Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-338/2024 15.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair mülki işə 15 yanvar 2024-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.170 (dörd min yüz yetmiş) manat dəyərində qızıl-zinət əşyalarının və 100.00 (yüz) manat hüquqi xidmətə görə ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən “Ağ çiçəyim” gül salonunun qarşısında tanışı - Sumqayıt şəhər sakini Cavabdeh bir ay müddətinə dəyər qiymətini ödəmək şərti ilə ondan 4.170 (dörd min yüz yetmiş) manat dəyərində qızıl-zinət əşyalarını nisyə olaraq almış və bu günə kimi qaytarmamışdır. Cavabdeh ondan aldığı qızıl-zinət əşyalarının dəyər qiymətini bir ay müddətində qaytarmağa söz versə də, verdiyi sözə əməl etməmişdir. O, hər dəfə müxtəlif bəhanələr gətirməklə ondan yayınmış və telefon zənglərinə də cavab verməmişdir. Barəsində tədbir görülməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, onun və Cavabdeh izahatları alınmış və Cavabdeh həqiqətən bir ay müddətinə dəyər qiymətini ödəmək şərti ilə ondan 4.170 (dörd min yüz yetmiş) manat dəyərində qızılzinət əşyaları aldığını etiraf etmişdir. Lakin, buna baxmayaraq, cavabdeh yenə də ona məxsus qızıl-zinət əşyalarını qaytarmaq istəmir. Ona görə də cavabdehə qarşı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehə verdiyi qızıl-zinət əşyalarının şəkillərini məhkəməyə təqdim etmişdir. Göründüyü kimi həmin qızıllar çəkisi 12.5 qram olan 585 əyarlı və çəkisi 22.15 qram olan 750 əyarlı qızıllardır. Cavabdeh bu halları polis bölməsində etiraf etmişdir. Sadəcə olaraq onlar qızılları 4170 manat qiymətləndirsələr də, cavabdeh onların 4000 manat dəyərində olduğunu bildirmişdir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı “Pul və əmlak tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4.170.00 (dörd min yüz yetmiş) manat dəyərində qızıl-zinət əşyalarının və 100.00 (yüz) manat məbləğində hüquqi xidmətə görə ödənilmiş rüsumun ondan alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarının məbləği şişirdilmişdir. Çünki, göstərilən qızıl-zinət əşyaları və onların dəyər qiyməti hazırki tarixə əmlak bazarında olan qiymətləri əks etdirmir. Ona görə də hesab edir ki, ona qarşı verilmiş iddia tələbi əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən cavabdeh İddiaçı ona qarşı “pul və əmlak tələbinə dair’' iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı mülki icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə Sumqayıt şəhər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsində Cavabdeh verdiyi izahatında qeyd olunmuşdur ki, təxminən 1 il olar ki, İddiaçı tanıyır. O, qızıl zinət əşylarının satışı ilə məşğul olur. O, Esmiradan ona 1 ay qaytarmaq şərti ilə nisyə çəkisi 12.5 qram olan 585 əyarlı, çəkisi 22.7 qram olan 750 əyarlı qızıl almışdır. Cəmi 4000 manat qiymətləndirilmişdir. O, Esmiradan götürdüyü qızılları qonşusu Aybəniz xanıma satıb vermişdir. Hal-hazırda qızıllar qonşusu Aybənizdədir. Esmiranın özü ilə razılaşmışdır ki, pulu yox, aldığı qızılları qramı ilə özünə qaytaracaqdır. O, özü də söz verir ki, 08 iyun 2023-cü il tarixində İddiaçı götürdüyü qızılları polis əməkdaşlarının iştirakı ilə özünə qaytaracaqdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh çəkisi 12.5 qram olan 585 əyarlı və çəkisi 22.15 (3.71+18.44) qram olan 750 əyarlı qızıl zinət əşyaları vermiş, lakin cavabdeh iddiaçı ilə aralarında əldə etdiyi razılaşmanın şərtlərini pozaraq iddiaçıdan aldığı qızıl zinət əşyalarını və ya onların dəyərini ona qaytarmamışdır. Cavabdeh bu halı polis bölməsində verdiyi izahatında etiraf etmişdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli qızılların - çəkisi 12.5 qram olan 585 əyarlı, çəkisi 22.15 (3.71+18.44) qram olan 750 əyarlı qızıl-zinət əşyalarının mövcudluğu iş materiallarına əlavə edilmiş fotoşəkillərlə, iddiaçının məhkəmə iclasında verdiyi izahatı və cavabdehin polis bölməsində yazdığı izahat ərizəsi ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirə bilmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində qızıl-zinət əşyalarının ölçüsü və əyarını qeyd etməsə də, iş materiallarında qızıl-zinət əşyalarının ölçüsü və əyarı barədə kifayət qədər sübutlar (fotoşəkillər, cavabdehin izahat ərizəsi) olduğundan və gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədilə məhkəmə hesab edir ki, qətnamənin qət etdi hissəsində qızıl-zinət əşyalarının ölçüsü və əyarı göstərilməklə iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, çəkisi 12.5 qram olan 585 əyarlı və çəkisi 22.15 qram olan 750 əyarlı qızıl-zinət əşyaları və ya onların dəyəri olan 4000 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh Sumqayıt şəhər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsində verdiyi izahatında qızıl-zinət əşyalarının dəyərinin 4000 manat olduğunu etiraf etmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini həmin həddə təmin etməklə, cavabdehin mübahisəli qızıl-zinət əşyalarının dəyərinin şişirdilməsi barədə etirazının dəlilləri ilə razılaşmır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində hüquqi xidmətin göstərilməsi üçün 100 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarından görünür ki, iddiaçı məcburi köçkün olduğuna görə dövlət rusumunu ödəməkdən azad edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə görə 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırki halda məhkəmə iddianın qiymətini və iddianın təmin edilən hissəsini nəzərə alaraq hesab edir ki, 60 (altmış) manat dövlət rusumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh çəkisi 12,5 qram olan 585 əyarlı və çəkisi 22,15 qram olan 750 əyarlı qızılzinət əşyaları və ya onların dəyəri olan 4000 (dörd min) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 60 (altmış) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-338/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-338/2024
15.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver