Məhkəmə qərarları › İş №2(060)-3060/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3060/2023

14.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3060/2023 14.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu ildə Ermənistan, Amasya rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan həyat yoldaşı – Maraqlı şəxs2 xx.xx.2019-cu ildə Suriya Respublikasında ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs2 ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2007-ci il, xx.xx.2009-cu il və xx.xx.2016-cı il təvəllüdlü Əbuzər, Mustafa və Abdullah adlı övladları doğulmuşdur. O, 2014-cü ildə həyat yoldaşı Maraqlı şəxs2 və övladları ilə birlikdə Suriya Respublikasına getmişdir. xx.xx.2016-cı il təvəllüdlü X1 Respublikasında olduqları vaxt doğulmuşdur. 2021-ci ildə o, uşaqları ilə birlikdə səfirliyin vasitəsilə Azərbaycan Respublikasına qayıtmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş, oğlu - X2 xx.xx.2016-cı ildə Suriya Respublikasında doğulması faktı müəyyən edilmişdir. Həyat yoldaşı – Maraqlı şəxs2 xx.xx.2019-cu ildə Suriya Respublikasında vəfat etmişdir. Sonuncunun ölmüş elan edilməsi ona uşaqlara ailə başçısını itirməyə görə müavinət almaq üçün lazımdır. Onun bu tələblə məhkəməyə müraciət etməsində məqsəd uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün müavinət almaqdır. Məhkəmə iclasında ərizəçi və nümayəndəsi ərizəni müdafiə etdiklərini bildirərək, onun təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmədə şahid X4 ifadə verərək bildirdi ki, o, Maraqlı şəxs2 anasıdır. Ərizəçinin onun gəlinidir. Övladı Maraqlı şəxs2 Suriya Respublikasına getmiş, ondan əvvəl bir müddət Türkiyədə olmuşdur. Namiq ona tez-tez zəng edərək əlaqə saxlayırdı. Sonra bir müddət Namiq ona zəng etmədi. O özü zəng edərək əlaqə saxlamaq istəyəndə telefonu tanımadığı bir adam götürmüş və oğlunun dostu olduğunu bildirərək Namiqin şəhid olduğunu demişdir. O əvvəl bu xəbərə inanmamışdır. Sonradan Namiqin yoldaşı - Afət uşaqları ilə birlikdə ölkəyə qayıtmışdır. Hazırda ərizəçi və uşaqları onunla birlikdə yaşayırlar. Onun özünü Namiqin dostu deyə tanıtdığı adam ilə dəqiq hansı tarixdə danışdığı yadında qalmamışdır. Təxmini 3 il olar əlaqə saxlamışdır. Həmin adam telefonla video görüntü vasitəsilə dağıntı və insan meyitləri göstərmiş, lakin Namiqin meyitini videoda görməmişdir. Məhkəmə, ərizəçinin və onun nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Maraqlı şəxs2 Ermənistan, Amasya rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs2 birgə nikahından xx.xx.2007-ci il, xx.xx.2009-cu il və xx.xx.2016-cı il təvəllüdlü Əbuzər, Mustafa və Abdullah adlı övladları doğulmuşdur. - Xəzər rayon qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 ilə Ərizəçi arasında xx.xx.2010-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1269 nömrəsi ilə qeydiyyat aparılmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3381/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Ərizəçi oğlu - X2 xx.xx.2016-cı il tarixdə Suriya Respublikasında doğulması faktı müəyyən edilmişdir. - Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi yoldaşı Maraqlı şəxs2 ölümünün qeydiyyata alınması barədə ərizəsinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2047/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs2 (doğulduğu tarix xx.xx.1979-cu il, doğulduğu yer Ermənistan Respublikası, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, seriya və nömrəsi AZE ********) Azərbaycan Respublikasının vətəndaşlığının itilmiş hesab edilməsi qət edilmişdir. - Həmin qətnamədən görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikasında doğulmuş Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs2 ölkə hüdudlarından kənarda dini ekstremist fəaliyyətlə məşğul olması məlum olmuş və bu barədə tərtib edilmiş material şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraat aparılması üçün xx.xx.2018-ci il tarixli, 23/5-7362 nömrəli məktubla Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir. Maraqlı şəxs2 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında dini düşmənçilik zəminində qəsdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə “İŞİD (hazırki adı “İD”) adlı cinayətkar birliyinin tərkibinə daxil olmaqla 2014-2018-ci illər ərzində Suriya Ərəb Respublikasının ərazisinə keçdiyi qanunsuz silahlı qrupa qoşularaq ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmək niyyətilə terror təşkilatının digər üzvləri ilə əlaqəyə girməklə müxtəlif silahlı təlimlərdə iştirak edib odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa hazırlıq hərəkətləri etdiyi müəyyən edilmişdir. - Məhkəmə sorğusu əsasında məhkəməyə daxil olmuş Sumqayıt şəhər Pİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 9, mənzil 45-də qeydiyyatda olan Maraqlı şəxs2 təqsirləndirilən şəxs və yaxud itkin düşməsi barədə axtarış işi qeydiyyata alınmamış, həmçinin ölüm faktı ilə bağlı araşdırma aparılmamışdır. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında Maraqlı şəxs2 sonuncu dəfə xx.xx.2014-cü il tarixdə çıxışı qeydə alınmışdır. - İş materiallarına əlavə edilmiş dörd nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2022ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 2014-cü ildən bu mənzildə yaşamır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin əri Maraqlı şəxs2 xx.xx.2014-cü il tarixdə ölkə sərhəddindən keçərək ölkəni tərk etmiş və bundan sonra geri qayıtmamışdır. Onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Azərbaycan Respublikasının vətəndaşlığı itilmiş hesab edilmişdir. Həmin qətnamədə Maraqlı şəxs2 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında dini düşmənçilik zəminində qəsdən dini ekstremist birliyinin tərkibinə daxil olmaqla cinayətkar fəaliyyətlə məşğul olması müəyyən edilmişdir. Şəxs xəbərsiz itkin düşmüş elan edilməmişdir. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Bu Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Göründüyü kimi, fiziki şəxs üç halda məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Əvvəla, şəxsin ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğu güman edilən bir şəraitdə xəbərsiz itkin düşməsidir. Bu halda həmin şəxsin haqqında cəmi altı ay ərzində xəbər çıxmaması onun ölmüş elan edilməsinə əsas verir. Bu halda şəxsin haqqında müəyyən müddət ərzində məlumat olmaması ilə yanaşı onun həlak olması üçün real ölüm təhlükəsi yaradan şəraitin də mövcudluğu tələb olunur. Bu iki halla əlaqədar məhkəmə qeyd edir ki, şəxs xəbərsiz itkin düşmüş elan olunmamış, onun dini ekstremist fəaliyyətlə məşğul olduğu məkanda silahlı münaqişələr başa çatmamışdır. Şəxsin ölmüş elan edilməsinin qanunvericiliyin normasına əsasən digər əsası hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş şəxsin haqqında hərbi əməliyyatlar qurtardığı gündən azı iki il keçdikdən sonra məlumat alınmamasıdır. Bu halda da, şəxsin həlak olduğunu güman etməyə əsas vardır. Şəxsin ölmüş elan edilməsinin digər əsası isə şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, məhkəmə onu ölmüş elan edə bilər. Bu halda, şəxsin ölümünü güman etməyə başqa əsaslar tələb olunmur, ancaq beş il ərzində onun barəsində məlumat olmaması onun ölmüş elan edilməsi üçün kifayətdir. Lakin, bu o demək deyil ki, şəxsin sağ olubolmaması şübhəli olduqda o, ölmüş elan edilə bilər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs2 təqsirləndirilən şəxs və yaxud itkin düşməsi barədə axtarış işi qeydiyyata alınmamış, həmçinin ölüm faktı ilə bağlı araşdırma aparılmamışdır. Mülki qanunvericiliyin müvafiq müddəasının tələblərindən göründüyü kimi, həmin norma imperativ olmamaqla bu halın müəyyən edilməsi üçün kifayət qədər məlumatların olması halında edilə bilməsininin mümkünlüyünü nəzərdə tutmuşdur. Belə məlumatların olmaması halında şəxsin ölmüş elan edilməsi barədə qənaətə gəlinməsi mümkün deyildir. Qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra edilə bilər. Maraqlı şəxs2 ölmüş elan edilməsi üçün iş materiallarında həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələrin tükənməsi, eləcə də ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi barədə məlumatlar yoxdur. Bundan əlavə, qanunvericiliyin imperativ – şəxsin beş il ərzində harada olması barədə məlumatın olmaması şərti, işin faktiki halları ilə təkzib olunur. Belə ki, Maraqlı şəxs2 harada olması barədə ərizəçinin, eləcə də anasının məlumatları olmuş, hətta üç il bundan əvvələ qədər onunla vaxtaşırı əlaqə saxlanılmışdır. Göründüyü kimi, Maraqlı şəxs2 ölmüş elan edilməsi üçün məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ərizəçinin Maraqlı şəxs2 ölmüş elan edilməsinə dair ərizə əsassızdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311, 355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş Maraqlı şəxs2 ölmüş elan edilməsinə dair ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar