Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2238/2022 01.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin zəbt edilmiş torpaq sahəsindən çıxarılması, özbaşına tikilmiş hasarın sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.04099 ha torpaq sahəsinin cavabdehlərin onlar tərəfindən zəbt edilmiş hissəsindən çıxarılması, cavabdehlər tərəfindən özbaşına tikilmiş hasarın, qoyulmuş qapının hər iki cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.04099 ha torpaq sahəsi ******* saylı, 18.09.2006-cı il tarixli çıxarışa əsasən İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Həmin torpaq sahəsini Əliyeva X2 rayonu 1 saylı dövlət notariat kontorunda bağlanmış 4Ə/09-1736 saylı, 26.08.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.04099 ha torpaq sahəsinin planı 1:10000 miqyas ölçüsü ilə 29.04.2019-cu il tarixində 15727 nömrəsi ilə uçota alınmışdır. İddiaçı torpaq sahəsi sağ və sol istiqamətində yerləşən qonşuları Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş və onlar tərəfindən həmin ərazidə hasar çəkilmiş və cavabdehlər tərəfindən qapı qoyulmuşdur. Bu səbəbdən iddiaçı öz mülkiyyətimdən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, mübahisə ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Bu Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Bu 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında olduğundan və sözügedən torpaq sahəsi Abşeron rayonu, Saray qəsəbəsində yerləşdiyindən mübahisə ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə aiddir. Mülki iş materiallarından görünür ki, ********* nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət büdcəsinə 18.02.2022-ci ildə Sumqayıt Şəhər Məhkəməsinə 101 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən AR MPM-nin 39.1-ci maddəsinin tələbləri pozulduğundan, həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalı və həmin iddia tələbinə görə 18.02.2022-ci il tarixdə "xxxx" ASC-yə ödənilmiş 101 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin zəbt edilmiş torpaq sahəsindən çıxarılması, özbaşına tikilmiş hasarın sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. X1 18.02.2022-ci il tarixdə "xxxx" ASC-yə ********* nömrəli qəbzlə ödəmiş olduğu 101 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2238/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2238/2022
01.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver