Məhkəmə qərarları › İş №2(060)-2751/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2751/2024

19.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2751/2024 19.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi İddiaçı maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Maraqlı şəxs ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahdan iki övladları vardır, uşaqlardan biri xx.xx.2009cu il təvəllüdlü X5 azyaşlıdır. Sumqayıt Mediasiya Təşkilatında keçirilən mediasiya prosesi zamanı xx.xx.2023-cü il tarixdə MŞS/MT030/2023-02607 saylı mediasiya işi üzrə tərəflər arasında barışıq sazişi bağlanmış və həmin sazişin 3-cü bəndində maraqlı şəxs qızları Mələyin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın sonuncu günündən gec olmayaraq, hər ay 235 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Həmin öhdəlikdən 3 ay keçməsinə baxmayaraq, o, bu öhdəliyə əməl etməmiş və bu səbəbdən də həmin sazişin icraya yönəldilməsi üçün məhkəmə qaydasında təsdiq olunması barədə qətnamə qəbul olunmalıdır. Göstərilənlərə əsasən birgə nikahdan doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin Maraqlı şəxs tərəfindən ödənilməsi barədə Sumqayıt Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-02607 saylı barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi və dövlət rüsumu kimi köçürülmüş 100 manat vəsaitin Maraqlı şəxs ərizəçinin nəfinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Ərizəçi İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır.

7. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Nikah evi tərəfindən 22 dekabr 2002-ci il tarixində verilmiş İİ-AZ № 028748 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X8 22 dekabr 2002-ci il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 1083 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına Mustafayeva soyadı verilmişdir.

9. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 12 mart 2024-cü il tarixdə verilmiş 3-16-5/8-427/69 saylı arayışdan görünür ki, X5 07 iyul 2009-cu ildə Sumqayıt şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası X6r.

10. İşin materiallarında olan İddiaçı ilə Maraqlı şəxs arasında mediator X1 iştirakı ilə xx.xx.2023-cü il tarixdə bağlanılmış MŞS/MT030/2023-02607 saylı barışıq sazişinə əsasən hər iki tərəf bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2022-ci il tarixli, 1083 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası İddiaçı yanında yaşamasına razıdırlar. Mediasiya prosesi zamanı Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) 235 manat məbləğində alimenti İddiaçı ödəməsi barədə öhdəlik götürür. Mediasiya prosesi zamanı tərəflər əmlak bölgüsü və tələbi, həmçinin birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X3 aliment təyin olunması ilə bağlı məsələdə anlaşma əldə edə bilmədiklərinə görə həmin məsələlərin məhkəmə müstəvisində həll edilməsi ilə bağlı razılıq əldə etdilər.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Maraqlı şəxs arasında xx.xx.2023cü il tarixdə barışıq sazişi bağlanılmışdır, həmin barışıq sazişinin 3-cü bəndinə əsasən Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) 235 manat məbləğində alimenti İddiaçı ödəməsi barədə öhdəlik götürür. Hazırda ərizəçi maraqlı şəxsin sazişin həmin bəndinin icrasından yayındığını əsas gətirərək barışıq sazişinin həmin hissədə təsdiq edilməsini məhkəmədən tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

14. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

15. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.

16. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

17. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

18. Göstərilən Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

19. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

22. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia tələbi “dövlət rüsumu kimi ödənilmiş 100 manat vəsaitin cavabdeh Maraqlı şəxs alınaraq iddiaçının nəfinə tutulması” hissəsində qismən təmin edilməlidir.

23. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzə əsasən İddiaçı 50 (əlli) manat məbləğində dövlət rüsumu ödəmişdir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə hesab edir ki, ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir.

26. Qeyd olunanlara əsasən, məhkəmə bu nəticəyə gəlir ki, ərizəçi İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qismən təsdiq edilməklə ərizə qismən təmin edilməlidir.

Nəticə hissəsi:

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə qismən təsdiq edilsin.

1. Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) 235 manat məbləğində alimenti İddiaçı ödəməsi barədə öhdəlik götürür. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzi Maraqlı şəxs alınaraq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar