Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2528/2022 18.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs – Sumqayıt şəhər Qeydiyyat Şöbəsi) şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mərhum oğlu X2 11.02.2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən (bundan sonra - MPM) məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır (305.1.1.). Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.8.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir (9). “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər (9.1. ). Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır (9.2.). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Təcili və X1 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsində göstərilmişdir ki, X3 hipertoniya xəstəliyi, beyin qan dövranının kəskin pozğunluğu, serebral koma səbəbindən 11.02.2022-ci il tarixdə, saat 11:30-da həkim yanında vəfat etmişdir. Göründüyü kimi X2 ölümü həkimin yanında baş vermişdir. Yuxarıda qeyd edilən sənəd isə ölüm haqqında tibbi şəhadətnaməni əvəz etməsə də həmin şəhadətnamənin verilməsi üçün əsasdır. Belə olan halda ərizəçi müvafiq tibb müəssisəsinə müraciət edərək ona ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etməli, ona imtina cavabı verildikdə isə müvafiq icra hakimiyyəti orqanını cavabdeh kimi göstərərək həmin imtinanı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməli idi. Lakin, ərizəçi belə etməyərək hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin, qeyd edilən faktı təsdiq edən sənədin mövcud olması səbəbindən həmin faktın məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir. MPM-ə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1.). Məhkəmə hesab edir ki, yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 153-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : Ərizəçi (maraqlı şəxs – Sumqayıt şəhər Qeydiyyat Şöbəsi) şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina olunsun. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2528/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2528/2022
18.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver