Məhkəmə qərarları › İş №2(060)-3381/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3381/2025

09.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3381/2025 09.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh anası vasitəsilə tanış olduqdan sonra onunla birgə maşın alveri etmək qərarına gəlmişlər. Lakin Cavabdeh 2021-ci ildə məndən dostu üçün 2-3 aya qaytarmağı vəd verərək 1500 manat məbləğində borc almışdır. Həmin puldan 400 manat qaytarmış, yerdə qalan 1100 manat məbləğini isə ödəməmişdir. Həmçinin 2021-ci ildə maşın almaq adı ilə iddiaçıdan 2000 manat da əlavə pul olaraq almış və qaytarmamışdır. Eyni zamanda, 2021-ci ildə yenə də maşın almaq adı altında 1500 manat almış və onu da qaytarmamışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh iddiaçıdan aldığı pullar hesabına öz borclarını ödəyirmiş. Cavabdeh Adil oğlunun iddiaçıdan aldığı pulların heç bir qanuni əsasa söykənmir, çünki o, öz hərəkətləri ilə də təsdiq edir ki, məqsədi maşın alveri etmək deyil, iddiaçını aldadaraq əsassız varlanmadır. Digər vaxtlarda da müxtəlif bəhanələrlə iddiaçıdan pul almış qaytarmamışdır. Bundan sonra iddiaçı xx.xx.2022-ci ildə Cavabdeh oluna vermiş olduğu 4900 manat məbləğində pulu ondan ala bilməməyi ilə bağlı olaraq Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin rəisi, polis polkovnik-leytenantı cənab Sadiq Heydərova ərizə ilə müraciət etmişdir. Bununla bağlı iddiaçının və Cavabdeh izahatı alınmışdır. İddiaçı öz izahatında baş vermiş hadisələri qeyd etmişdir. Cavabdeh isə öz izahatında iddiaçı Cavabdeh anasının iş yoldaşı olduğunu, iddiaçını bu vasitə ilə tanıdığını, iddiaçı ilə tanış olduğu vaxt maşın alveri etdiyini və bundan sonra satdıqları maşınlardan əldə olunmuş gəliri bölüşdürdüklərini qeyd etmiş və satdıqları maşınlardan ikisi üçün Səbuhi adlı şəxsin onlara 1500 manat borcu, Samir adlı şəxsin isə 1500 manat borcu qaldığını bildirmişdir. Sumqayıt ŞPB-nin 1-ci PB tərəfindən xx.xx.2023-cü ildə arayış verilmiş və arayışda Cavabdeh izahatının alındığı qeyd olunmuşdur. Bildirilmişdir ki, Əliyev X2 Savalan adlı şəxsə borcu olduğunu, lakin maddi vəziyyəti ilə əlaqədar olaraq qaytara bilmədiyini qeyd edərək, iltizam vermiş və iltizamda xx.xx.2023-cü il tarixindən etibarən İddiaçı kartına gündəlik olaraq 5 manat qaytaracağını bildirmişdir. Bu iltizamdan sonra Cavabdeh bu vaxta kimi sadəcə 1070 manat məbləğində pul ödəmişdir. Hal-hazırda onun iddiaçıya 3830 manat məbləğində borcu qalmışdır. Ümumiyyətlə iddiaçı cavabdehə barəsində Polis Bölməsinə müraciət etdikdə 4900 məbləğdə borcu olmuşdur. Həmin vaxta kimi iddiaçıya borcu 6500 manat olmuş, şikayətə kimi anası və özü həmin borcu müəyyən qismində ödəmiş, həmin vaxtı borc cəmi 4900 manat qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən 3830 manat borc məbləğinin, vəkilə ödənilmiş 325 manat pul məbləğinin və 61 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, məhkəmə gedişatında cavabdeh tərəfindən ona 450 manat ödəniş edildiyini bildirmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, sözögedən borcun 1100 manat hissəsi Samir adlı şəxsin, 1500 manat hissəsi Səbuhi adlı şəxsin, 645 manat hissəsi isə özünə aid borcdur. Bu səbəbdən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan xx.xx.2023-cü il tarixli iltizamın (əlyazmanın) surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə polis baş leytenantı X1 və polis kapitanı Sahil Əlizadənin, zərərçəkən Mənsurzadə Savalanın iştirakı ilə bu iltizamı ondan ötrü verir ki, xx.xx.2023-cü il tarixdən etibarən İddiaçı kartına gün ərzində borcunun ödənişi olaraq 5 manat gündəlik pul ödəməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunmağı izah edilmişdir. İltizamı imzası ilə təsdiqləmişdir.

7. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 1-ci PB tərəfindən verilmiş arayışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 1, ev 1də yaşayan İddiaçı Ağəddin oğlunun Sumqayıt ŞPİ-nin 1-ci PB-də DO/124-20234M-3122 sayla qeydiyyata alınmış müraciəti daxil olmuşdur. Müraciətdə İddiaçı Ağəddin oğlu göstərir ki, tanışı Əliyev Eminin ona olan 4900 manat pul borcunu ödəməməsi və o pulun ondan alınmasına köməklik göstərməsini xahiş etmişdir. Araşdırma zamanı vətəndaş İddiaçı Ağəddin oğlunun izahatı alınmış, o, izahatında ərizəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Barəsində şikayət olunmuş, Cavabdeh izahatı alınmış, o, İddiaçı adlı şəxsə borclu olduğunu, lakin maddi vəziyyəti ilə əlaqədar olaraq qaytara bilmədiyini qeyd edərək, iltizam vermiş , iltizamda gündəlik 5 manat qaytaracağını bildirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, ərizəçiyə məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunaraq, toplanmış materialın işə alınması məqsədə müvafiqdir.

8. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 6855 saylı qəbzin surətindən görünür ki, Sumqayıt regional Vəkil Bürosuna 325 manat məbləğində ödəniş edilmişdir.

b)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

14. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.

15. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

16. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehlərin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

17. Məhkəmə qeyd edir ki, hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, bu halda iddiaçının tələb etdikləri qismən sübut olunur. Yekun nəticə olaraq iddiaçının Cavabdeh 4900 manat pul verdiyi, cavabdehin hazırda 3380 manat borcu olduğu təsdiq olunur.

18. Bununla əlaqədar iddiaçı məhkəməyə cavabdehlə aralarında olan səs yazısını əks etdirən disk və Sumqayıt ŞPİ-nin 1-ci PB tərəfindən verilmiş arayışı təqdim etmişdir.

19. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən 3380 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir.

20. İddianın hüquqi yardıma görə ödənilmiş 325 manat məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalı və hüquqi yardım xərcinin yarısı, 162,50 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

21. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

22. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir.

23. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3380 (üç min üç yüz səksən) manat məbləğində pul, ödənilmiş 53,80 (əlli üç manat, səksən qəpik) manat məbləğində dövlət rüsumunun və 162,50 (bir yüz altmış iki manat, əlli qəpik) manat məbləğində hüquqi yardımın əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

25. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi:

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3380 (üç min üç yüz səksən) manat məbləğində pul, ödənilmiş 53,80 (əlli üç manat, səksən qəpik) manat məbləğində dövlət rüsumunun və 162,50 (bir yüz altmış iki manat, əlli qəpik) manat məbləğində hüquqi yardımın əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar