Məhkəmə qərarları › İş №2(060)-3502/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3502/2021

26.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3502/2021 26.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı X1, Cavabdeh4 iştirakları ilə, İddiaçı X1 Cavabdeh4 və qeyrilərinə qarşı payın naturada bölgüsü tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı X3 Cavabdeh4 və qeyrilərinə qarşı payın naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 48 saylı mənzil qayınatasına məxsus olmuşdur. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 1mk-2382/2001 saylı, 01 oktyabr 2001-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 48 saylı ümumi sahəsi 37,4 kv.metr olan 3 otaqlı mənzil bölünərək, sahəsi 12,2 kv.metr olan bir otağı onun istifadəsinə verilmiş və həmin otağa ayrıca kirayə müqaviləsinin bağlanılması Sumqayıt şəhər icra Hakimiyyətinə tapşırılmışdır. X1 həmin mənzilə dair sahəsi 12,2 kv metr olan hissə müəyyən olunmuşdur. Ona məxsus olan 12.2 kv metr hissəsini satmaq üçün qanuna əsasən, ilk növbədə bununla bağlı cavabdehləri yazılı ərizə ilə xəbərdar etmişdir. Lakin qanunla nəzərdə tutulan müddət keçsə də cavabdehlər bununla razılaşmamışlar. Buna görə də məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan paym naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlərin ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 48 saylı mənzildən onun payının naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib əlavə olaraq bildirdi ki, mübahisəli mənzildə qaynın oğlu Cavabdeh4 və o öz oğlu ilə birlikdə yaşayır. Yoldaşı ilə boşanmış, yoldaşı Almaniya Respublikasında yaşayır. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul edərək izahatında göstərdi ki, mübahisəli mənzil hazırda mərhum atası Cavabdeh3 Veysəl oğlunun adınadır. Mənzilə dair çıxarış alınmamışdır. O mənzilin satılıb, pulunun bölünməsini istəyir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh10 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı X1 və Cavabdeh4 izahatını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 29 saylı evin 48 saylı mənzilinin sahəsi 12,2 kv.metr olan bir otağı xüsusi mülkiyyət hüququ əsasında 28 mart 2003-cü il tarixdə iddiaçı X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 1mk- 2382/2001 saylı, 01 oktyabr 2001-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 2/48 saylı ümumi sahəsi 37,4 kv.metr olan 3 otaqlı mənzil bölünərək, sahəsi 12,2 kv.metr olan bir otağı X1 istifadəsinə verilməsi və onunla həmin otağa ayrıca kirayə müqaviləsinin bağlanılmasının Sumqayıt şəhər icra Hakimiyyətinə tapşırılması qət edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 01 oktyabr 2001-ci il tarixli qətnaməsi ilə ünvan 2/48 saylı ümumi sahəsi 37,4 kv.metr olan 3 otaqlı mənzil bölünərək, sahəsi 12,2 kv.metr olan bir otağı iddiaçı X1 istifadəsinə verilmiş və onunla həmin otağa ayrıca kirayə müqaviləsinin bağlanılması Sumqayıt şəhər icra Hakimiyyətinə tapşırılmışdır. Bundan sonra Sumqayıt şəhəri, 11-ci mikrorayon, 29 saylı evin 48 saylı mənzilinin sahəsi 12,2 kv.metr olan bir otağı xüsusi mülkiyyət hüququ əsasında 28 mart 2003-cü il tarixdə iddiaçı X1 adına qeydiyyata alınmışdır. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Həmin Məcəllənin 219.1-ci maddəsinə əsasən ümumi mülkiyyət hüququndakı pay, əgər tərəflərin razılaşmasında ayrı vaxt nəzərdə tutulmayıbsa, müqavilənin bağlandığı andan müqavilə üzrə əldə edənə keçir. Həmin Məcəllənin 219.2-ci maddəsinə əsasən doğurduğu hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə üzrə ümumi mülkiyyət hüququndakı payın keçməsi anı həmin hüquqların dövlət qeydiyyatına alındığı vaxtdan müəyyənləşdirilir. İş materiallarına əlavə edilmiş məhkəmə qətnaməsindən müəyyən edilir ki, qətnamə əsasında mübahisəli mənzildən iddiaçı X2 pay ayrılmışdır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı mübahisəli Sumqayıt şəhəri, 11-ci mikrorayon, 29 saylı evin 48 saylı mənzilinin sahəsi 12,2 kv.metr olan bir otağı xüsusi mülkiyyət hüququ əsasında 28 mart 2003-cü il tarixdə iddiaçı X1 adına qeydiyyata alınması müəyyən edilsə də, mənzilin digər hissəsi hazırda iddiaçının mərhum qaynatası Cavabdeh3 Veysəl oğlunun adınadır. Mənzilin həmin hissəsinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh10 ümumi birgə mülkiyyətində olması, mənzilin hazırki, hüquqi vəziyyəti barədə iddiaçı tərəfindən hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi məhkəmənin mübahisə predmeti ola bilməz. İddiaçı X3 iddia tələbində cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh10 ümumi birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 48 saylı mənzildən onun payının naturada bölünməsinin tələb etmiş, lakin məhkəmə iclasında iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddiaçı X1 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh10 qarşı payın naturada bölgüsü tələbinə dair iddiası təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X1 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh10 qarşı payın naturada bölgüsü tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar