Məhkəmə qərarları › İş №2(060)-3298/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3298/2024

13.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3298/2024 13.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq ona vurulmuş maddi zərər olaraq 50000 manat və iddiaya görə ödənilmiş dövlət rüsümunun məbləği 240 manat, cəmi 50240 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh etibarından sui-istifadə etmə və aldatma yolu ilə pulunu ələ keçirərək ona ümümilikdə 54000 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdehin həmin dələduzluq əməlləri Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-254/2021-010 saylı, xx.xx.2021-ci il tarixli və Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-516/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə aktlarına əsasən sübuta yetirilmiş və O, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Belə ki, həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat kontorunda İddiaçı ilə 50000 manatlıq borc müqaviləsi bağlayaraq, həmin məbləğdə nəğd pulu heyvandarlıq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması adı ilə aldadıb ələ keçirməklə İddiaçı xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. Bunda başqa, Cavabdeh təkrarən etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 2018-ci ilin dekabr ayının axırlarında Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120-də yerləşən, "Xəzər” X3 Cəmiyyətinin nəzdində olan Tədarük-Satış Bazasında heyvandarlıq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq əldə edəcəyi gəlir vasitəsi ilə İddiaçı aldığı 50000 manat pulu geri qaytaracağına vəd verib aldadaraq vahid qəsdlə X1 4000 manat və İddiaçı 4000 manat məbləğində pulunu ələ keçirməklə, dələduzluq etmişdir. Həmin cinayət nəticəsində ona vurulmuş ziyandan cinayət mühakimə icraatı zamanı 4000 manat məbləği ona ödənilmişdir. Qalan 50000 manat cavabdeh tərəfindən bu günə kimi ona ödənilməmişdir. Məhkəmə hökmündə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması qeyd olunmuşdur.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(060)-254/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinmiş və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-516/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-254/2021-010 saylı, 03 iyun 2021-ci il tarixli hökmü zərərçəkmiş şəxsin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Cavabdehnş Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4- cü maddələri ilə 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

10. Belə ki, mülki iş materialları ilə müəyyən olunur ki, Cavabdeh etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat kontorunda İddiaçı ilə 50000 (manatlıq borc müqaviləsi bağlayaraq, həmin məbləğdə nağd pulu heyvandarlıq sahəsində sahibkarlıq fəaliyyəti məşğul olması adı ilə aldadıb, ələ keçirməklə sonuncuya xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(060)-254/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-516/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-254/2021-010 saylı, 03 iyun 2021-ci il tarixli hökmü zərərçəkmiş şəxsin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Cavabdehnş Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4- cü maddələri ilə 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(060)-254/2021 saylı hökmündə təqsirləndirilən şəxsin izahatında qeyd edilmişdir ki, 2018-ci ilin iyul ayının axırlarında “Qurban bayramı” ilə əlaqədar İlham adlı şəxslə ortalığa pul qoymaq lazım olmuş, həmin vaxt İlhamla icarəyə işlədiyi obyekdə görüşüb söhbət edən zaman İlham ona qarşıdan gələn “Qurban bayramı” üçün nə qədər sərmayə lazım olduğunu söyləmiş, o, İlhama təxminən 250-300 qoyun, quzu almaq lazım olduğunu, bu da təxminən 50000 manat pul edəcəyini bildirmişdir. Həmin vaxt İlham onun Yetkin adlı tanışı olduğunu, uşaq həkimi işlədiyini, o da pul qoyub mənfəət əldə etmək istədiyini ona söyləmiş, Yetkinlə danışıb ona bir söz deyəcəyini bildirmişdir. xx.xx.2018-ci il tarixdə saat 12 radələrində İlham ona zəng edib Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 nömrəli notariusun qarşısına gəlməsini söyləmiş, o da həmin yerə getmişdir. Həmin yerdə təxminən 15-20 dəqiqə gözlədikdən sonra İlham Yetkinlə birlikdə oraya gəlmişdir. İlham ona Yetkini təqdim edərək onunla tanış etmiş və söhbət əsnasında Yetkinin onlarla birlikdə iş görəcəyini, o da bu işdən gəlir əldə etmək istədiyini söyləmiş və Yetkindən alacağı pulu borc müqaviləsi ilə rəsmiləşəcəyini bildirmişdir. İlham orada əldə olunan gəlirdən hər ay Yetkinin 1500 manat pul götürəcəyini söyləmiş, o da onlarla razılaşmış və notariat kontoruna gedərək Yetkinlə həmin kredit müqaviləsini bağlamış və borc verən qrafasında Yetkin özü, borc alan qrafasında isə o, imza etmişdir. O, həmin 50000 manat pulu bankdan çıxartmış, İlhamla Yetkin isə oradan çıxıb öz işlərinə getmişdir.

12. Beləliklə qeyd olunan hökmdən görünür ki, cavabdeh qeyd olunan işin müqabilində iddiaçıdan 50000 manat məbləğində pul vəsaitini aldığını etiraf etmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona 50000 məbləğində pul vəsaitinin ödənilməsini tələb edir.

13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməsinə və eyni zamanda iddia tələbinə qarşı etirazını məhkəməyə təqdim etmək hüququnun ona izah olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və iddiaya qarşı münasibətini məhkəməyə təqdim etməmişdir.

14. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatı qaydasında baxılan işlərdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir, dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

15. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

16. Hazırki işdə iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(060)-254/2021 saylı hökmünü məhkəməyə təqdim etməklə cavabeh tərəfindən ona ziyan dəydiyini sübut etmiş, lakin qarşı tərəf qeyd olunan dəlili təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

17. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

18. Məhkəmə hesab edir ki, Cavabdeh 50000 (əlli min) manat pul vəsaiti və 240 (iki yüz qırx) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

Nəticə:

19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 50000 (əlli min) manat pul vəsaiti və 240 (iki yüz qırx) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar