenti ödəyə bilməmişdir. Hazırda ərizənin təmin edilməsinə etiraz etmir.

5. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.İşdə olan MŞS/MT030/2023-01995 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci tarixdə 1026 nömrə akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına razıdılar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Ərizəçi və Maraqlı şəxs birgə nikahdan olan övladları xx.xx.2023-cü il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatana kimi anası - Ərizəçi yanında yaşamasına razıdırlar. Maraqlı şəxs, xx.xx.2023-cü il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 (iki yüz) iyirmi manat sabit pul məbləğində alimenti və uşağın 3 (üç) yaşı tamam olana qədər saxlanılması üçü əlavə 50 (əlli) manat pulu xx.xx.2023-cü il tarixdən etibarən hər ayın sonuncu günündən gec olmayaraq anası Ərizəçi ödəmək barədə öhdəlik götürür.” 7.İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6412/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə Abbasova (Paşayeva) Əfsanə Ramiz qızı və Maraqlı şəxs arasında Sumqayıt “Asan Xidmət” X1 xx.xx.2022-ci il tarixli bağlanmış 1026 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. 8.İşdə olan AZ-İ 473883 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və Maraqlı şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur və bu barədə nikahın pozulması barədə akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 32 nömrə ilə qeydə alınmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Abbasova (Paşayeva) Əfsanə Ramiz qızı və Maraqlı şəxs arasında MŞS/MT030/2023-01995saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Sonuncu barışıq sazişini icra etmədiyindən ərizəçi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.

a) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Mülki Prosessual Məcəllənin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 11.355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 12.355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 13.355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 14.355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 15.355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 16.Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin tərəflərin mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini mümkün hesab edir. 17.İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 7 saylı Protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. 18.Məhkəmə qeyd edir ki, hər iki tərəf mediasiyada bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin pozulması barədə razılaşıblar. Sumqayıt şəhər Məhkəməsinin 2(60)6412/2023 saylı, xx.xx.2023 saylı qətnaməsinə əsasən Abbasova (Paşayeva) Əfsanə Ramiz qızı və Maraqlı şəxs arasında bağlanmış 1026 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. 19.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə...ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.Qeyd edilən maddənin tələblərini və tərəflər arasında olan nikahın məhkəmə qətnaməsinə əsasən pozulduğunu nəzərə alan məhkəmə hesab edir ki, barışıq sazişi tərəflər arasında nikahın pozulması hissəsində təsdiq edilməməli, qalan hissələrdə isə təsdiq edilməlidir. 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu (100 manat) Maraqlı şəxs tutularaq iddiaçı Abbasova (Paşayeva) Əfsanə Ramiz qızına ödənilməlidir. 25.Həmin Məcəlləninin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi: 26.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

Ərizə qismən təmin edilsin. Ərizəçi Abbasova (Paşayeva) Əfsanə Ramiz qızı və Maraqlı şəxs arasında MŞS/MT030/2023-01995saylı, xx.xx.2023-cü il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Ərizəçi və Maraqlı şəxs birgə nikahdan olan övladları xx.xx.2023-cü il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatana kimi anası - Ərizəçi yanında yaşamasına razıdırlar.

2. Maraqlı şəxs, xx.xx.2023-cü il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti və uşağın 3 (üç) yaşı tamam olana qədər saxlanılması üçün əlavə 50 (əlli) manat pulu xx.xx.2023-cü il tarixdən etibarən hər ayın sonuncu günündən gec olmayaraq anası Ərizəçi ödəmək barədə öhdəlik götürür.” Cavabdeh Maraqlı şəxs 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Abbasova (Paşayeva) Əfsanə Ramiz qızına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar