Məhkəmə qərarları › İş №2(060)-3575/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3575/2025

06.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3575/2025 06.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan xidmət” X2 qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27 iyul 2011-ci ildə ildə anadan olmuş, 01 yanvar 2025-ci ildə “Sumqayıt Hospital" Klinikasında vəfat etmiş və 02 yanvar 2025-ci ildə Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuş mərhum oğlu X1 ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək oğlu X1 01 yanvar 2025-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. Ərizə onunla əsaslandırılmışdır ki, X4 oğludur. Bunu AZ-İİ 103390 nömrə-li doğum haqqında şəhadətnamə təsdiq edir. X10 27 iyul 2011-ci ildə anadan olmuşdur. Mərhum oğlu 01 yanvar 2025-ci ildə "xxxx" MMC X8 Yardım Şöbəsində vəfat etmiş, 02 yanvar 2025-ci ildə Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. "xxxx" Klinikasının 02 yanvar 2025-ci il tarixli, 01 nömrəli arayışına əsasən mərhum X10 klinik ölüm, bioloji ölümə keçmişdir. Mərhum oğlu X4 xəstəxana şəraitində vəfat etdiyindən ona ölüm haqqında şəhadətnamə ala bilmir. Ölüm faktını təsdiq etməkdə məqsədi mərhum oğlumun gələcəkdə hərbi xidmətə çağırış ilə əlaqədar ölüm faktını təsdiqinə ehtiyac vardır. Bu səbəbdən də ölüm haqqında şəhadətnamə almaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan xidmət” X2 müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan xidmət” X5 imtina məktubu ilə məhkəməyə müraciət eməyi tövsiyyə etmişdir. Hesab edir ki, 27 iyul 2011-ci ildə anadan olmuş, 01 yanvar 2025-ci ildə "xxxx" Klinikasında vəfat etmiş və 02 yanvar 2025-ci ildə Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuş mərhum oğlu X1 ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməlidir.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri:

6. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifadəsində bildirdi ki, Ərizəçi həyat yoldaşıdır. X4 həyat yoldaşının övladı olsa da, ona uşaqlıqdan övladı kimi baxmışdır. Yusif ölən günü səhər anası ilə birlikdə yuxudan gec durmuşdurlar. Anası yuxudan durduqdan sonra, Yusif də oyanmışdır. Günorta yemək yedikdən sonra divanda yatmış, həyat yoldaşı da yatmışdır. Yusif isə həmin zaman komputer qabağında idi. Birdən həyat yoldaşı onu oyatdı ki, Yusifin vəziyyəti yaxşı deyildir. Olduqları yerə X14 gəlmədiyi üçün avtomobil taparaq onu Sumqayıt Hospitala aparmışdırlar. Orada bildirilmişdir ki, artıq vəfat etmişdir. Vəfat etməsinə səbəb qıcolma olmuşdur.

7. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 ifadəsində bildirdi ki, yaşadıqları ev iki mərtəbəlidir. Bacısıgil aşağı mərtəbədə, o isə yuxarı mərtəbədə qalır. Günorta vaxtı bacısının qışqırtı səsini eşitdi. Aşağı mərtəbəyə düşəndə Yusifin vəziyyətinin yaxşı olmadığını gördü. Hava alıb özünə gəlməsi üçün həyətə düşürsələr də, ayılmamışdır. Qaldıqları əraziyə X14 gəlmədiyi üçün xəstəxanaya aparmışdırlar. Orada bildirildi ki, artıq vəfat etmişdir.

Tədqiq olunan sübutlar:

8. AZ-İİİ 103390 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci ildə anadan olmuşdur. Anası Ərizəçi, atası isə X3r.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan ximdət” X5 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X1 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

10. Sumqayıt Hospital tərəfindən verilmiş 17 aprel 2025-ci il tarixli arayışdan görünür ki, mərhum xx.xx.2011-ci il təvəllüdlü X4 həqiqətən xx.xx.2025-ci il saat 15:25-də "xxxx" MMC X8 Yardım şöbəsinə gətirilmişdir. Xəstə daxil olarkən klinik ölüm vəziyyətində olmuşdur. Göstərilən medikamentoz və reanimasiyon tədbirlərə baxmayaraq klinik ölüm biloji ölümə keçmişdir. Meyidə Sumqayıt şəhər 5-ci polis bölməsinin təhqiqatçısı polis kapitanı Fərhad Bayramov tərəfindən baxış keçirilmişdir. Hadisə ilə bağlı Sumqayıt Tibb Mərkəzinə məlumat verilmişdir. Ordan verilən cavabda mərhuma ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün mülki məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən mərhuma "xxxx" MMC klinikası tərəfindən Forma 106–ölüm haqqında tibbi şəhadətnamə tərtib edilməmişdir.

11. Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Yaşıl dərə massivi, 6-cı məhəllə, fərdi evdə yaşayan xx.xx.2011-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Sumqayıt Hospital MMC-də X14 şöbəsində bioloji ölümdən vəfat etmişdir. Mərhumun üzərində zorakılıq əlaməti olmamışdır. Mərhumun ölümü cinayət xarakteri daşımır.

12. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsi tərəfindən verilmiş 14 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4 01 yanvar 2025-ci il tarixdə Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə görə məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir. 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, ərizəçini dinləyərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.

17. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi mərhum X1 anasıdır. X4 01 yanvar 2025-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Ərizəçiyə "xxxx" MMC tərəfindən X1 ölümü ilə bağlı tibbi şəhadətnamə verilməmişdir. Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X1 vəfat etməsində hər hansı bir cinayət tərkibi müəyyən edilməmişdir. Bundan sonra ərizəçi mərhum övladına ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı 2 saylı Sumqayıt Regional “Asan xidmət” X2 müraciət etsə də, ölümü təsdiq edən sənədin olmaması səbəbindən şəhadətnamənin verilməsindən imtina edilmişdir.

18. Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən normalarının tələblərindən göründüyü kimi məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

19. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür.

20. Təqdim edilmiş ərizədə X1 01 yanvar 2025-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktının müəyyən edilməsi xahiş olunmuşdur. Qeyd olunan ərizədə göstərilən halların qanunvericiliklə nəzərdə tutulmuş qaydada araşdırılması zəruridir.

21. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”.

22. Həmin qərarın 9.2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır.

23. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, yuxarıda adları qeyd olunan qurumlar tərəfindən ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamənin və eyni zamanada ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır.

24. Məhkəmə araşdırması zamanı mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şahidlər dinlənilmişdirlər.

25. Məhkəmə hesab edir ki, hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi zərurəti mövcud olduğundan və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından, habelə X1 01 yanvar 2025-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi ərizəçinin izahatı və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır və təmin edilməlidir.

Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. X1 01 yanvar 2025-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar