Məhkəmə qərarları › İş №2(060)-2160/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2160/2022

21.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2160/2022 21.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X16 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) xx.xx.2008-ci il təvəllüdlü X6 xx.xx.2009-cu ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 31 mart 2008-ci il təvəllüdlü oğlu X10 anadan olduğu gündən xəstə olmuşdur və xx.xx.2009-cu il tarixdə evdə vəfat etmişdir. Həmin vaxt ərizəçi xəstəxanada olmuş və uşaq vəfat edərkən təcili tibbi yardım çağırılmamışdır. Mərhum oğlu X1 rayonu İmamverdilər kənd qəbristanlığında dəfn edilmişdir. Ərizəçi tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət edilmişdir. Lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə cavab verilmişdir və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1984-cü ildə, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuşdur və ərizəçi onun anasıdır. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-540/15 saylı məktubunda ərizəçiyə bildirilmişdir ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ərizənin təmin edilməsi mümkün deyil. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının İmamverdili kənd inzibati ərazi dairəsinin xx.xx.2022-ci il tarixli, 33 saylı arayışında X6 xx.xx.2009-cu ildə tarixdə Beyləqan rayonu, İmamverdilər kəndində vəfat etdiyi və həmin kəndin qəbiristanlığında dəfn edildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş X2, X11, X7, X12, X8 tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, ərizəçinin ikinci övladı 31 mart 2008-ci il təvəllüdlü oğlu X10 xx.xx.2009-cu il tarixdə Beyləqan rayonu, İmamverdilər kəndində vəfat etmiş, həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına X6 qəbrinin fotoşəkli əlavə edilmişdir. “Bakı Səhiyyə Mərkəzi” PHŞ 4 nömrəli vərəm əleyhinə dispanserin xx.xx.2022-ci il tarixli arayında qeyd edilmişdir ki, X10 xx.xx.2009-cu ildə dispanserdə stasionar müalicə alıb. O, evə aparılarkəmn yolda vəfat edib. Bu səbəbdən tibbi şəhadətnamənin verilməsi mümkün deyil. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, ərizəçinin anasıdır. X10 anadan olandan xəstə idi. xx.xx.2009-cu ildə xəstəxanadan gətirilən zaman yolda vəfat etmişdir. X1 rayonunda dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, ərizəçinin qardaşıdır. Bacısı oğlu Emin Süleymanlı xəstəliklə bağlı olaraq xx.xx.2009-cu ildə vəfat edib. O, Beyləqan rayonunda dəfn edilib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur (4.8.). İşdən göründüyü kimi ərizəçi mərhum oğlu X6 ölüm şəhadətnaməsini almaq istəyir. Lakin maraqlı şəxs müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən ərizəçiyə imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər və şahid ifadələri əsasında ərizəçinin oğlu X6 xx.xx.2009-cu il tarixdə vəfat etməsi sübuta yetirilir. Həmin faktı təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və xx.xx.2008-ci ildə anadan olmuş X6 xx.xx.2009-cu il tarixində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2008-ci ildə anadan olmuş X6 xx.xx.2009-cu il tarixində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar