Məhkəmə qərarları › İş №2(060)-3345/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3345/2025

25.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3345/2025 25.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçi Kasımov Sakhibin iştirakı ilə, Ərizəçi Kasımov Sakhibin Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin ərizədə qeyd edilən halları:

1. Tərəflər xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir.

2. Ərizəçi Kasımov Sakhib uşaqlarla görüş tələbi, birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü tələbi ilə bağlı ilkin mediasiya sessiyası keçirilməsi və barışığın əldə edilməsi məqsədilə mediasiya təşkilatına müraciət etmişdir. Daha sonra tərəflər arasında nikah pozulsa da hazırda barışıq sazişinin uşaqlarla ünsiyyət ilə bağlı hissəsi maraqlı şəxs tərəfindən icra edilmir. Ərizəçi bu səbəbdən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

Ərizəçinin tələbi:

3. Ərizəçi Kasımov Sakhib ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞS/MT023/2025-00022 nömrəli barışıq sazişinin “Maddə 1.1. Maraqlı şəxs Kasımov Sakhib ilə birgə nikahlarından doğulan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə, Kasımov Sakhibin arasında ünsiyyət hüququnun hər həftənin şənbə günü saat 11:00-dan, bazar günü saat 17:00-a qədər və həmçinin bayram günləri, tətil günləri, uşağın ad günlərində saat 10:00-dan-18:00-a qədər özlərinin müəyyən etdikləri ünvanda ünsiyyət hüququnun verilməsi” hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Maraqlı şəxsin etirazı:

4. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən ərizəçi Kasımov Sakhib öz izahatında bildirmişdir ki, mediasiya prosessində hər hansı təzyiq göstərilməmişdir. Evi istəməmiş və uşaqlara vermişdir ki, uşaqlar başqa qapılarda qalmasınlar. Məhkəmədən tərəflər arasında bağlanmış barışıq sazişinin alimentlə bağlı olan 1.1-ci bəndinin, uşaqla ünsiyyət hissəsinin təsdiq edilməsini xahiş etmişdir.

6. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır.

8. Maraqlı şəxsin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. MYİ seriyalı, 0****** nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Kasımov Sakhib xx.xx.1991-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş və Gürcüstan Respublikasının vətəndaşıdır. ünvan 1 ünvanında yaşayır və vəsiqə xx.xx.2025-ci il tarixə qədər etibarlıdır.

10. MŞS/MT023/2025-00022 №-li, xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən, “1.1. Maraqlı şəxs Kasımov Sakhib ilə birgə nikahlarından doğulan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə, Kasımov Sakhibin arasında ünsiyyət hüququnun hər həftənin şənbə günü saat 11:00-dan, bazar günü saat 17:00-a qədər və həmçinin bayram günləri, tətil günləri, uşağın ad günlərində saat 10:00-dan-18:00-a qədər özlərinin müəyyən etdikləri ünvanda verilsin”.

11. Saatlı Rayon Məhkəməsinin 2(055)-64/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, iddianın qismən təmin edilməsi, iddiaçı Maraqlı şəxs ilə cavabdeh X5 arasında 22 may 2014-cü il tarixdə 2 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 1159 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından anadan olmuş 02 iyun 2014-cü il təvəllüdlü Qasım və 15 yanvar 2019-cu il təvəllüdlü Alı adlı iki nəfər uşağın iddiaçı Maraqlı şəxs yanında qalmasının müəyyən edilməsi, cavabdeh X1 02 iyun 2014-cü ildə doğulmuş Qasım və 15 yanvar 2019-cu ildə doğulmuş Alı adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 26 noyabr 2024-cü il tarixdən başlanaraq hər ay hər bir uşaq üçün 180 manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Maraqlı şəxs xeyrinə ödənilməsi, cavabdeh X1 ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu, cəmi 100 (bir yüz) manatın alınıb iddiaçı Maraqlı şəxs xeyrinə ödənilməsi, qətnamənin aliment hissəsinin dərhal icra olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. 07.04.2025-ci il tarixli qəbzə əsasən ərizəçi Kasımov Sakhib tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

77. Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

Məhkəmənin mövqeyi:

16. Məhkəmə iş materiallarını, tərəflərin izahını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.

17. Ərizəçinin tələbi mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin “1.1. Maraqlı şəxs Kasımov Sakhib ilə birgə nikahlarından doğulan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə, Kasımov Sakhibin arasında ünsiyyət hüququnun hər həftənin şənbə günü saat 11:00-dan, bazar günü saat 17:00-a qədər və həmçinin bayram günləri, tətil günləri, uşağın ad günlərində saat 10:00dan-18:00-a qədər özlərinin müəyyən etdikləri ünvanda verilsin” hissəsində təsdiq edilməsidir.

18. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin qeyd edilən bəndlərini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq Sazişinin 1.1-ci bəndinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil.

19. Beləliklə, məhkəmə Barışıq sazişinin “1.1. Maraqlı şəxs Kasımov Sakhib ilə birgə nikahlarından doğulan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə, Kasımov Sakhibin arasında ünsiyyət hüququnun hər həftənin şənbə günü saat 11:00dan, bazar günü saat 17:00-a qədər və həmçinin bayram günləri, tətil günləri, uşağın ad günlərində saat 10:00-dan-18:00-a qədər özlərinin müəyyən etdikləri ünvanda verilsin” hissəsində təsdiq edilməsini mümkün hesab edir və ərizənin təmin edilməsi qənaətinə gəlir.

Məhkəmə xərcləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi maraqlı şəxsdən məhkəməyə müraciət üçün çəkdiyi xərcləri tələb etmədiyindən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. Kasımov Sakhib və Maraqlı şəxs arasında bağlanmış 21 yanvar 2025-ci il tarixli Barışıq Sazişinin aşağıdakı bəndi bu məzmunda təsdiq edilsin: “1.1. Maraqlı şəxs Kasımov Sakhib ilə birgə nikahlarından doğulan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə, Kasımov Sakhibin arasında ünsiyyət hüququnun hər həftənin şənbə günü saat 11:00-dan, bazar günü saat 17:00-a qədər və həmçinin bayram günləri, tətil günləri, uşağın ad günlərində saat 10:00-dan-18:00-a qədər özlərinin müəyyən etdikləri ünvanda verilsin”

3. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar