Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-347/2022 11.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 14 avqust 2008-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi, ərizəsini onunla əsaslandırmışdır ki, o, X6 ilə 09 sentyabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 10 avqust 2006-cı il təvəllüdlü Ləman adlı qızı doğulmuşdur. X2 mikrosefaliya xəstəliyi səbəbindən 14 avqust 2008-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev Qəsəbəsində yaşadığı ünvanda ölmüş və həmin qəsəbədə yerləşən qəbristanlıqda dəfn olunmuşdur. Qeyd edir ki, ünvanlı sosial yardım almaq məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt ASAN Xidmət Mərkəzində yerləşən qurumuna müraciət etdikdə, orada ondan ölmüş qızının ölüm haqqında şəhadətnaməsi tələb edildiyindən ünvanlı sosial yardımla bağlı sənədləşmə işlərini başa çatdırmaq mümkün olmamışdır. 21.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinə müraciət edərək X2nın ölümünün qeyd alınması və ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etsə də ərizəsi təmin edilməmişdir. Budan sonra tibbi şəhadətnamə almaq üçün İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrinin İdarəetmə Birliyi "Sumqayıt Tibb Mərkəzi" PHŞ 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət etsə də, qeyd olunan qurum tərəfindən verilmiş imtina məktubunda göstərilmişdir ki, 10.08.2006-cı il təvəllüdlü X8 14.08.2008-ci il tarixdə rəhmətə getdiyinə görə və ölümündən uzun müddət keçdiyi üçün onun ölümü haqqında arayış verilməsindən imtina olunur. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi ilə 1987-ci ildən qonşudur. 2006-cı ilin avqust ayının 10-da ərizəçinin Ləman adlı bir qız övladı dünyaya gəlmişdir. Uşaq dünyaya gələrkən səhhətində problem olmuş, bir müddət sonra, 2008-ci ildə elə həmin xəstəliklə bağlı ölmüşdür. O, uşağın dəfn, yas mərasimində iştirak eləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ərizəçi ilə qonşudurlar. 1985-ildən Tağıyev qəsəbəsində yaşayır, Ülviyyə ilə qonşudur və bir-birilərin evinə gedib-gəlirlər. Ülviyyənin birinci uşağı qız olub və həmin uşaq anadan olandan xəstə olmuş, bu səbəbdən də 2008-ci ildə uşaq ölmüşdür. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı № 182361 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi arasında Sumqayıt Nikah evində 09 sentyabr 2005-ci il tarixdə 1051 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 01.07.2021-ci il tarixli 05/Q-2808/69 saylı arayışından görünür ki, X7 10 avqust 2006-cı ildə anadan olmuş, atası X6, anası Ərizəçidır. Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 21.09.2021-cu il tarixli 05/Q-3452/15 saylı məktubundan görünür ki, Ərizəçi qızının ölümünü təsdiq edən sənəd olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. “Sumqayıt Tibb Mərkəzi” PHŞ 7 nömrəli Ailə sağlamlıq Mərkəzi tərəfindən verilmiş 12.10.2021-ci il tarixli 75/265 saylı imtina məktubundan da görünür ki, 10.08.2006-cı il təvəllüdlü X7 14.08.2008-ci il tarixdə rəhmətə getdiyinə görə və ölümündən uzun müddət keçdiyi üçün onun ölümü haqqında arayışın verilməsindən imtina edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbə Nümayəndəsi tərəfindən təsdiq edilmiş 149 saylı, 17 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, 10.08.2006-cı il təvəllüdlü X7 14.08.2008-ci ildə vəfat etmiş və Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Qəbiristanlğında dəfn edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, 10 avqust 2006-cı ildə Sumqayıt şəhərində anadan olmuş X7 14 avqust 2008-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı araşdırılan sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 avqust 2006-cı ildə Sumqayıt şəhərində anadan olmuş X3 14.08.2008-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-347/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-347/2022
11.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver