Məhkəmə qərarları › İş №2(060)-2658/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2658/2021

18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2658/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) mərhum atası 1896-cı ildə anadan olmuş Xudabaxış Abdulla oğlunun 13.01.1988-ci il tarixində Sumqayıt şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1896-cı il təvəllüdlü Xudabaxış Abdulla oğlu ərizəçinin atasıdır. O, 1896-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. 13.01.1988-ci ildə evdə vəfat etmiş və Sumqayıt şəhəri, Corat qəsəbəsi qəbiristanlığında dəfn edilmişdir. Atası evdə vəfat etdiyindən tibb müəssisəsi tərəfindən ölüm faktı rəsmiləşməmiş və ölüm haqqında şəhadətnamə verilməmişdir. Bununla bağlı Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etsə də, işdə maraqlı tərəf olan Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 04.02.2021-ci il tarixli, 05/Q-274/15 saylı məktubu ilə ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1939-cu ildə. Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 163-də qeydiyyatdadır. 549170 saylı pasportun surətindən görünür ki, X6 1896-cı ildə Sumqayıt şəhəri, Corat qəsəbəsində anadan olmuşdur. Sumqayıt Şəhər Bələdiyyəsinin 03.02.2021-ci il tarixli, 22 saylı arayışında X4 Corat qəbiristanlığında 13.01.1988-ci ildə dəfn edildiyi göstərilmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 04.02.2021-ci il tarixli, 05/Q-274/15 saylı məktubunda ərizəçiyə bildirilmişdir ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ərizənin təmin edilməsi mümkün deyil. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, ərizəçi ilə qapı qonşu idilər. X6 1988-ci il tarixdə vəfat etmiş və onun dəfnində şəxsən iştirak etmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid X2 digər şahid Əziz Mirzəyevin izahatına uyğun izahat verdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi mərhum atası X1 ölüm şəhadətnaməsini almaq istəyir. Lakin, maraqlı şəxs müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən ərizəçiyə imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər və şahid ifadələri əsasında ərizəçinin mərhum atası X4 13.01.1988-ci il tarixdə vəfat etməsi sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və 1896-cı ildə anadan olmuş X4 13.01.1988-ci il tarixində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1896-cı ildə anadan olmuş X4 13.01.1988-ci il tarixində, Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar