Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2465/2021 19.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X5 iştirakları ilə, İddiaçı cavabdehlər X7, X4, X11, X12 və X2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı oğlu Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.5 kv.m olan mənzildə olan şəxlərin öz əşyaları ilə birlikdə cavabdehin hesabına çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdehdər sırasından çıxarılmasını, X5, X3, X8, X9, X1 cavabdeh qismində işə cəlb edilməsini, cavabdehlərin azyaşlı uşaqları X20 və X24 oğlu ilə birlikdə iddiaçıya məxsus mənzildən cavabdehlərin öz hesablarına məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi izahatında göstərdi ki, iddiaçı xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 68.5 kv.m olan mənzili notariat qaydada, alqı-satqı müqaviləsi bağlamaqla 25.000 manata əldə edib. Mənzilin alğı-satqısı üçün bütün tələb edilən sənədlər notariusa təqdim edilmişdir. Alğı-satqıdan sonra adına mülkiyyət hüquqlarına dair çıxarış da Əmlak Məsələsi Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona təqdim edilmişdir. Yəni, bu gün iddiaçı qeyd edilən mənzilin tam mülkiyyətçisidir. Alğı-satqı zamanı satıcının bildirməsinə görə mənzildə olan şəxslər də mənzili qısa müddətdə boşaldaraq iddiaçıya təhvil verməli idilər. Lakin artıq bir ildən çoxdur ki, iddiaçı öz mənzilinə daxil ola bilmir. Həmin vaxt satıcı iddiaçıya mənzildə kirayəçi olduğunu bildirmiş və özü onları çıxaracağına dair vəd vermişdir. Lakin hazırkı vaxtadək mənzil boşaldılmamışdır. Odur ki, göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş edir. Cavabdeh X21 oğlu izahatında göstərdi ki, o, məlum hadisələrlə bağlı Zəngilan rayonundan məcbur köçkün düşərək ailəsi ilə birlikdə mübahisə predmeti olan mənzildə məskunlaşmışdır. Digər cavabdehlər onun ailə üzvləridirlər və hazırda sözügedən mənzildə yaşayırlar. O, digər yaşayış sahəsi ilə təmin olunacağı halda ailəsi ilə birlikdə yaşadıqları mənzildən çıxmağa etiraz etmir. Lakin hazırda başqa yaşayış yerləri yoxdur. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Mülki iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 226 saylı, xx xxxxx 2021-ci il tarixli arayışından görünür ki, X13, X10, X14, X15, X6, azyaşlı uşaqlar X20 və X24 oğlu məcburi köçkün kimi 1993-cü ildən ünvan 1 ünvanında məskunlaşmışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron “Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 8A saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxx 2019-cu il tarixdə qeydə alınmışdır. AN-1 № ******* saylı xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh (satıcı) Sumqayıt şəhəri, 12-ci mikrorayon ev 8A, 3 saylı mənzili İddiaçı (alıcı) oğluna satmışdır. Beləliklə, məhkəmədə işin araşdırılan halları ilə müəyyən edildi ki, mübahisə predmeti olan mənzil iddaçının xüsusi mülkiyyətindədir. İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Cavabdehlər həmin mənzildə məcburi köçkün kimi məskunlaşmışlar. Müəyyən edilmiş bu hallar işin faktiki və mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 212-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx xxxx 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Akimova Azərbaycana qarşı» iş üzrə 2007-ci il tarixli qərarında X19 Məhkəməsi qeyd etmişdir ki, «mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir : birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. 1 saylı Protokolun 1-ci maddəsinin tələbi ondan ibarətdir ki, mülkiyyət hüqüqundan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Məhkəmənin hüquqi mövqeyinə görə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunililik tələbinə cavab versin və əsassız olmasın. Konvensiyadakı «qanun» və «qanuni» anlayışları mahiyyətcə daxili qanunvericiliyə istinad edir və qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Qeyd edilən Qərarda Avropa Məhkəməsi hesab etmişdir ki, şəxsin (məcburi köçkün) şikayətçinin mənzilini tərk etməməsi şikayətçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququna zidd olub. Bu nəticə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsini aydınlaşdırmağı gərəksiz edir. Məhkəmə qərara almışdır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulub. Məhkəmə işin faktiki hallarını hüquq normalarına əsasən təhlil edib bu nəticəyə gəlir ki, iddiaçının cavabdehlərin ona məxsus mənzildən çıxarılması barədə iddia tələbi əsaslı və qanunidir. Cavabdehlər tərəfindən mülkiyyətə müdaxilə edilməklə iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Bu isə öz növbəsində daxili qanunvericiliyinin yuxarıda şərh olunan pozuntusu ilə yanaşı, həm də Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə yaşaması ona öz mülkiyyətinə sahiblik, istifadə və sərəncam hüququnu həyata keçirməyə mane olur. Odur ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər X13, X10, X14, X15, X6, azyaşlı uşaqları X20 və X24 oğlu Sumqayıt şəhəri, 12-ci mikrorayon, 8A saylı evin 3 saylı mənzilindən əmlakları ilə birlikdə çıxarılsınlar və həmin mənzil İddiaçı təhvil verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2465/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2465/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver