Məhkəmə qərarları › İş №2(060)-3573/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3573/2022

01.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3573/2022 01.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, Səfərova Sevil Vəzirxan qızı onun qızıdır. Qızı xx.xx.1980-ci anadan olmuş, xx.xx.1986-cı ildə isə qızı Sumqayıt şəhərində yaşadıqları evdə vəfat etmişdir. Elə həmin günü də qızını Xızı rayonu, Şorabad qəbristanlığındə dəfn etmişlər. Lakin bu günə kimi qızına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. O, qızının ölümünün qeydiyyata alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, Sumqayıt şəhər qeydiyyat şöbəsinin məktubu ilə ölümü təsdiq edən arayış olmadığına görə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Faktın müəyyən olunması ona ünvan 1 ünvanının özəlləşdirilməsi üçün lazımdır. Belə ki, həmin mənzil dövlət mənzil fonduna aiddir. Qızı həmin mənzildə qeydiyyatda olduğundan və ölüm haqqında şəhadətnamə olmadığından o, həmin mənzili özəlləşdirə bilmir. Qeyd edilənlərə əsasən qızı Səfərova Sevil Vəzirxan qızının xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Sumqayıt şəhər qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Sumqayıt şəhər qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, Ərizəçi dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirdi ki, ərizəçi onun baldızıdır. 1980-ci ildən Xiyabanın ailəsinə gəlin gəlmişdir. Qızı 1980-ci ildə onun oğluyla eyni vaxtda doğulmuşdu və ürək qüsurlu idi. xx.xx.1986-cı ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirdi ki, ərizəçi ilə həm qonşu, həm də qohumdurlar. Əizəçinin hazırda 2 uşağı var. Bir qızı 1986-cı ildə rəhmətə getmişdir. Eşitdiyinə görə ürək qüsurlu idi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 05/Q-1197\69 №-li doğum haqqında arayışdan görünür ki, Səfərova Sevil Vəzirxan qızı xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İş materiallarında olan Xızı rayon Şorabad bələdiyyəsi tərəfindən verilmiş 07 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1986-cı il tarixdə vəfat etmiş Sevil Vəzirxan qızı həqiqətən Xızı rayon Şorabad qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, ərizəçinin qızı Səfərova Sevil Vəzirxan qızının ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə qətnamə təqdim olunmadığından ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi qızı xx.xx.1980-ci il təvəllüdlü Səfərova Sevil Vəzirxan qızı Sumqayıt şəhərində yaşadıqları evdə ölmüşdür. Ərizəçi S.V.Səfərovanın ölümünün qeydə alınması barədə Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçinin uzun müddət müraciət etməməsinə səbəb buna ehtiyacın olmaması olmuşdur. Hal-hazırda ölüm haqqında şəhadətnamə ona sosial məsələlərin həlli ilə bağlı lazımdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1980-ci il təvəllüdlü Səfərova Sevil Vəzirxan qızının xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1980-ci il təvəllüdlü Səfərova Sevil Vəzirxan qızının xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar