Məhkəmə qərarları › İş №2(060)-245/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-245/2023

18.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-245/2023 18.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, anası X3, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın naturada ayrılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, 12-ci məhəllədə yerləşən 99/5 saylı evdən iddiaçının mülkiyyətində olan 4/6 hissədə payın naturada ayrılaraq sərhədlərinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, 12-ci məhəllə ev 99/5-də yerləşməklə iddiaçının mərhum babası X2 məxsus olmuş, o da həmin evi xx.xx.2010-cu il tarixli vəsiyyətnamə əsasında iddiaçıya vəsiyyət etmişdir. İddiaçının babası xx.xx.2014-cü ildə vəfat etmiş və onun vəfatından sonra Sumqayıt şəhər 1 saylı DNK-da verilmiş xx.xx.2015-ci il tarixli 2v-66 nömrəli reyestrlə qeydə alınmış vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qeyd edilən fərdi yaşayış evinin 4/6 hissəsi üzərində iddiaçının pay hüququ müəyyən edilmiş, cavabdeh olan əmilərinin isə hər birinin 1/6 hissə olmaqla, ümumilikdə 2/6 hissədə pay hüquqları açıq saxlanılmışdır. Mübahisəli evdə iddiaçı və cavabdehlər öz ailə üzvləri ilə yaşayırlar. İddiaçının payına düşən hissədə mülkiyyət hüquqları AR DƏDRX 2 saylı Sumqaıt ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış əsasında qeydə alınmışdır. Qeyd edilən əmlak üzərində iddiaçının payı müəyyən olunsa da, həmin pay naturada ayrılaraq iddiaçıya verilməmişdir. Bu da həmin evdən istifadə ilə bağlı bir sıra problemlərə yol açır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi, anası X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında ev üzərində ədalətli bölgü aparılmasını xahiş etdi və iddianın təmin edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iştirake dən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1987-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 2-in 4/6 hissəsi iddiaçının adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Həmin fərdi yaşayış evi üzərində 2/6 hissə açıq pay kimi saxlanmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X1 470 saylı, xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, iddiaçı ünvan 2 ünvanında yaşayır. Ev 1 mərtəbəli, 6 otaqlıdır. Evin sahəsi 120,9 kv.m təşkil edir. İddiaçının payı 4/6 hissədən ibarətdir. Cavabdehlər də həmin ünvanda qeydiyyatdadırlar. xx.xx.2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 2 ünvanında qeydiyyatda olan iddiaçı miras əmlakdan 3/6 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhər Kotec qəsəbəsi, 12-ci məhəllədə 0.06 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, yaşayış sahəsi 102.9. kv.metr, köməkçi sahəsi 72,3 kv.metr olan 6 otaqlı 99/5 saylı evdən ibarətdir. Göstərilən miras əmlakın 1\6 hissəsinə X4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Göstərilən miras əmlakın qalan 1\6 hissəsinə Cavabdeh2 və 1\6 hissəsinə Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcək və onların payı açıq saxlanılacaq. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubda bildirmişdir ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllə, 99/5 ünvanda yerləşən fərdi yaşayış evi Sumqayıt “ASAN Xidmət “ mərkəzində notariat ofisinin təsdiq etdiyi xx.xx.2015-ci il tarixli, 2V-67 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Sumqayıt şəhər 1 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2015ci il tarixli, 2V-66 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2015-ci il tarixli, 3M-207 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında 2/6 hissə açıq pay, 4/6 hissə isə İddiaçı payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat keçmiş və fərdi yaşayış evinə dair xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8191 saylı rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən 99/55 saylı evdən iddiaçının 4/6 hissədə payının ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin və metodik vəsaitin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. İş materiallarına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportu əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (213.1.). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (213.2.). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3.). Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mənzilin onun mülkiyyətində olan hissəsinin naturada ayrılaraq ona verilməsini xahiş edir. Payın naturada ayrılmasının mümkün olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən iş üzrə məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ekspert rəyində payın naturada ayrılmasının mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1.). Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2.). Məhkəmə hesab edir ki, əmlakın naturada bölgüsünün mümkünlüyü yalnız konkret sahədə xüsusi biliyə malik olan şəxs tərəfindən müəyyən edilə bildiyindən hazırkı iş üzrə ekspert rəyi nəzərə alınmalı və iddia təmin edilməməlidir. MPM-ə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir (115.0.1.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (119.1.). Ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən həmin məbləğ iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, 12-ci məhəllədə yerləşən 99/5 saylı evdən iddiaçının mülkiyyətində olan 4/6 hissədə payın naturada ayrılaraq sərhədlərinin müəyyən edilməsi barədə iddiası təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar