Məhkəmə qərarları › İş №2(060)-3364/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3364/2025

18.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3364/2025 18.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, Ərizəçi maraqlı şəxslər qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb etməklə “barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb etməklə “barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək MŞS/MT030/2024-00339 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Qanunun 34-cü maddəsində göstərilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması üçün müraciətin prosessual əsası MPM-nin 355-23.1-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsidir. MPM-nin 355- 23.1-ci madldəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Normaların məzmunundan göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müracət etmək üçün 2 şərtdən biri mövcud olmalıdır: - barışıq sazişi könüllü qaydada icra edilməməlidir; - barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır. Hər 2 normanın mahiyyəti ondan ibarətdir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır. Ümumiyyətlə, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin isə əsas cəhəti ondan ibarətdir ki, bu zaman tərəflərin iradə bəyanları məhkəməyə getmə potensialı olan mübahisənin tamamlanmasını təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci və 881.2-ci maddələrində qeyd edildiyi kimi, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Hazırkı barışıq sazişi ilə tərəflər arasında olan mübahisə həllini tapmışdır, hər hansı bir qeyri – müəyyənlik, həmçinin, icrası nəzərdə tutulan hər hansı bir şərt mövcud deyildir Göründüyü kimi, hazırkı barışıq sazişinin şərtləri özü-özlüyündə bir növ mövcud vəziyyətin saxlanılmasına yönəlmişdir. Belə olan halda isə, sazişin məhkəmə qaydasında təsdiq olunmasına (məcburi icraya) zərurətin nədən ibarət olması aydın deyildir. Ərizəçi ərizəni bu istiqamətdə ümumiyyətlə əsaslandırmamışdır. Yuxarıda da qeyd edildiyi kimi, MPM-nin 355-23.1-ci maddəsi müvafiq ərizə ilə məhkəməyə müraciət etmənin əsaslarını müəyyən edir. Yəni, yuxarıda qeyd olunan şərtlər mövcud olmadıqda şəxsin məhkəməyə müraciət etmək üçün əsasları yaranmır, belə vəziyyətdə isə ərizəyə məhkəmədə baxılması mümkün deyildir. Qeyd edilən şərtlər mövcud olmadıqda ərizəyə baxılması MPM-nin 5.1-ci maddəsinin tələbinə də ziddir. Həmin normanın tələbinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Mülki iş materiallarından görünür ki, ərizəyə 100 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxslər qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb etməklə “barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizəsinin qəbulundan imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb etməklə “barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardadın rüsum hissədə icrası Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar