Məhkəmə qərarları › İş №2(060)-2522/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2522/2023

04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2522/2023 04.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə 04 may 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16 dekabr 1958-ci ildə anadan olmuş, 15 yanvar 2019-cu ildə vəfat etmiş və Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuş mərhum atası X3 ölüm faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 onun atasıdır. Bunu ona məxsus olan XV-JQ 486667 nömrəli doğum haqqında şəhadətnamə təsdiq edir. X13 15 yanvar 2019-cu ildə vəfat etmiş və el adəti ilə 16 yanvar 2019-cu il tarixində Sumqayıt şəhər Qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun Sumqayıt şəhər Qəbirstanlığında dəfn olunmasını Sumqayıt şəhər İH MKTİB-nin vətəndaşlara xidmət idarəsinin xx.xx.2023-cü il tarixli, 11 saylı arayışı təsdiq edir. Həmçinin atasının vəfatı faktını Azərbaycan Respublikasının Baş Prokurorluğu Abşeron rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli, 23-C-19 saylı "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarı təsdiq edir. Atası 15 yanvar 2019-cu ildə saat 19 radələrində **-TH-*** nömrəli avtobusda vəfat etmişdir. Mərhum atası xəstəxana şəraitində vəfat etmədiyindən “Ölüm haqqında şəhadətnamə” ala bilmir. Tibbi sənədlər mövcud olmadığına görə müvafiq tibb müəssisəsi ölüm haqqında şəhadətnamə vermir. “Ölüm haqqında şəhadətnamə” alınması xahişi ilə Sumqayıt “Asan xidmət” X4 müraciət etmişdir. Sumqayıt “Asan xidmət” X7 özünün 29 may 2019-cu il tarixli imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə də hazırda ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətindədir. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, hazırkı faktın müəyyən edilməsi ona mənzil məsələsinin həlli və mənzilin satılması üçün lazımdır. Atası Bakıdan evə qayıdarkən yolda avtobusun içində rəhmətə gedib. Ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işəmaraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, o ərizəçinin xalasının yoldaşıdır. Eldar Qasımov onun bacanağı olmuşdur. O, 2019-cu ildə hadisə baş verən vaxt rayonda olmuşdur, ona telefon vasitəsi ilə zəng edərək xəbər vermişlər, dərhal bilet alıb gəlmiş və dəfn mərasimində iştirak etmişdir. Şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudurlar. Eldar Qasımov 2019-cu ildə yolda rəhmətə gedib. O, E.Qasımovun yas mərasimində iştirak etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, 05-Q/1413/15 saylı məktubundan görünür ki, Sumqayıt şəhər Qeydiyyat şöbəsi X1 X3 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İşdə olan Sumqayıt şəhər X10 və X2 Stansiyasının 118 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, xx.xx.2019-cu il tarixdə saat 03.14-də ünvan 1 ünvanına çatdıqda X3 meyiti aşkar edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin vətəndaşlara xidmət idarəsinin xx.xx.2023-cu il tarixli, 111 saylı arayışından görünür ki, X8 16 yanvar 2019-cu il tarixdə vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. İşdə olan Abşeron Rayon Prokurorluğunun xx.xx.2019-cu il tarilxi, 23-c-19 nömrəli məktubundan görünür ki, X3 “**-TH-***” avtobusunda ölməsi ilə bağlı toplanmış 23-c-19 nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə rədd edilmişdir. Həmin qərardan görünür ki, X8 16 yanvar 2019-cu il tarixdə Bakı Mühəndislik Universitetinin yaxınlığında vəfat etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin atası 16 dekabr 1958ci il təvəllüdlü X8 xx.xx.2019-cu il tarixində Bakı şəhərində vəfat etmişdir. Bu fakt Sumqayıt şəhər X10 və X2 Stansiyasının 118 nömrəli, xx.xx.2019-cu il tarixli arayışı, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin vətəndaşlara xidmət idarəsinin xx.xx.2023-cu il tarixli, 111 saylı arayışı, şahid ifadələri və digər iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin atası 16 dekabr 1958-ci il təvəllüdlü X3 xx.xx.2019-cu il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 16 dekabr 1958-ci il təvəllüdlü X3 xx.xx.2019-cu il tarixində Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar