Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3491/2023 05.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Qubadlı rayon İcra Hakimiyyəti və Qaçqınların və X12 üzrə Dövlət Komitəsini cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Mehralıyeva (Haqverdiyeva) Zülfiyyə Səxavət qızına qarşı "mənzildən çıxarılma və mənzilə köçürülmə tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh1 qızına qarşı "mənzildən çıxarılma və mənzilə köçürülmə tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 54,9 kv.metr ümumi sahəsi olan 42 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın MA seriyalı ******* nömrəli Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan göründüyü kimi hazırda həmin mənzildə iddiaçı ilə birlikdə X25, X4, X9, X6, X3, X14, X19, X21 və X7 qeydiyyatdadırlar. Qeyd olunan mənzili 1993-cü ildən Qubadlı rayonundan olan məcburi köçkün Cavabdeh1 ailəsi tərəfindən zəbt edilmiş və onlar 2021ci ilə kimi həmin mənzildə, 2021-ci ildən isə Abşeron rayonu Saray qəsəbəsində Azadlıq küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində yerləşən özlərinə məxsus fərdi yaşayış evində yaşamaqla, iddiaçının mülkiyyətində olan mənzilin açarını ona vermirlər ki, öz mənzilində yaşasın. Müharibə şəraitində yaşamağı, məcburi köçkünlərin problemlərini və Ulu öndər Heydər Əliyevin çağırışlarını nəzərə alaraq, indiyədək məcburi köçkünlərin çıxarılması üçün rəsmi qaydada heç bir orqana müraciət etməmişlər. Lakin möhtərəm Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman ordunun şücaəti sayəsində torpaqlar işğaldan azad edildiyinə və cavabdehin iki ildən artıqdır ki, iddiaçının mülkiyyətində olan mənzili bağlı saxlayaraq özünə məxsus Saray qəsəbəsindəki evdə yaşadığını nəzərə alaraq, iddiaçı bir azərbaycanlı kimi ona müraciət edərək kirayələrdə yaşamaqla bağlı problemləri nəzərə alaraq mənzilin açarının ona verilməsini xahiş etmişdir. Cavabında isə cavabdeh bunun müqabilində iddiaçıdan 10.000 manat pul tələb edərək mənzili boşaltmasını bildirmişdir. Odur ki, iddiaçı məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırda iddiaçı, oğlu, onun həyat yoldaşı və iki uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 3/64, mənzil 12-də kirayədə yaşayırlar. Hazırda isə dövlətimizin iqtisadi qüdrətinin artması, qaçqın və məcburi köçkünlər üçün müasir standartlara uyğun yaşayış sahələrinin tikilib verilməsi, məcburi köçkünlərin dövlət tərəfindən məskunlaşdırılması geniş vüsət aldığı üçün iddiaçı bu iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdehin iki ildən artıqdır ki, iddiaçıya məxsus evdə yaşamamasını təsdiq edən kifayət qədər sübutları vardır. Kommunal xərclərin ödənilməsinə dair ödəniş cədvəllərindən də görünür ki, cavabdeh iki ildən artıqdır ki, həmin mənzildə yaşamır. Belə ki, son iki ildə orada yaşamadıqları üçün işıq pulu və su pulu ödənilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh1 ev əşyaları və ailə üzvləri ilə birlikdə mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən 54,9 kv.metr ümumi sahəsi olan 42 saylı mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində Cavabdeh1 özünün və ailə üzvlərinin yəni, həyat yoldaşı Cavabdeh2, Cavabdeh3 və Mehralıyeva Zülfiyyə Səxavət qızının mübahisəli mənzildən çıxarılmasını və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, 1993-cü ildən sentyabr ayından yarımçıq tikili olan binada məskunlaşmışlar. Binanın ümumi vəziyyəti yaşayış üçün əlverişsiz olduğu, qapı-pəncərisi və heç bir təmiri olmayan binada məskunlaşmışlar. Bu minvalla binanı təmir edib övladları X8, Cavabdeh3 və azyaşlı beş nəvəsi ilə 30 ildir bu binada yaşayırlar. Bunu binada yaşayan qonşuları təsdiq edə bilər. Doğma yurdlarına qayıdacaqları təqdirdə, həmin mənzili təhvil verəcəkdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Mehralıyeva (Haqverdiyeva) Zülfiyyə Səxavət qızı, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, Səxavət ilə 30 ildir ki, qonşudurlar. Səxavət hal-hazırda qardaşının evində yaşayır. Qızı isə ailəlidir və ünvan 1, 42 saylı mənzildə yaşayır.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Səxavət qonşusudur. Səxavət hazırda qardaşıgildə yaşayır. Həmçinin, qonşuluqda yaşayır. Bina tikiləndə, yəni bünövrəsi qoyulandan onlar orada məskunlaşmışlar. Səxavətin qızı arada gəlib həmin ünvanda yaşayır.
11. İş materiallarında oaln Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı № ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A, mənzil 42 İddiaçı adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 138 saylı reyestr kitabının 31 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.
12. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı xx.xx.2008-ci ildən etibarən X25, X4, X9, X6, X3, X14, X19, X21, X7 ilə birlikdə Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A, 42 saylı mənzildə qeydiyyatdadırlar.
13. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi idarəsinin Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Abşeron rayonu Saray bələdiyyəsinin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə **********07 reyestr nömrəsi ilə qeydiyyata (xx.xx.2009-cü il tarixli 508 nömrəli torpaq sahəsinin plan və ölçüsü) alınmışdır. Lakin torpaq sahəsi xx.xx.2010-cu il tarixli 55 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində X2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə **********64 reyestr nömrəsi ilə qeydiyyata (DTXK Abşeron rayon şöbəsi, xx.xx.2010-cu il tarixli 791 nömrəli Hərracın yekun protokolu, Abşeron rayon, Saray bələdiyyəsi, xx.xx.2010- cu il tarixli 55 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən) alınmışdır. Torpaq sahəsi Sumqayıt şəhəri 4 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-1183 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində X1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********64 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsi Sumqayıt “ASAN xidmət” notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2V-513 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Mehralıyeva Hicran Əmiraslan qızının adına özgəninkiləşdirilmiş, həmin müqaviləyə əsasən torpaq sahəsi üzərində Mehralıyeva Hicran Əmiraslan qızının adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********64 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi Sumqayıt “ASAN xidmət” notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-1527 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmiş həmin müqaviləyə əsasən torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********64 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir.
14. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qubadlı rayonunun Qayalı kəndindən məcburi köçkünlər-X5, həyat yoldaşı X11, Cavabdeh3 və Mehralıyeva Zülfiyyə Səxavət qızı sıx məskunlaşma obyekti olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 7A saylı evin 42 nömrəli mənzilində məskunlaşmış, məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzil təmin edilməmiş və ya onlara mənzil təklif olunmamışdır. Bildirilir ki, ərazilərimiz işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirilmişdir. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə nəticəsində ölkədə məcburi köçkünlərlə iş sahəsində yeni bir mərhələ başlamışdır, işğaldan azad olunmuş ərazilərin bərpası, eləcə də orada yaşayış üçün təhlükəsizlik şəraitinin yaradılması, infrastrukturun və daimi yaşayış yerlərinin inşa etməklə məcburi köçkün ailələrinin mərhələli şəkildə daimi əsaslarla yeni yaşayış sahələri ilə təmin edilərək, yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürülməsi nəzərdə tutulmuşdur. Odur ki, bölgələrdə, Bakı şəhəri və ətraf rayonlarda məcburi köçkünlər üçün mənzil tikintisi dayandırılmışdır. Komitənin boş mənzil fondu olmadığından yuxarıda adları göstərilən, sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşan məcburi köçkün ailəsinin yeni yaşayış sahəsi ilə təmin olunması mümkün deyil. Qeyd edilir ki, hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahısı üzrə işlər aparılmaqdadır. Həmin siyahı X5 ailə üzvləri ilə birgə məskunlaşdığı mənzil üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Qayıdışla bağlı Qubadlı rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı sözügedən ailənin də öz doğma yurduna köçürülməsi həyata keçiriləcəkdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 7A saylı evin 42 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzildə Qubadlı rayonundan gəlmiş məcburi köçkünlər məskunlaşmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
18. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.
19. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
22. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Bundan əlavə, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
25. Həmçinin, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşması iddiaçının qanunla qorunan hüquqlarını pozur.
26. Nəzərə alınmalıdır ki, 1992-93-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir.
27. Hal-hazırda həmin hadisələrin üzərindən 30 il müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda əvvəllər zəbt olunmuş mənzillərdən məhkəmə qaydasında çıxarılan şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi prioritet vəzifə kimi qəbul edilmişdir. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. Həmçinin, İkinci Qarabağ müharibəsi zamanı, 25 oktyabr 2020-ci ildə Qubadlı işğaldan azad edilmişdir.
28. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən 2022-2026-cı illər aralığında Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşası nəzərdə tutulmuşdur.
29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi mövcuddur. Eyni zamanda, şahid ifadələrindən məlum olmuşdur ki, cavabdeh ailə üzvləri ilə birlikdə sözügedən (mübahisəli) ünvanda daimi yaşamır.
30. Məhkəmə hesab edir ki, mübahisələndirilən mənzil iddiaçının mülkiyyəti olduğundan cavabdehlərin həmin mənzildə məskunlaşması və mənzildən çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Şərh olunan hüquq normalarına əsasən İddiaçı ona məxsus mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin mənzildən çıxarılmalıdır.
31. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsindən göründüyü kimi, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına yalnız bunun digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmadığı hallarda yol verilir və belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
32. Göstərilən normanın tələbləri baxımından məhkəmə hesab edir ki, cavabdehlər məcburi köçkün olduqları üçün başqa yaşayış yeri ilə təmin olunmalıdırlar və bu qətnamə Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsasdır.
33. Göstərilənlərə görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Mehralıyeva (Haqverdiyeva) Zülfiyyə Səxavət qızı Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A ünvanında yerləşən 42 saylı mənzilindən çıxarılmalı, İddiaçı ünvan 4 ünvanında yerləşən 42 saylı mənzilə köçürülməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Mehralıyeva (Haqverdiyeva) Zülfiyyə Səxavət qızı Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A ünvanında yerləşən 42 saylı mənzilindən çıxarılsınlar. İddiaçı ünvan 4 ünvanında yerləşən 42 saylı mənzilə köçürülsün. Bu qətnamə Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva