Məhkəmə qərarları › İş №2(060)-323/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-323/2025

07.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-323/2025 07.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı avtomobilin geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdehlər Cavabdeh1 qarşı iddia qaldıraraq, “Mercedes Benz C240” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin və dövlət rüsumunun əvəzi qismində 100 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Daha sonra məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək Cavabdeh2 da cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, 1 may 2022-ci il tarixli etibarnamə əsasında «Mercedes Benz C240» markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ olmaqla vermişdir. Lakin həmin şəxsdən hər hansı məbləğdə pul almamışdır. Çünki bundan bir qədər əvvəl avtomobili X1 13000 manat məbləğində pula nisyə satmış, lakin həmin pulu almamışdır. Şöhrət Qafarov ona bildirmişdir ki, kiməsə borcu var və o səbəbdən həmin avtomobili Cavabdeh1 adına sənədləşdirmək lazımdır. Həmçinin Şöhrət ona söz vermişdir ki, avtomobilin pulunu tez bir zamanda verəcəkdir. Lakin o, bu günə qədər həmin pulu ödəməmişdir. Ona görə də 2023-cü ilin noyabr ayında avtomobilin saxlanılması və cərimə meydançasına aparılması üçün BDYPİ-nə rəsmi müraciət etmişdir. Sonradan Afıq adlı şəxs mübahisəli avtomobili Cavabdeh2 (doğum tarixi xx.xx.1993, ünvan: Goranboy rayonu, Tatarlı kəndi) oğluna satmışdır. «Mercedes Benz C240» markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Cavabdeh tərəfindən Cavabdeh2 adına verilmiş etibarnamənin müddəti hal-hazırda bitmişdir. Bütün bunlara görə cavabdehin maddi ziyan ödəməsini həyata keçirməsindən imtinası qanunsuz və əsassız hesab edilməli, iddia tələbləri isə tamamilə qanuni və əsaslı sayılaraq təmin edilməlidir.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, avtomobil baş etibarnamə ilə verilmişdir. Cavabdeh tərəfindən Cavabdeh2 adına verilmiş etibarnamənin müddəti hal-hazırda bitmişdir. Etibarnamə verilərkən alqı-satqı niyyəti ilə verilmişdir. Məqsədi avtomobili satmaq olmuşdur. Lakin avtomobil satıldıqdan sonra ona heç bir vəsait verilməmişdir. Avtomobili başqa bir şəxsə vermişdir ki, satsın. O da avtomobili Afiq adlı şəxsə satmışdır. Şöhrət adlı şəxs aralarında vasitəçi olmuşdur. Həmin şəxs avtomobili satıb pulu ona verəcəyini bildirmişdir. Lakin o, avtomobili satmış, pulu ona verməmişdir. Şöhrətlə aralarında başqa avtomobillə bağlı məhkəmə mübahisəsi olmuşdur. Belə ki, həmin işdə baş etibarnamə ilə avtomobil ona satılmışdır. Avtomobili anasının adına qeydiyyatdan keçirmək üçün müvafiq quruma yaxınlaşan zaman etibarnamənin ləğv edildiyini bildirmişlər. X2 ilə şərikə obyekt işlətmişdirlər. Ona bildirmişdir ki, avtomobili satsın. Qəbələdə hind quşu saxlayırdı. O zaman orada problem yarandığı üçün avtomobili satmaq qərarına gəlmişdir. Avtomobili satdıqdan sonra ümumi etibarnamə vermişdir. Satışdan sonra Şöhrət adlı şəxs pulun onda olduğunu və verəcəyini bildirmişdir. O da Şöhrətin cibinin dolu olduğunu görüb, pul məbləği olduğunu təxmin etmişdir. Lakin hal-hazırki dövrə qədər pulu verməmişdir. BDYPİ-nə məhkəmə tərəfindən verilmiş sorğuya cavabdan da görünür ki, avtomobil adındadır. Əgər avtomobili alıb pul vermişdirlərsə, niyə bu vaxta qədər avtomobili adlarına keçirmək üçün hərəkət etməmişdirlər? Çox müddət keçdikdən sonra Cavabdeh2 ona etibarnamə vermək üçün müraciət etmişdir.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, pul verib avtomobili almışdır. 2022-ci ildə avtomobili kimdən alması yadında deyildir. Avtomobili etibarnamə əsasında almışdır. Həmin avtomobili etibarnamə əsasında satmışdır. Avtomobili satıb Goranboy rayon sakinindən pul vəsaiti almışdır. Hal-hazırda Cavabdeh2 avtomobili ona geri qaytarmış, o isə X1 geri qaytarmışdır.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, avtomobili avtosalondan almışdır. 10800 manat məbləğində pul vermişdir. Hal-hazırda avtomobil ondadır. Avtomobili 2024-cü il 7 iyul tarixində almışdır. Türkiyə Respublikasına kursa getdikdən sonra ölkəyə qayıtdıqda məlum olmuşdur ki, etibarnamənin müddəti bitmişdir. Bu zaman İddiaçı etibarnamə verməsi üçün müraciət etsə də, müəyyən bəhanələr gətirərək etibarnamə verməmişdir. Daha sonra avtomobili sürmək üçün etibarnamə versə də, bir müddət sonra etibarnaməni ləğv etmişdir. Avtomobilin üzərinə həbs qoyulduğu üçün istifadə edə bilmir. Hesab edir ki, vicdanlı alıcıdır. Hal-hazırda avtmobili Cavabdeh1 geri qaytarmışdır. Verdiyi pulu da geri almışdır.

7. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatında bildirdi ki, iddiaçı ilə əvvəllər dostluq münasibətləri olmuşdur. 2021-ci ilin mart ayında iddiaçıya 5000 manat məbləğində borc vermişdir. Borcu ödəyə bilmədiyi üçün əvəzində avtomobil vermişdir. 5000 manat borca çıxmış, qalan 8000 manat məbləğində pul vəsaitini isə sentyabr ayına qədər vermişdir. Daha sonra avtomobili Cavabdeh1 9000 manata satmışdır. Cavabdeh1 avtomobili ona geri qaytarmışdır. Halhazırda avtomobil ondadır.

Tədqiq olunan sübutlar:

8. ƏN-Vİİİ seriylı 296690 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı özünə məxsus “Mercedes Benz C240” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün 1 il müddətinə (xx.xx.2023-cü il tarixədək) Cavabdeh1 etibar etmişdir.

9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, “Mercedes Benz C240” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən 822370 nömrəli hesab-arayış əsasında İddiaçı adına qeydiyyatdadır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində qeyd olunan nəqliyyat vasitəsinə dair Bakı şəhəri 15 və 30 saylı, Sumqayıt şəhər 3 saylı notariat ofislərində notariat hərəkətlərinin rəsmiləşdirilməsi müəyyən olunmuşdur.

Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

13. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023cü il tarixli Plenum qərarı Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyinəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

14. “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2016-cı il tarixli Qərar: “İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.”

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Mercedes Benz C240” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 ilə dost olmuşlar. Birgə sahibkarlıq fəaliyyətini həyata keçirmişlər. İddiaçı özünə məxsus “Mercedes Benz C240” markalı, **- BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı X2 ilə razılaşmış, sonuncunun vasitəçiliyi ilə avtomobil etibarnamə əsasında Cavabdeh1 verilmiş, bunun müqabilində onun tərəfindən 9000 manat məbləğində pul vəsaiti X1 ödənilmişdir. Bundan sonra sözügedən avtomobil Cavabdeh1 tərəfindən Cavabdeh2 (etibarnamə əsasında) satılmış, sonuncu tərəfindən ona 9000 manat məbləğində pul vəsaiti verilmişdir. Tərəflər arasında alqı-satqı müqaviləsi olmamışdır.

17. Beləliklə tərəflər arasında faktiki alqı-satqı münasibətlərinin mövcudluğu işin mübahisə edilməyən halıdır. Çünki məhkəmə iclasında iddiaçı izahatında avtomobili məhz satmaq üçün müstəqil tələb irəli sürməyən üçüncü şəxsə verdiyini bildirmiş, qarşı tərəflər də qeyd edilən halı təsdiq etmişlər.

18. İddiaçı hal-hazırda mülkiyyətində olan avtomobilin cavabdehlər tərəfindən geri qaytarılmasını məhkəmədən xahiş edir.

19. Cavabdeh2 əvvəlki məhkəmə iclaslarında həmin avtomobilin dəyərini ödədiyini, sonuncu iclasda isə avtomobili Cavabdeh1 verdiyini və pulunu geri aldığını bildirmişdir. Sonuncu iclasda videokonfrans əlaqə sistemi vasitəsilə iştirakı təmin edilmiş Cavabdeh1 isə avtomobili müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qaytardıqlarını və pulunu geri aldığını bildirmişdir.

20. Məhkəmə Cavabdeh2 və Cavabdeh1 avtomobili geri qaytarmaları ilə bağlı izahatlarını avtomobilin Cavabdeh2 olmamasının sübutu kimi qəbul etmir. Çünki prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hazırki halda cavabdehlərin avtomobili müstəqil tələb irəli sürməyən üçüncü şəxsə qaytarmaları başqa sübutlarla təsdiq olunmur. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs də onların izahatına uyğun izahat versə də, məhkəmə həmin şəxslə iddiaçı arasında münasibətlərin gərgin olmasını, eyni zamanda Cavabdeh2 ona qarşı irəli sürülən iddiadan yayınmaq niyyətindən çıxış edərək bu cür izahat verməsi ehtimalının olduğunu nəzərə alaraq onun avtomobili geri qaytarması ilə bağlı dəlilini qəbul etmir. Eyni zamanda qeyd edilən dəlilin nəzərə alınması tərəflər arasında məhkəmə çəkişmələrinin də artmasına, yəni hər dəfə yeni icraatda avtomobilin fərqli şəxslərə verilməsi ilə bağlı izahat verilməklə cavabdehliyin həmin şəxslər tərəfindən üzərlərindən atılmasına və mübahisənin uzun müddət həll edilməmiş qalmasına səbəb ola bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsinin idarəedilməsi ilə bağlı sonuncu etibarnamə məhz Cavabdeh2 verildiyindən iddiaçı həmin avtomobilin geri qaytarılması ilə bağlı iddianı ona qarşı qaldırmaqda haqlı olmuşdur.

21. Mübahisə predmeti olan avtomobilin geri qaytarılmasına gəldikdə isə məhkəmə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmasa da sözügedən avtomobil əvvəlcə Cavabdeh1 satılmış, onun tərəfindən avtomobilin dəyəri müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şöhrət Qafarova ödənilmiş, bundan sonra avtomobil Cavabdeh1 tərəfindən etibarnamə əsasında Cavabdeh2 satılmış və sonuncu tərəfindən avtomobilin dəyəri Cavabdeh1 ödənilmişdir. Sonradan iddiaçı ilə müstəqil tələb irəli sürməyən üçünçü şəxs arasında münasibətlər gərginləşmişdir. Qeyd edilən halı iddiaçı öz izahatında bildirmişdir. X3 arasında başqa bir avtomobill bağlı mübahisə olmuşdur. Daha sonra iddiaçı Cavabdeh1 verilmiş etibarnaməni ləğv etdirmiş, Cavabdeh2 verilmiş etibarnamənin müddəti isə bitmişdir.

22. İddiaçı sözügedən avtomobilin faktiki alqı-satqısı nəticəsində ödənilmiş pulun ona verilməsi halını təkzib etsə də məhkəməyə təqdim edilmiş diskdə mövcud olan İddiaçı ilə Cavabdeh2 arasında olan səs yazısı ilə iddiaçı Şöhrət Qafarov tərəfindən avtomobilin dəyərinin uzun müddət ərzində ona ödənildiyini təsdiq etmişdir.

23. İddiaçı məhkəmə iclasında həmin vaxt həyəcanlı olduğunu, nə danışdığını bilmədiyini və eyni zamanda səs yazısında qeyd edilən avtomobilin markası, dövlət qeydiyyat nişanı ilə bağlı məlumatların verilməməsi səbəbindən həmin səs yazısının məhz hazırki mübahisəli avtomobillə bağlı olduğunun təsdiq olunmadığını bildirmişdir.

24. Məhkəmə iddiaçının həmin dəlilinə münasibətdə qeyd edir ki, Cavabdeh2 ilə iddiaçı arasında başqa avtomobillə də bağlı mübahisənin olduğunu təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Hazırki halda məlumdur ki, Cavabdeh2 ilə iddiaçı arasında məhz Mercedes Benz C240” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı mübahisə vardır. Qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən səs yazısı məhz mübahisəli avtomobillə bağlı olmuş və həmin səs yazısı ilə iddiaçıya avtomobilin dəyərinin ödənilməsi sübut olunur. Beləliklə tərəflər arasında qanunvericiliyin tələblərinə müvafiq olaraq yazılı alqı-satqı müqavilə olmasa da, faktiki alqı-satqı münasibətləri mövcud olmuş və iddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 ilə mübahisələrinin gərginləşməsi fonunda avtomobilin geri qaytarılması ilə bağlı tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı öz hüququndan sui-istifadə edərək, başqa sözlə desək aralarında faktiki bağlanmış müqavilənin qanunvericilikdə nəzərdə tutulmuş məcburi forma tələblərinə uyğun bağlanmamasını əsas götürərək sözügedən avtomobilin ona geri qaytarılmasını məhkəmədən xahiş edir.

25. Nəzərə alınmalıdır ki, MM-in 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Ancaq şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

27. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilibedilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir

28. Bundan əlavə, MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Hazırki halda məhkəmə iddiaçının avtomobilin geri qaytarılması ilə bağlı tələbini ədalətli hesab etmir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi mülki hüquq münasibətlərində rəhbər tutulan dürüstlük qaydasına uyğun gəlmir və hüquqdan sui-istifadə qadağası nəzərə alındıqda iddianın təmin edilməsi üçün əsas yoxdur.

30. Yuxarıda istinad edilən qanunvericilik aktı normasının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mercedes Benz C240” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin və dövlət rüsumunun əvəzi qismində 100 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq ona geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin.

Nəticə:

31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mercedes Benz C240” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin və dövlət rüsumunun əvəzi qismində 100 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq ona geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar