Məhkəmə qərarları › İş №2(060)-2259/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2259/2022

11.03.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2259/2022 11.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış 17.12.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsasladırmışdır ki, o, 17.12.2021-ci il tarixdə keçirilmiş mediasiya prosesində keçmiş həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahıarından olan 16.01.2018-ci il təvəllüdlü X5 və 16.01.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin ödənilməsinə dair barışıq sazişi imzalamışlar. Buna baxmayaraq cavabdeh sazişə əməl etməkdən imtina edərək, razılaşdıqları alimenti ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəsmi qaydada məhkəmə bildirişi və SMS bildiriş göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməmə səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 393480 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış nikah 28.01.2020-ci il tarixdə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 25 № ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 076288 və AZ-İV 076288 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X8 və X5 16.01.2018-ci il tarixdə anadan olmuşlar. Ataları Maraqlı şəxs, anaları Ərizəçidır. İş materiallarında olan “Mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi” barədə 17.12.2021-ci il tarixli üç tərəfli müqavilədən görünür ki, mübahisə tərəfləri alimentə yenidən baxılması və uşaqla ünsiyyət məsələsindən irəli gələn mübahisəni mediasiya prosesi vasitəsilə həll etməyə çalışacaqlar. Mediasiya prosesi ilə əlaqədar xərclər 100 manat təşkil edir və Ərizəçi tərəfindən ödəniləcəkdir. İş materiallarında olan 17.12.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi (Birinci tərəf) və həyat yoldaşı Maraqlı şəxs (İkinci tərəf) arasındakı mübahisə uşaqların saxlanması üçün aliment məbləğinin müəyyən olunması və Maraqlı şəxs uşaqlarla vaxt keçirməsinin müəyyən olunması ilə bağlı olmuşdur. 2.1.Tərəflər razılaşır ki, 2.1.1.Onların birgə nigahlarından doğulmuş, 16.01.2018-ci il təvəllüdlü X8 və 16.01.2018ci il təvəllüdlü X1 üçün hər uşağa 100 (yüz) manat olmaqla aylıq 200 (iki yüz) manat aliment məbləği Maraqlı şəxs tərəfindən ödəniləcəkdir, 2.1.2. Birinci tərəf Ərizəçi, Maraqlı şəxs övladları 03.06.2007-ci il təvəllüdlü X3, 24.07.2011-ci il təvəllüdlü X9, 16.01.2018-ci il təvəllüdlü X8 və 16.01.2018-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə və bazar günləri maneəsiz vaxt keçirməsinə və Maraqlı şəxs istəyinə bağlı olaraq onun yaşadığı yerdə qalmasına etiraz etmir. 2.1.3.Tərəflər uşaqların mənəvi baxımdan sağlam böyüməsi və bunun üçün valideynlərin təlim-tərbiyəsinin fasiləsiz göstərilməsi üçün maksimum şərait yaradacaqlarını bəyan edirlər. 2.2.Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. 2.3.Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4.Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5.Əgər saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.6.Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.1.Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2.Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3.Tərəflər razılaşırlar ki, hazırkı sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasoya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4.Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1.bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2.bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3.mediasiya və ya hazırkı sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara;3.4.4.qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.5.yaxın qohumlara; 3.4.6.Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5.Bu Sazişin məzmununun sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6.Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7.Bu saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 01 mart 2022-ci il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 17 dekabr 2021-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 01 mart 2022-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 17.12.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 01.03.2022-ci il tarixdən etibarən 16.01.2018-ci il təvəllüdlü X8 və 16.01.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar