Məhkəmə qərarları › İş №2(103)-4298/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4298/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4298/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh, cavabdehin vəkili Vəkil1, üçüncü şəxs Şahbaz Şahbazovun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və mənzillərin qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli qətnaməsindən Cavabdeh və üçüncü şəxs Şahbaz Şahbazov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, ev № 16-da yerləşən 97 və 98 №-li mənzillərlə bağlıdır (bundan sonra – mənzillər). Mənzillərə dair iddiaçı ilə cavabdehin arasında 07.05.2012-ci il tarixli, 117 №-li müqavilə bağlanıb (bundan sonra – müqavilə). Müqaviləyə əsasən iddiaçı mənzilləri cavabdehə satmağı, cavabdeh isə mənzillərin dəyərini ödəməyi öhdəsinə götürüb. Mənzillər hal-hazırda cavabdehin sahibliyindədir. Tələb və onun həlli: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, müqavilə ləğv edilsin və mənzillər boşaldılaraq iddiaçıya qaytarılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, müqavilə ləğv edilsin, mənzillər boşaldılaraq iddiaçıya qaytarılsın. Şikayət və izahatlar: Hər 2 apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh, cavabdehin vəkili Vəkil1, üçüncü şəxs Şahbaz Şahbazovun vəkili və nümayndəsi Vəkil2 apellyasiya şikayətlərinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil3 isə apellyasiya şikayətlərinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: İddia onunla əsaslandırılıb ki, mənzillərin qiyməti ödənilməyib. Müqavilədə mənzilin qiyməti və onun ödənilmə müddəti göstərilməyib. Mübahisə də məhz bununla bağlı yaranıb. Ona görə də məhkəmə qiymət və müddətlə bağlı aşağıdakıları qeyd edir. Qiymət barədə: Müqavilə əvəzli müqavilədir. Belə ki, 1-ci, müqavilənin məzmunundan görünür ki, o, əvəzlidir, 2-ci, tərəflərin heç biri onun əvəzsiz olduğunu bildirmir. Mülki Məcəllənin 398.3-cü maddəsinə görə əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. Göründüyü kimi, qanunda “müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə” ifadəsindən istifadə olunub. Müqavilənin 2.1-ci bəndində qeyd olunub ki, qiymət razılaşma yolu ilə müəyyənləşdirilməlidir. Lakin cavabdeh iddiaçıya hər hansı qiymət ödəməkdən imtina edir. O, bunu məhkəmə iclasında bildirib. Bu isə onu təsdiq edir ki, qiyməti razılaşma yolu ilə müəyyən etmək mümkün deyil. Ona görə də qanunda göstərilən “müqayisəyə gələ bilən hallarda oxşar mallar” ifadəsi əsas götürülməklə qiymət müəyyən olunmalıdır. İddiaçı cavabdehə bildiriş (cild 1, iş v. 17) göndərərək özünün müəyyən etdiyi qiyməti bildirişdə göstərib. Lakin cavabdeh iddiaçıya cavab verməyib: qiymətin yüksək olduğunu bildirməyib, özü hər hansı qiymət təklif etməyib və s. O, hesab edir ki, iddiaçıya müqavilə üzrə hər hansı pul məbləği ödəməli deyil. Cavabdehin müqayisəyə gələ bilən oxşar mal (həmin ərazidəki eyni sahəli mənzil) üzrə qiymətin müəyyənləşdirilməsindən boyun qaçırması o deməkdir ki, cavabdeh qiyməti ödəməkdən ümumiyyətlə imtina edir. Müddət barədə: Müqavilədə qiymətin ödənilmə müddəti göstərilməyib. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Göründüyü kimi, müddət təyin edilməyib, habelə şəraitə görə onu təyin etmək mümkün deyil. Ona görə də iddiaçı qiymətin dərhal ödənilməsini tələb edə bilər, cavabdeh isə onu ağlabatan müddətdə ödəməyə borcludur. Mülki Məcəllənin 427.4-cü maddəsinə görə ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən 7 gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. İddiaçı cavabdehə bildiriş (cild 1, iş v. 17) göndərərək qiyməti ödəməyi tələb edib, 7 gün gün keçib, lakin cavabdeh qiyməti ödəməyib. Ona görə də belə hesab olunur ki, qiymətin ödənilməsi müddəti bitib. Göründüyü kimi, qiymət və müddət məsələsinə münasibətdə iddia əsaslıdır. Cavabdehin qiyməti ödəməkdən imtina etməsi müqavilənin əhəmiyyətli dərəcədə pozulması hesab olunur. Ona görə də məhkəmə Mülüki Məcəllənin 421.2 və 600.4-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçı müqavilənin ləğv edilməsini və mənzillərin qaytarılmasını tələb etməyə haqlıdır. Üçüncü şəxs Şahbaz Şahbazov cavabdehin qardaşıdır, o, iddiaçı MMC-nin təsisçilərindən biridir. Mənzilin cavabdehə verilməsi üçünçü şəxsin təsisçilik hüquqları ilə əlaqələndirilsə də, bunun hazırkı mübahisənin həlli üçün əhəmiyyəti yoxdur. Belə ki, mübahisə müqavilədən əmələ gəlib, cavabdehin qardaşı müqavilənin tərəfi deyil, habelə müqavilədə təsisçilik hüquqları ilə bağlı hər hansı şərt qeyd olunmayıb. Beləliklə, birinci instansiya məhkəməsi iddiabı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh apellyasiya şikayəti rədd olunsun. Üçüncü şəxs Şahbaz Şahbazovun apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar