Məhkəmə qərarları › İş №2(060)-282/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-282/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-282/2022 24.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulmasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 34661.18 manat əsas, 2636.27 manat faiz borcu olmaqla, cəmi 37297.45 manat borcun tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 30.77 manat dövlət rüsumunun və 10.65 manat xidmət haqqının cavabdehdən tutulması, Cavabdeh ipoteka qoyulmuş Sumqayıt şəhəri, Corat bağ massivi 2380/1 ünvanında yerləşən, ümumi sahəsi 66.2 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağ massivi 2380/1 ünvanda ümumi sahəsi 66.2 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X2 elektron kabinet vasitəsilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və ipoteka qoyulmuş Sumqayıt şəhəri, Corat bağ massivi 2380/1 ünvanında yerləşən, ümumi sahəsi 66.2 kv.m olan fərdi yaşayış evi satıldıqdan sonra Cavabdeh müvafiq fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə çıxarılması və fərdi yaşayış evinin boşaldılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 14.03.2014-cü il tarixli, 430İK/14 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 300 ay müddətinə illik 8% hesablanmaq şərti ilə 40.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh arasında Sumqayıt şəhəri, Corat bağ massivi 2380/1 ünvanında yerləşən, ümumi sahəsi 66.2 kv.m olan fərdi yaşayış evinin ipotekaya qoyulması barədə 14.03.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanılmış və müvafiq fərdi yaşayış evi iddiaçının xeyrinə yüklü edilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faziləri vaxtında və lazımi qaydada ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ipoteka qoyulmuş əmlakın müstəqil qiymətləndirici təşkilat tərəfindən müəyyən edilən 64.000 manat satış dəyəri ilə razıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 26.07.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, Corat bağ massivi ünvanında yerləşən 2380/1 nömrəli bağ evi üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14.03.2014-cü il tarixli, 430İK/14 №li kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 8% hesabı ilə 300 ay müddətinə 40.000 manat məbləğində kredit verilmişdir. - 14.03.2014-cü il tarixli kredit müqaviləsinin 3.1.6.1-ci bəndindən görünür ki, borcalan davam edən 60 (altmış) gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə kreditor bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndində göstərilən dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər. - İş materiallarında olan bildiriş məktubundan görünür ki, cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağ massivi 2380/1 ünvanda olan, 0.02 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 66.2 kv.m-dən ibarət bağ evi Cavabdeh kredit öhdəliklərinin təminatı olaraq "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - 14.03.2014-cü il tarixli, 430İK/14 №-li alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evini 0.02 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 1.8-ci bəndindən görünür ki, "xxxx" MMC tərəfindən 20.02.2014-cü il tarixində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən ipoteka predmeti (o cümlədən torpaq sahəsi) 51.000 manat dəyərində qiymətləndirilmişdir. - "xxxx" MMC-nin 11.01.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat bağ massivi 2380/1 ünvanında yerləşən bağ evinin likvid dəyəri 64.000 manat müəyyən edilmişdir. İş üzrə mütəxəssis rəyinə əlavə edilmiş hesab fakturada iş üzrə mütəxəssis rəyinin dəyərinin 200 manat təşkil etdiyi göstərilmişdir. - İddiaçının nümayəndəsi X1 ərizəsindən görünür ki, ipoteka qoyulmuş əmlakın müstəqil qiymətləndirici təşkilat tərəfindən müəyyən edilən 64.000 manat satış dəyəri ilə razıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 14.03.2014-cü kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 300 ay müddətinə, illik 8% dərəcəsi ilə 40.000 manat kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi 14.03.2014-cü il tarixli “Alqısatqı və ipoteka müqaviləsi” bağlanmış və Cavabdeh xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağ massivi 2380/1 ünvanında yerləşən bağ evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 14.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuş, 14.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə 34661.18 manat əsas, 2636.27 manat faiz borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 14.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək və müqavilənin 3.1.6.1-ci bəndinin tələblərini pozaraq iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 14.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun Cavabdeh tutulması hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə Cavabdeh arasında 14.03.2014-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağ massivi 2380/1 ünvanında yerləşən bağ evi ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb MM-in 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 1.8-ci bəndindən görünür ki, yüklü edilmiş əmlakın qiyməti 51.000 manat müəyyən edilmişdir. Məhkəmə, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatın nəticəsi olaraq verilmiş rəyi nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 64.000 manat göstərilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, ödənilmiş 60.77 manat dövlət rüsumu və 11.05 manat digər məhkəmə xərcləri Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda mütəxəssis rəyinin dəyərinin əvəzi olaraq Cavabdeh 200 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 14.03.2014-cü il tarixli, 430İK/14 №-li kredit müqaviləsinə əsasən 34661.18 manat əsas, 2636.27 manat faiz borcu olmaqla, cəmi 37297.45 manat borc və ödənilmiş 60.77 manat dövlət rüsumu və 11.05 manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tələb Cavabdeh xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağ massivi 2380/1 ünvanında yerləşən bağ evinə yönəldilsin. Sumqayıt şəhəri, Corat bağ massivi 2380/1 ünvanında yerləşən bağ evinin ilkin satış qiyməti 64.000 manat müəyyən edilsin. Sumqayıt şəhəri, Corat bağ massivi 2380/1 ünvanında yerləşən bağ evi açıq hərracda satılsın, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 14.03.2014-cü il tarixli, 430İK/14 №-li kredit müqaviləsinə əsasən 34661.18 manat əsas, 2636.27 manat faiz borcu olmaqla, cəmi 37297.45 manat borc və iddiaçı tərəfindən ödənilmiş 60.77 manat dövlət rüsumu və 11.05 manat xidmət haqqı "xxxx" ASC-yə ödənilsin, qalan vəsait isə Cavabdeh qaytarılsın. Hərracda satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədiyi tədqirdə qalan məbləğ Cavabdeh tutulsun. Cavabdeh ipotekaya qoyulmuş Sumqayıt şəhəri, Corat bağ massivi 2380/1 ünvanında ümumi sahəsi 66.2 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqlarına ipotekaya qoyulmuş həmin fərdi yaşayış evi satıldıqdan sonra xitam verilməklə çıxarılsın və mənzil boşaldılsın. İş üzrə mütəxəssis rəyinin dəyəri olaraq Cavabdeh 200 manat tutularaq "xxxx" MMC-nin müxbir hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar