Məhkəmə qərarları › İş №2(060)-3148/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3148/2025

10.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3148/2025 10.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-nin Sumqayıt şəhəri üzrə təmsilçisi işləyir. Cavabdeh X6 ilə bir-birilərini illərdir tanıyır və bir məhəllədə böyümüşlər. Həsənov Vüqar 2023-cü ərzində Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən "Bellissimo” PUB-ı icarə əsasında işlədirdi. 2023-cü ilin iyun ayından dekabr ayına qədər olan müddətdə sözügedən “Bellissimo” adlı pubda yerləşən Misli məntəqəsində cavabdeh X6 ilə şərik işləmək qərarına gəlmişdilər, lakin iddiaçı eşitmişdir ki, Vüqar Həsənov idman mərc oyunlarında iştirak edir. Misli az məntəqəsini açanda Vüqara bildirdi ki, o, mərcə oyun yazmasın o da bu iradı ilə razılaşmışdı. Həmçinin onu da qeyd edir ki, Misli az-ı işlətmək üçün bank hesabında 5000 manat olmalıdır və həftənin 2-ci günləri ümumi hesabat günüdür. 2023-cü ilin iyun ayından Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən sözügedən pubda Misli.az fəaliyyətə başladı və iddiaçı ordakı nəzarəti Vüqar Həsənova tapşırdı. İddiaçı arabir ora dəyib işlərə nəzarət edirdi. Həmin vaxtdan etibarən isə iddiaçı hər həftənin 2-ci günləri ora dəyib ümumi hesabat aparırdı. Qeyd edir ki, bəzən Vüqarın müəyyən məbləğlərdə kəsri qalırdı, Vüqar isə iddiaçıya deyirdi ki, həmin məbləğlərdə mərcləri tanıdığı adamların, yəni Əbdül və Şamil adlı şəxslərin yazdığı, pulları gətirib verəcəyini bildirmişdir. İddiaçı da onun sözlərinə inanaraq öz vəsaiti hesabına qalmış kəsir pullarını Misli.az hesabına ödəyirdi ki, hesab bağlanmasın. Hətta bəzən həftənin 2-ci günlərində borc olmurdu. Vüqar isə Şamil və Əbdülün borcu gətirib ödədiyini deyirdi. Lakin 2023-cü ilin oktyabr ayında hesabat günü müəyyən etmişdir ki, Həsənov Vüqar öz adına və yaxınları kimi təqdim etdiyi Şamil və Əbdülün adma ümumillikdə 18000 manat mərcə oyun kuponu yazmışdır. Belə ki, Vüqarın dediyinə əsasən 4500 manat özü, 13500 manatı isə Şamil və Əbdül yazmışdır. İddiaçı isə Vüqara öz etirazını və pulların təcili bank hesabına vurulmalı olduğunu bildirdi. X11 dedi ki, Şamil və Əbdülə borcu var, həmin borcu onlar silmişdir, qeyd edilən pullarıda özü ödəyəcəkdir. İddiaçı Vüqara inanmış və humanistlik edərək 18000 manat pulu öz vəsaiti hesabına ödəmişdir. Bundan sonra iddiaçı Vüqara nisyə mərc oyunlarına qadağa qoydu. Son hesabatda isə Vüqar əmisi oğlu Mətləb Həsənovun adına 3000 manatlıq mərc kuponu yazmışdı. İddiaçı da bu barədə Mətləbə dedikdə sonuncu pulu ödəyəcəyini demişdi. Daha sonra Mətləb iddiaçıya 2000 manat göndərmişdi, 1000 manat pul isə qalmışdır. Dəfələrlə Mətləbə həmin 1000 manatı ödəməyi dedikdə sonuncu həmin puldan xəbəri olmadığını, Vüqarın onun adından mərc kuponu yazdığını bildirmişdir. Hətta Mətləb iddiaçıya 2000 manat pulu da Vüqardan güclə aldığını bildirmişdir. Qalan 1000 manat pulu da Vüqarın borcuna yazmış və öz vəsaiti hesabına bank hesabına köçürmüşdür. Ümumillikdə Vüqarın iddiaçıya 24000 manat borcu var, dəfələrlə pulu ondan tələb etsə də, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən boyun qaçırırdı və iddiaçını aldadırdı. İddiaçı isə sonda məcbur qalaraq Vüqara bildirdi ki, borcu onun yaxınları Şamil və Əbdüldən tələb edəcəkdir. Vüqar isə məcbur qalaraq iddiaçıya etiraf etdi ki, həmin kuponları özü yazıb, Şamil və Əbdülə borcu yoxdur, özü qəsdən iddiaçıya yalan məlumat vermişdi ki, iddiaçı nisyə kupon yazmağı dayandırmasın. X6 bir mənalı olaraq iddiaçının ona olan etibarından və şəriklik münasibətindən sui-istifadə edərək iddiaçıya 24000 manat zərər vurmuşdur. İddiaçı bu məsələ barəsində xx.xx.2024cü il tarixdə yazılı ərizə ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət etsə də, təhqiqatçı bu ifadələri alaraq xx.xx.2024 cü il tarixli qərarında qeyd etmişdir ki, mübahisə mülki xarakterli olduğuna görə cinayət işinin başalnılması rədd edilməlidir. Onu da qeyd edir ki, şikayəti ilə əlaqədar Sumqayıt ŞPİ-nin 1-ci PB-də Cavabdeh, ərizədə adı keçən X2 və X1 yazılı izahatları da alınmışdır. Cavabdeh öz izahatında yekun olaraq bildirmişdir ki, “ümumilikdə onun İddiaçı 24000 manat verəcəyi vardır, həmin pulun 13500 manat nisyə mərc kuponlarına görə 10500 manat isə faiz və faizlərin yığışmış pullarıdır. Hazırda maddi vəziyyəti yaxşı olmadığı üçün borcunu ödəyə bilmir. İş tapan kimi həmin pulu hissə-hissə qaytaracaqdır”. İzahatın verilməsi tarixindən artıq xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh şəxs müxtəlif bəhanələr gətirərək borcu ödəməmişdir. Bu səbəbdən iddiaçı məcbur olaraq hüquqlarının bərpa edilməsi və iddiaçıya dəyən maddi zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən cavabdeh X3 maddi zərərin əvəzi olaraq 24000 manat, 2 il müddətində öhdəliyi icra etmədiyinə görə əldən çıxmış fayda qismində zərərin 05 faiz, yəni 2400 manat, ödənilmiş dövlət rüsumu 169 manat pulun alınıb iddiaçıya verilməsinə barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, 5000 ABŞ dolları məbləğ içində olmaqla 24000 manat borcun olduğu deyilir, lakin ziddiyət var. Belə ki, Anar deyir ki 18000 mərc kuponu yazılıb, Vüqar qəbul edir ki, polisdə 13500 manat yazmışdır. Anar da ərizəsində qeyd edir ki, 2000 manatını Mətləb verib. Vüqarın qalır 11500 manat borcu. 5000 ABŞ dolları pulun tələb edilməsində Anarın subyektiv hüququ yoxdur. Həmçinin iddiaçı lisenziyası davam etsin deyə ödənişləri etdiyini bildirmişdir. Lakin buna dair sübut yoxdur. 5000 ABŞ dollarından 1000 manatının qaytarıldığını bildirmişdir. Tərəfindən buna dair məhkəməyə qəbz təqdim edilmişdir. 5000 ABŞ dolları faizə verilibsə, onun yığılıb 10500 manat edir. Anar da Vüqara bunu faizə vermədiyini deyirsə, onda edir 8500 manat, Vüqar da bunun 1510 manatını vermişdir. Misliyə ödəniləni qəbul etmir. Belə ki, iddiaçının subyektiv hüququ yoxdur.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, İddiaçı maddi ziyanla əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.

7. Həmin qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı xx.xx.2024-cü il tarixdə 1-ci PB-nə ərizə yazaraq X4 2023-cü ilin iyun ayından dekabr ayına qədər olan müddət ərzində 42-ci məhəllədə “Bellissimo” pubda yerləşən Misli məntəqəsində onunla şərik işlədiyini, sonuncunun işlədiyi müddətdə guya dostlarının adına müştəri qismində müxtəlif məbləğlər qeyd edərək mərc oyunlarında iştirak etməsi, ona ümumilikdə 24000 manat pulunu ələ keçirməsi barədə məlumat vermişdir.

8. Həmin qərara əsasən Cavabdeh izahatında İddiaçı ona nisyə mərcə kuponu yazmağa icazə verdiyini, dostları Şamil və Əbdülün də nisyə mərcə oyunu yazdığını, həmçinin əmisi oğlu Mətləbin də adından kupon yazdığını, İddiaçı bunları bildiyini, nisyə mərc kuponları yazdığına görə İddiaçı 13500 manat borcu olduğunu, 5000 ABŞ dolları məbləğində İddiaçı ona faizə pul verdiyini, həmin faiz borcunun yığılıb 10500 manat olduğunu, ümumilikdə İddiaçı 24000 manat borcunun olduğunu bildirmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərara əsasən izahatında İddiaçı 24000 manat borcu olduğunu etiraf etmişdir. Nəticədə Cavabdeh İddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırda iddiaçı borcun qaytarılmasını tələb edir, cavabdeh də iddianı qismən qəbul edir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

15. Göründüyü kimi borc məbləği 3000 manatdan çox olduğuna görə, məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlərə əsassız varlanmaya dair maddi hüquq normaları tətbiq olunmalıdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

17. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.

18. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

19. Məhkəmə qeyd edir ki, hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, bu halda iddiaçının tələb etdikləri sübut olunur, lakin cavabdehin borcu tam qaytarması barədə bildirdikləri sübut olunmur. Halbuki, sübutetmə yükü cavabdehin iddiaçının bildirdiklərini təsdiq etdiyi andan cavabdehə keçib və borcu qaytarmağını, ona borcunun olmadığını iddiaçı deyil, cavabdeh sübut etməlidir. Yekun nəticə olaraq cavabdehin iddiaçıya borcu olduğu təsdiq olunur, lakin cavabdehin iddiaçıya pulu qaytarmağı sübut olunmur.

20. Cavabdeh tərəfin təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 510 manat məbləği özündə əks etdirən qəbzə münasibətdə məhkəmə qeyd edir ki, həmin ödəniş xx.xx.2024cü il tarixli qərarın qəbul edilməsi tarixindən əvvəlki dövrü əhatə edir.

21. Məhkəmə cavabdeh tərəfin borcun müəyyən hissəsinin digər şəxslərə aid olmasına və nəticədə iddiaçının subyektiv hüququnun olmamasına dair izahatı ilə bağlı qeyd edir ki, araşdırma zamanı cavabdehin digər şəxslər – X5 və X2 adından kuponlar yazdığı müəyyən edilmişdir.

22. Məhkəmə hesab edir ki, iddia tələbi 24000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır.

23. Məhkəmə iddia tələbinin “2 il müddətində öhdəliyi icra etmədiyinə görə əldən çıxmış fayda qismində zərərin 05 faiz, yəni 2400 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz.

24. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

25. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

26. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

27. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

28. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

29. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

30. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

31. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 162 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

33. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 24000 (iyirmi dörd min) manat məbləğində pul, habelə ödənilmiş 162 (bir yüz almış iki) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

34. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24000 (iyirmi dörd min) manat məbləğində pul, habelə ödənilmiş 162 (bir yüz almış iki) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar