Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3260/2024 25.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndələri X8 və Nümayəndə2, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 25 iyul 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat məbləğində borcun və dövlət rüsumu kimi köçürdüyü pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun oğlu X1 cavabdehə 3000 manat məbləğində borc pul vermiş və oğlunun vəfatından sonra cavabdeh ona borcun etirafı barədə xx.xx.2022-ci ildə iltizam yazaraq həmin borcdan hər ay 2022-ci ilin mart ayından başlayaraq 50 manat olmaqla ödəyəcəyi barədə öhdəlik götürmüşdür. O, Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun varisi hesab olunub. O, cavabdehə rəsmi qaydada pretenziya göndərməklə 3000 manat məbləğində pulu qaytarmasını bildirmiş və pul qaytarılmadığı təqdirdə bildirişi aldığı vaxtdan 10 gün sonra ona qarşı məhkəmədə pul tələbinə dair iddia qaldıracağını bildirib. Lakin cavabdeh yenə də borclu olduğu puldan hər hansı bir ödəniş etməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, oğlu ali təhsilli şəxs idi və o, vəfat etmişdir. Cavabdeh onun oğlundan 3000 manat borc pul alıb. Bununla bağlı cavabdehin oğluna verdiyi izahatı da vardır. Cavabdehlə maşında bu barədə söhbət edirdilər, oğlu cavabdehin 5000 dollardan ona heç nə qaytarmadığını dedi. Cavabdeh hətta oğlundan borcu qaytarmaq üçün 1 həftə vaxt da istəmişdi. Bundan sonra o cavabdehlə görüşmüş, cavabdeh öz əli ilə borcu qaytaracağı barədə iltizam yazıb imzalamışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X13 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəfin dedikləri yalandır. Cavabdehə məsələ ilə bağlı razılıq da təklif etmişdirlər, lakin qəbul etməmişdir. Cavabdehə heç bir təzyiq olunmayıb. Səftərə vəkil Sevda xanımın yanında izahat yazmasını təklif etmişlər. Həmçinin, bu ərəfələrdə Səftərin bacısı oğlugilə də getmiş və bacısı oğlu Səftərin bir neçə şəxslərə qarşı da fırıldaqçılıq etdiyini bildirmişdir. Səftər özünün yazdığı izahatında aylıq 20-30 manat ödəyəcəyini bildirmiş, lakin borcundan 1 qəpik də ödəməmişdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə digər səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, qardaşı həmişə ona borcunu ala bilmədiyi iki şəxs olduğunu və həmin şəxsləri məhkəməyə verəcəyini bildirmişdir. Anası ilə birlikdə cavabdehin evinə getmişlər. Qapını açan qadın cavabdehi tanımadığını və bir də bu evə gəlməmələrini demişdir. Bu məsələ ilə bağlı razılaşmaq üçün maşında danışarkən Səftər öz telefonunu maşına girov kimi qoymuş və 3000 dollar yox, 3000 manat ödəniş edə biləcəyini bidirmişdir. Onlar bununla razılaşmışdır. Lakin Səftər yenə borcunu ödəməmişdir. Onu da qeyd edir ki, bu məsələnin uzanmasının səbəbi Səftərin 1 ildən çox müddətdə ölkədə olmaması olmuşdur. Səftəri borclu olduğu başqa bir şəxsin vasitəsilə 2022-ci ildə tapmışdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə3 iddia ərizəsinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı tərəf həmişə başqa şəxslərə faizlə pul veriblər. Qeyd edir ki, onun yoldaşının xarici pasportu itmişdi. Bunu iddiaçının yoldaşı Sonaya deyəndə sonuncu həmin sənədin onda olduğunu və 100 dollar müqabilində sənədi qaytaracağını bildirmişdir. O, məcbur olub həmin pulu ödəmiş və ərinin sənədini Sonadan almışdır. İddiaçı tərəf cavabdehin borclu olmasına dair məhkəməyə sənəd təqdim etməlidir. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh idda tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O qeyd edilən izahatı təyziq altında yazıb. Onun maddi vəziyyəti pis idi. Xanəli ona faizlə pul verə biləcəyini bildirmişdi. Ondan 20% olmaqla 500 manat faizə pul götürmüşdü. Daha sonra ondan 20% olmaqla 1500 (min beş yüz) manat yenidən borc almışdır. Puldan 4 ay ödəniş etdikdən sonra Xanəli faizi 15%-ə, daha sonra isə 12%-ə salmışdır. May ayında işdən çıxmışdır. 2020-ci ildə Məşğulluqda işə düzəlmişdir. Daha sonra iddiaçı tərəfdən onun evinə zəng gəlmiş və onun 10000 manat pul verməli olduğu bildirilmişdir. Həmçinin iddiaçı onun iş yerinə gələrək ondan 10000 manat pul istəmişdir. O isə iddiaçıya aldığı pulu ödədiyini bildirmişdir. Hətta iddiaçı tərəf bir dəfə Polis İdarəsinin yanında süni şəkildə mübahisə yaratmışdır ki, onu şərləsin. Daha sonra isə vəkil yanına getmişlər. Vəkil Sevda xanımın yanında təyziq altında məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş izahatı yazmışdır. Bundan əlavə onu Polis İdarəsinə aparmış və bildirmişlər ki, notariusda 5000 manat pul borcu olması barədə sənəd versin. Həmin vaxt telefonunu da əlindən almışdılar. Daha sonra isə Polis İdarəsində telefonunu qarşı tərəfdən ala bilmişdir. Bu işlə əlaqədar DİN-ə və Məhkəmə Hüquq Şurasına da məktub yazmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, borcu 2015-ci ildə alıb, izahatı 2022-ci ildə yazıb. Əgər o, bugünə qədər ödəniş etməyibsə, qarşı tərəfin indiyə kimi məhkəməyə niyə müraciət etmədiyini başa düşmür. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZ İİ 878044 saylı doğum haqqında şəhadətnamənn surətindən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. X2, anası X6r. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5 vərəsələri X9 və X7r və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-4162/2018 syalı qətnaməsinə əsasən X11 580 manat, X12 460 manat, X3 200 manat pul tələbindən ibarətdir. İşdə olan AZ İİ 174614 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1161 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış iltizamdan görünür ki, Cavabdeh iddiaçının oğlu X4 3000 manat borc aldığını, həmin məbləği hər ay 30 manat olmaqla İddiaçı qaytaracağını bildirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının oğlu mərhum X9 tərəfindən Cavabdeh borc pul verilmiş, həmin borcun 3000 manat hissəsi ödənilməmiş qalmışdır. Cavabdeh həmin borcu İddiaçı qaytaracağını yazılı iltizamla etiraf etmişdir. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2). Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir (882.4). Nəzərə alınmalıdır ki, mövcud borcun etirafı haqqında müqavilənin bağlanması və həmin tərəflərin müqavilədən irəli gələn hüquq və vəzifələri Mülki Məcəllənin 882-ci maddəsi ilə tənzimlənir. Başqa sözlə belə müqavilədən irəli gələn iddia tələblərinin qanuni əsasını həmin norma təşkil edir. Mülki Məcəllə belə müqavilənin qüvvəsini o halda tanıyır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bununla yanaşı, Məcəllənin 882.2-ci maddəsi bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadığı halda mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn etirazların irəli sürülməsinə yol vermir. Çünki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar. Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Mülki Məcəllənin 882.3 və 881.5-ci maddələrinin mənasına görə mövcud borcun etirafı haqqında müqavilənin o zaman qüvvəsi olmur ki, tərəflər həmin müqavilədən irəli gələn vəzifələrini özlərindən asılı olmayan səbəblərlə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilməsinlər. Belə halların mövcud olduğunu sübut etmək vəzifəsi isə onlara istinad edən tərəfin üzərinə düşür. Qeyd olunan hallardan kənar etiraf edən bu müqavilədən irəli gələn tələblərə başlıca əqddən irəli gələn etirazlar verə bilməz. Bu baxımdan mövcud borcun etirafı haqqında etibarlı müqavilədən irəli gələn mübahisələrə baxan məhkəmə həmin borcun məbləğinin yaranması, müqavilənin bağlanmasından əvvəl baş vermiş hərəkətlər nəticəsində onun məbləğinin artması və ya azalması ilə bağlı müqavilə tərəflərinin sübut və dəlillərini araşdırmaq vəzifəsi daşımır. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda, 3000 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh borcun etirafı barədə yazılı iltizamı hədə-qorxu təsiri altında yazdığını bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3000 manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 50 manat dövlət rüsumu da Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində borc və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3260/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3260/2024
25.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver