Məhkəmə qərarları › İş №2(060)-2092/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2092/2022

26.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2092/2022 26.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20.10.1988-ci il təvəllüdlü X2 14.12.2021-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi, ərizəni onunla əsaslandırmışdır ki, X1 14.12.2021-ci il tarixdə vəfat etmiş və hazırda Füzuli rayonu Kürdmahmudlu kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin faktı qəbrin foto şəkli təsdiq edir. X1 14.12.2021-ci il tarixdə ölməsinə baxmayaraq ona ölüm haqqında şəhadətnamə alınmadığına görə onun ölümünün qeydiyyata alınması ilə bağlı Sumqayıt Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sumqayıt Qeydiyyat şöbəsi tərəfindən X1nın ölümünün qeydiyyata alınmasından imtina olunmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, faktın müəyyən edilməsi ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Mərhum arvadına məxsus ölüm haqqında şəhadətnamənin olmaması ona bir sıra sosial hüquqlarını həyata keçirməsinə mane olur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçi ilə 2-3 ilə yaxın müddətdir ki, qonşudurlar. 2021-ci ilin dekabr ayının 14-də o, həyətdə olarkən görmüşdür ki, ərizəçinin arvadı Tünzalə xanımın səhhəti pisləşdiyi üçün təcili yardım çağırılıb. Tibbi yardım gəldikdən qısa müddət sonra Tünzalə xanımın vəfat etdiyini eşitmişdir. Tünzalə xanımın yas mərasimində iştirak etsə də, dəfn Füzuli rayonunda olduğu üçün orada iştirak edə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi qonşusudur, onu və ailəsini yaxından tanıyır. Ərizəçinin arvadı Tünzalə xanım ürəyində olan problemlə əlaqədar 2021-ci ilin dekabrın 14-də evdə vəfat edib. O, vəfat etdikdən sonra Füzuli rayonunda dəfn olunub. Rayonda dəfn olunduğu üçün dəfn mərasimində iştirak edə bilməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 388967 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X3 arasında Füzuli rayon VVADQ şöbəsində 29 yanvar 2008-ci il tarixdə 39 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 10.02.2022-ci il tarixli 05/Q-516/15 saylı məktubundan görünür ki, Ərizəçi arvadının ölümünü təsdiq edən sənəd olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Füzuli rayonu Kürdmahmudlu Bələdiyyəsinin 11.04.2022-ci il tarixli 06 saylı arayışından və qəbr daşı fotoşəkillərdindən görünür ki, X3 15.12.2021-ci il tarixdə Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd qəbirstanlığında dəfn olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, 20.10.1988-ci il təvəllüdlü X2 14.12.2021-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı araşdırılan sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki iş materiallarından görünür ki, iddiaçı məcburi köçkün olmaqla qanunla nəzərdə tutulmuş imtiyazlara malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 20.10.1988-ci il təvəllüdlü X2 14.12.2021-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar