Məhkəmə qərarları › İş №2(060)-269/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-269/2025

09.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-269/2025 09.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdehlər Cavabdeh4, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və qeyrilərinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR DİN BDYPİ və X4) «avtomaşının geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomaşının geri qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə edərək, məhkəmədən ona məxsus “BMW 323” markalı, 90- DV-372 dövlət qeydiyyat nişanlı avtomaşını cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı sonradan məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ona məxsus “BMW 323” markalı, 90- DV-372 (hazırda ** CK ***) dövlət qeydiyyat nişanlı avtomaşına dair xx.xx.2016-cı il tarixdə Cavabdeh1, xx.xx.2017-ci il Cavabdeh4, xx.xx.2018-ci il tarixdə X2, xx.xx.2020- ci il tarixdə Cavabdeh6, xx.xx.2021-ci il tarixdə Cavabdeh7 və xx.xx.2023-cü il tarixdə Cavabdeh3 ilə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ona məxsus “BMW 323” markalı, 90- DV-372 (hazırda ** CK ***) dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X2, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh3 alınıb ona qaytarılması, axtarışda olan avtomaşınını saxta yolla özgəninkiləşdirən DİN Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı Azər Bədirov və Cavabdeh1 əməllərində cinayətin əlamətləri olduğundan onlar barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdə ona məxsus “BMW 323” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomaşını Cavabdeh2 18.500 ABŞ dollarına alqı-satqısına razılaşmışlar. Həmin razılaşmanın şərtlərinə müvafiq olaraq o, avtomaşını Cavabdeh2 vermişdir. Həmin puldan B.Bəxtiyarlı təxminən 4.500 ABŞ dolları vermiş, qalan pulu verməmişdir. Həmin tarixdə o, Cavabdeh2 adına Bakı şəhəri, 48 saylı notariat kontorunda nəqliyyat vasitəsinə dair baş etibarnamə vermişdir. Lakin Cavabdeh2 öz öhdəliklərinə əməl etməyərək avtomobilini etibarnamə ilə qeyri-qanuni olaraq digər Cavabdeh1 satmış, pulunu yenə verməmişdir. Bu səbəbdən də o, məcbur olaraq ərizə ilə notariat kontoruna müraciət etmiş və ərizəyə əsasən xx.xx.2008-ci il tarixdə həmin etibarnamə ləğv edilərək etibarsız hesab edilmişdir. Bunun əsasında da “BMW 323” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi axtarışa verilmişdir. Lakin indiyədək avtomaşını Cavabdeh1 xx.xx.2016-cı il tarixdə saxta alqı-satqı müqaviləsi ilə onun adından çıxarmış və öz adına rəsmiləşdirmişdir. Yenidən izi itirmək üçün Cavabdeh1 xx.xx.2017-ci il tarixdə hesab arayış əsasında öz adından da qeydiyyatdan çıxarmışdır. Cavabdeh1 bütün bu saxtalıqları AR DİN BDYPİ-nin əməkdaşlarının köməkliyi ilə etmişdir. Beləliklə, o, avtomaşınan məhrum olmuş və ona zərər dəymişdir. Ona görə o, məhkəməyə müraciət etməyə və avtomaşınını geri tələb etməyə məcbur olmuşdur.

4. 16 dekabr 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında AR DİN BDYPİ və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdirlər.

5. 24 fevral 2025-ci il tarixdə məhkəmə iclasında Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişdir.

6. 3 mart 2025-ci il tarixdə məhkəmə iclasında Cavabdeh4, X2, Cavabdeh6 və Cavabdeh7 cavabdehlər qismində işə cəlb edilmişlər.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

7. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Cavabdeh2 ilk dəfə etibarnamə verilmişdir. 4500 ABŞ dolları qaytarılmışdır. Özü məhkəmə iclasında bildirmişdir ki, həmin qiymətə razılaşılmış və ödəmişdir.

8. Məhkəmə iclasında Cavabdeh4 izahatında göstərdi ki, səf etmirsə Emin adlı şəxsdən maşını almışdır.

9. Məhkəmə iclasında Cavabdeh3 izahatında göstərdi ki, 2022-ci ildə maşını almışdır. Lakin kimdən aldığı tam yadında deyildir. Hər bir sənədləşmə qaydasındadır. Rüsumu da ödəmişdir. 5000 manata almış, 2 min manat da özü əlavə xərc çəkmişdir. Maşının karobkasını da 700 manata dəyişmişdir. 9 min manata maşını satır. Əgər razıdırlarsa 9 min manat versinlər, o da maşını satsın. Əgər maşın həbsdə olsa idi, rüsum necə ödəyə bilərdi.

10. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahatında göstərmişdir ki, 18500 ABŞ dollarına razılaşılmış və 4500 ABŞ dolları məbləğində pul ödənilmişdir. Avtomobili satdığı 1 ay ərzində onu həbsə qoymuşdur. 1 ay 3 gün sonra etibarnaməni də ləğv etmişdir. Axtarış qərarı da vardır. Baş etibarnaməni qohum olduqları üçün vermişdir. Lakin sui-istifadə etmişlər. Özü də bildirmişdir ki, ehtiyacı yoxdur.

11. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

12. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri qırx səkkizinci Dövlət notariat kontoru tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X8 İdarəsinin Qeydiyyat imtahan şöbəsinə ünvanlanmış məlumatdan görünür ki, mühərrik nömrəsi WBAAM3334XFP557541, 1998-ci il buraxılışlı, **-DV-*** dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2008-ci il tarixdə 7E-26520 reyestrlə Cavabdeh2 baş etibarnamə vermişdir. İddiaçı xx.xx.2008-ci il tarixli ərizəsinə əsasən həmin etibarnamə ləğv edilmişdir. xx.xx.2008-ci il tarixdən həmin etibarnamə etibarsız hesab edilir. Bunları nəzərə alaraq müvafiq sərəncam verilməsi xahiş edilmişdir.

13. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 016-128646-1122 nömrəli müraciətə cavabdan görünür ki, DYP əməkdaşları tərəfindən qanunazidd hərəkətlərə yol verilməsi halları müəyyən olunmamışdır. Bundan başqa “BMW 323” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə tərtib edilmiş alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olması diqqətə çatdırılmışdır.

14. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktuba cavabdan görünür ki, DİN Baş X8 İdarəsi Qeydiyyat-imtahan kompüter uçot bazasının məlumatlarına əsasən “BMW 323” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2008-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Sözügedən nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə hesab-arayış əsasında Cavabdeh1 adından qeydiyyatdan çıxarılmışdır.

15. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

16. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məktuba cavabdan görünür ki, “BMW 323” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əvvəlki qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı mülkiyyətində olan «BMW 323» minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə qohumu olmuş Cavabdeh2 vermiş (18.500 ABŞ dollarına razılaşaraq satmış), oda öz növbəsində etibarnamə ilə 3-cü şəxsə hüquqlarını ötürmüşdür (satmışdır.). Hüquqlar ötürüldükdən sonra isə Cavabdeh2 ona verilmiş etibarnamə əsasında qeyd olunan sonuncu avtomobili Cavabdeh1 satmışdır. Cavabdeh1 isə daha sonradan avtomobili Cavabdeh4, o da Cavabdeh5 satmış, Cavabdeh5 isə Cavabdeh6, o da Cavabdeh7, o da öz növbəsində Cavabdeh3 satmışdır. Hal-hazırda «BMW 323» minik markalı avtomobil Cavabdeh3 mülkiyyətindədir. Hazırda iddiaçı əqdlərin (müqavilələrin) ləğv edilməsini, mülkiyyət hüququnun bərpa edilməsini (avtomobilin geri qaytarılmasını) tələb edir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

18. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri).

19. Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

20. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir (maddə 362.2).

21. Məhkəmə verilmiş etibarnamə ilə bağlı ilk öncə qeyd edir ki, iddiaçı Cavabdeh2 verilmiş etibarnamənin ləğv edildiyini bildirmişdir. Yəni iddiaçı tərəf həqiqətən də verilmiş etibarnamənin ləğv olunduğunu, olunduğu təqdirdə müvafiq reyestrdən qeydiyyatdan keçirdiyini, tərəflərə bu barədə məlumat verməsini təsdiq edən sübutu təqdim edə bilməmiş, yalnız şifahi məlumatlarla kifayətlənmişdir. Məhkəmə tərəfindən sorğu verilmiş və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məktuba cavabdan görünür ki, “BMW 323” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əvvəlki qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir.

22. Azərbaycan Respunlikası Mülki Məcəlləsinin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur.

23. Əşyanı əldə edənlər vicdanlı və vicdansız əldə edənlər kimi fərqləndirilirlər. Əşyanı əldə edərkən onu özgəninkiləşdirənin həmin əşyanın mülkiyyətçisi olmadığını bilməyən və bilməli olmayan şəxs əşyanı vicdanlı əldə edən sayılır. Bir qayda olaraq vicdanlı əldə edənlərdən əşya tələb edilə bilməz. Lakin bu ümumi qaydadan belə bir istisna vardır ki, əşya əvəzsiz əldə edildikdə, eləcə də bu əşya qanuni mülkiyyətçisi tərəfindən itirilmişsə, ondan oğurlanmışsa və ya onun sahibliyindən çıxmışsa, onu əldə edən bunu bilməmiş olsa da vicdanlı əldə edən sayılır. Bu halda mülkiyyətçi həmin əmlakı əldə edəndən geri tələb edə bilər. Nəzərə almaq lazımdır ki, vicdanlılıq faktı əşya əldə edənə verilənə qədər olmalıdır.

24. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).

25. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

26. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı).

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

29. Göründüyü kimi qanunverici mülki dövriyyəni qorumaq məqsədilə vicdanlı əldə etmə institutunu müəyyən etmişdir.

30. Məhkəmə qeyd edir ki, sübut olunsaydı belə ləğv edilmiş etibarnamə əsasında tərəflər əqd bağlamışdır, bu halda belə artıq mübahisəli nəqliyyat vasitəsi iddiaçı ilə cavabdeh arasında bağlanmış əqd olmaqdan çıxaraq digər 3-cü şəxsə (Cavabdeh1), hətta 4-cü şəxsə (Cavabdeh4) satılmaqla sonuncunun mülkiyyətində olmaqdadır. İddiaçı etibarnamənin ləğv edildiyi müddətdən təxminən 10 il sonra xx.xx.2008-ci il tarixdə etibarnamə əsasında avtomaşını aralarında razılaşdıqları 4500 ABŞ dollara satmış, xx.xx.2008-ci il tarixdə etibarnamə ləğv edilmiş, məhkəmə tərəfindən işin araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, DİN Baş X8 İdarəsi Qeydiyyat-imtahan kompüter uçot bazasının məlumatlarına əsasən “BMW 323” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2008-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh1 adına rəsmiləşdirilmiş, sözügedən nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə hesab-arayış əsasında Cavabdeh1 adından qeydiyyatdan çıxarılmışdır.

31. Məhkəmə araşdırılan işin fakitiki hallarına əsasən bu qənaətə gəlir ki, iddiaçı tərəfindən bu qədər uzun müddət ərzində maşının onun mülkiyyətindən çıxmasında məlumatlı olmaması və ya bu qədər müddət ərzində mübahisələndirilməməsi inandırıcı sayılmayaraq, verilmiş tələbin əsassız olması qənaətinə gəlməsinə imkan verir.

32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və qeyrilərinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR DİN BDYPİ və X4) «avtomaşının geri qaytarılması» və sair tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Həmçinin, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbləri təmin olunmadığına görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və qeyrilərinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR DİN BDYPİ və X4) «avtomaşının geri qaytarılması» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar