Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3288/2025 21.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında Sumqayıt şəhər 16 saylı mediasiya təşkilatında bağlanmış MŞS/MT030/2024/02631 saylı, 17 dekabr 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və məcburi icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, 07 yanvar 2022-ci il tarixdə cavabdeh Maraqlı şəxs ilə nikaha daxil olub ailə qurmuşdurlar. Nikahları Sumqayıt şəhər “ASAN xidmət” mərkəzində 07 yanvar 2022-ci il tarixli, 65 nömrə ilə qeydiyyatdan keçmişdir. Nikaha daxil olarkən və nikah dövründə nikah müqaviləsi bağlamamışdırlar. Birgə nikahlarından üç övladları - 28 may 2022-ci il təvəllüdlü X4, 18 may 2024-cü il təvəllüdlü X5 və 18 may 2024cü il təvəllüdlü X3 dünyaya gəlmişlər. Maraqlı şəxsla aralarında uşaqların saxlanmasına dair münaqişə baş vermişdir. Münaqişəni həll etmək üçün Sumaqayıt şəhər 1 saylı mediasiya təşkilatına müraciət etmiş və 17 dekabr 2024-cü il rarixdə barışıq sazişi bağlamışdırlar. Müqavilənin şərtlərinə görə Vahid uşaqları saxlamaq üçün ayda 360 manat aliment ödəməli idi. Lakin 1 aydan çox vaxt keçməsinə baxmayaraq alimenti ödəmir. Odur ki, aralarında başlanmış barışıq sazişinin təsdiq edilməsinə və məcburi icrasına ehtiyac yaranmışdır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirdi ki, işsiz olduğu üçün barışıq sazişinin şərtlərini yerinə yetirə bilməmişdir. Valideynləri tərəfindən də ona köməklik edilməmişdir.
Tədqiq olunan sübutlar:
5. Mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1) Mediasiya prosesində hər iki tərəf - Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah qeydinin (Sumqayıt şəhər ASAN xidmət ,xx.xx.2022-ci il 65 № ilə qeyd edilmiş, AZ-İİ № 483848 ) davam etdirilməsinə razılaşdılar. 2) Mediasiya prosesində Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladları: xx.xx.2022-ci il təvəllüdlü X4 ,xx.xx.2024- cü il təvəllüdlü X5, xx.xx.2024-cü il təvəllüdlü X1 ücün Maraqlı şəxs (uşaqların - atası) hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat alimenti xx.xx.2025-cü il tarixindən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın- anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə qismən təmin edilməlidir.
9. Məhkəmə qeyd edir ki, qanunvericilik mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinanın qanunazidlik və başqa şəxslərin mənafeyi kimi 2 halını müəyyən etmişdir. Bunlar barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Belə ki, məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlamalıdır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olmadığı qənaətinə gələrsə onun təsdiqindən imtina etməlidir, əks halda isə onu təsdiqləyir.
10. Məhkəmə barışıq sazişinin 1-ci bəndinin, yəni “Mediasiya prosesində hər iki tərəf - Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah qeydinin (Sumqayıt şəhər ASAN xidmət ,xx.xx.2022-ci il 65 № ilə qeyd edilmiş, AZ-İİ № 483848 ) davam etdirilməsinə razılaşdılar.” hissəsinin təsdiq edilməsindən imtina edir.
11. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi birgə nikahdan olan uşaqların saxlanılması üçün razılığa gəlinmiş alimentə dair hissəsi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir.
12. Məhkəmə qeyd etməyi zəruri sayır ki, sözügedən xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/02631 nömrəli barışıq sazişinin bir hissəsi, yəni alimentə dair olmayan hissəsi barədə tərəflər arasında məhkəmə çəkişməsi olduğundan sazişin bu hissəsinin təsdiq edilməməsi təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanuna zidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir.
13. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə barışıq sazişinin birinci bəndinin təsdiq edilməsi hissəsində təmin edilməməlidir.
14. Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin digər bəndlərini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Tərəflər mediasiya prosesində uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilməli olan alimentin miqdarı, uşağın ananın yanında qalması ilə bağlı barışıq əldə etmişlər. Ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda sazişin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə sözügedən barışıq sazişinin digər bəndlərinin təsdiq edilməsini məqsədəmüvafiq hesab edir.
15. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/02631 nömrəli barışıq sazişi təsdiq edilməlidir.
Nəticə:
16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatı vasitəsilə bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/02631 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Mediasiya prosesində - Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladları: xx.xx.2022-ci il təvəllüdlü X4 ,xx.xx.2024- cü il təvəllüdlü X5, xx.xx.2024-cü il təvəllüdlü X3. Uşaqların saxlanması ücün Maraqlı şəxs (uşaqların - atası) hər bir uşaq ücün 120 (yüz iyrimi) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat alimenti xx.xx.2025-cü il tarixindən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın- anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva