Məhkəmə qərarları › İş №2(060)-2175/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2175/2024

09.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2175/2024 09.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi tələbi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi tələbi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin həyat yoldaşı Kərimli Rəşad Kərim oğlunun xx.xx.2024-cü il tarixdə vəziyyəti pisləşdiyindən təcili tibb yardım çağrılmış və həkimlər gələnə qədər o, vəfat etmişdir. Bu barədə polisə məlumat verilərək, meyit morqa təhvil verilmiş, ordan da evə gətirilərək Sumqayıt şəhər Qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi sonradan həkim kağızı almaq üçün X8 stansiyasına müraciət etmiş, ordan arayış vermişlər. Ərizəçi həmin arayışla qeydiyyat şöbəsinə müraciət etdi, lakin qeydiyyat şöbəsi bildirdi ki, ölümün səbəbi barədə tibbi şəhadətnamə olmadığı üçün ölüm haqda şəhadətnamə verilə bilməz və bu halda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ona görə də bu barədə ərizə ilə məhkəməyə müraciət edir. Sumqayıt şəhər İH MKTİB-nin Vətəndaşlara Xidmət İdarəsinin xx.xx.2024-cü il tarixli 01 saylı arayışından görünür ki, Kərimli Rəşad Kərim oğlu Sumqayıt şəhər qəbiristanlığında dəfn edilmişdir. X8 Stansiyasının xx.xx.2024-cü il tarixli arayışından da görünür ki, Kərimli Rəşad Kərim oğlu xx.xx.2024-cü il tarixdə evində ölmüşdür. Hazırda ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini ala bilmir. Göstərilənlərə əsasən xx.xx.1962-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Kərimli Rəşad Kərim oğlunun xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində baş vermiş ölümün qeydə alma faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsin1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə işə maraqlı şəxs 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, Kərimli Rəşad Kərim oğlu onun atası olmuşdur. Mərhum ürək xəstəliyindən müalicə alırdı. Evdə heç kəs olmadığı zaman otağında ürək tutması səbəbi ilə vəfat etmişdir. Onu Sumqayıt qəbiristanlığında dəfn etmişlər.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır, onunla qonşuluq münasibətləri var. Ərizəçinin əri Kərimli Rəşad Kərim oğlu Sumqayıt şəhərində evində ürək tutmasından vəfat etmişdir. Mərhumu ailə həyatı qurmazdan əvvəl də tanıyırdı. Belə ki, mərhumda astma xəstəliyi var idi. Eyni zamanda, son vaxtlar ürəyindəki problemlərlə əlaqədar müalicə alırdı.

9. İş materiallarında olan Sumqayıt şəhəri Nikah evi tərəfindən 17 oktyabr 1993-cü il tarixdə verilmiş Vİ-ЖГ № 379640 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Kərimli Rəşad Kərim oğlu ilə X3 17 oktyabr 1993-cü il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 1225 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Kərimli soyadı verilmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Sumqayıt Tibb Mərkəzi” X6 X8 Stansiyası tərəfindən verilmiş 16 yanvar 2024-cü il tarixli, 178 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:37-də ünvan 1 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Kərimli Rəşad Kərim oğlu adına 102 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1962-ci il təvəllüdlü Kərimli Rəşad Kərim oğlunun meyidini aşkar etmişdir. Yaxınlarının deməsinə görə mərhum “Epilepsiya” xəstəliyindən əziyyət çəkmişdir. Müayinə zamanı meyit üzərində boyunun sol tərəfi, boğaz və döş qəfəsinin ön səthinin sağ nahiyyəsində qançır ləkələri, üzün sol səthi boyunun və yuxarı ətrafların arxa səthi, sol aşağı ətrafların arxa səthi, sol aşağı ətrafda meyit ləkələri qeyd olunurdu. Ölüm hadisəsi barədə polisə məlumat verilmiş və meyit morqa təhvil verilmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən X9 oğlunun müraciətinə 22 yanvar 2024-cü il tarixdə verilmiş, 58-3/2-K-629 nömrəli cavab məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Kərimli Rəşad Kərim oğlunun xx.xx.2024-cü il tarixdə yaşadığı evdə öz əcəli ilə ölməsi ilə əlaqədar heç bir şikayət və tələblərinin olmadığını, araşdırmanın dayandırılmasını xahiş etdiyini bildirdiyi üçün toplanmış material PB-nin dəftərxanasına təhvil verilmişdir.

12. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 25 yanvar 2024-cü il tarixli, 3-16-5/8-297/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsin əsasən ölümün qeydiyyatı ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Kərimli Rəşad Kərim oğlunun ölümünü təsdiq edən ölüm haqqında tibb şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

13. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 01 saylı arayışdan görünür ki, Kərimli Rəşad Kərim oğlu xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər qəbiristanlığında dəfn olunmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmədə Ərizəçi izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin həyat yoldaşı Kərimli Rəşad Kərim oğlu 15 yanvar 2024-cü il tarixində Sumqayıt şəhərində (ev şəraitində) vəfat etmiş və Sumqayıt şəhər qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.

16. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

17. Göründüyü kimi ərizəçi ərinin ölümü haqqında şəhadətnaməni başqa ala bilməmişdir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

19. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

20. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

21. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

22. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi həyat yoldaşı Kərimli Rəşad Kərim oğlunun 15 yanvar 2024-cü il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi ərizəsi təmin edilsin. 20 oktyabr 1962-ci il təvəllüdlü Kərimli Rəşad Kərim oğlunun 15 yanvar 2024-cü il tarixində Sumqayıt şəhərində (ev şəraitində) ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar