Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3603/2024 28.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf 2 saylı Sumqayıt Regional «Asan Xidmət» mərkəzində qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı 2 saylı Sumqayıt Regional «Asan Xidmət» mərkəzində qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 2nında faktiki olaraq yaşayır. Bildirmək istəyir ki, X4 onun qardaşıdır. 15 yanvar 1974-cü il tarixdə anadan olmuş, 08 iyul 1975-ci il tarixdə isə Sumqayıt şəhərində vəfat etmiş və valideynləri tərəfindən Qubadlı rayonunda dəfn edilmişdir. Qeyd edir ki, qardaşının ölümünə səbəb elektrik cərəyanının vurması olmuşdur. Vəfat edən zaman qardaşı hələ körpə olduğundan valideynləri tərəfindən onun barəsində ölüm haqqında şəhadətnamə almağa ehtiyac duymamışdır. Qeyd edir ki, atası X6 11 noyabr 2018-ci il tarixdə vəfat etmişdir. Vəfat edən zaman Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 2 ünvanında yerləşən 35 saylı mənzil məhz atasının mülkiyyətində olmuş və ölümündən bu günə kimi də elə qalmışdır. Miras ilə bağlı qanunvericiliyə dəyişiklik olması səbəbindən vərəsəlik işinin açılması ilə bağlı müvafiq notariat orqanına müraciət etmiş və orada sistemdə mərhum qardaşı X2 hələ də yaşadığı, nəticədə onun da vərəsə olduğu bildirilmişdir. Bu səbəbdən də onun tərəfindən qardaşının ölümünə dair sənədin alınması ilə bağlı iş üzrə maraqlı şəxs 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etsə də ərizənin icrasından imtina edilmişdir. Qeyd edir ki, müraciətinə əsasən ona arayış təqdim edilmiş və həmin arayışda “X4 barəsində 2 saylı Sumqayıt Regional «Asan Xidmət» mərkəzində qeydiyyat şöbəsinin arxivində ölüm aşkar olunmadığı, arxiv məlumatlarının 2 saylı Sumqayıt Regional «Asan Xidmət» mərkəzində qeydiyyat şöbəsi üzrə 1972-1978-ci illərə dair akt qeydlərinin yoxlanıldığı, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 25 mart 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamanın aparıldığı və ölüm haqqında akt qeydinin aşkar olunmadığı” qeyd edilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Tək çıxış yolu budur. Çünki qardaşının vəfat etməsinə baxmayaraq o, hələ də onun ölüm haqqında şəhadətnaməsini ala bilmir. Bu da öz növbəsində ona bir sıra məsələlərin həll edilməsində başlıca olaraq isə yuxarıda qeyd olunan məsələnin həllində mane olur. Qeyd olunanlara əsasən hazırki ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, hazırki mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Qeyd etmək istəyir ki, daha əvvəl iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3050/2024 saylı mülki iş üzrə 09 aprel 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Məhkəmə qərardadında qeyd edilmişdir ki, “ölüm haqqında tibbi şəhadətnamə”-nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə etməklə təkrarən məhkəməyə müraciət edilə bilər. Bildirmək istəyir ki, qardaşı 1975-ci ildə vəfat etmişdir və həmin zaman hər hansı “ölüm haqqında tibbi şəhadətnamə” alınmamışdır. Qeyd olunan halın nəzərə alınması xahiş edilmişdir. Qeyd edilənlərə əsasən qardaşı - 15 yanvar 1974-cü il təvəllüdlü X2 08 iyul 1975-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, elektrik cərəyanı hadisəsi Sumqayıt şəhərində baş vermiş, qardaşı isə Qubadlı rayonunda dəfn olunmuşdur. Atasından qalmış miras əmlak ilə bağlı evin sənədləşdirilməsində problemlər yaranmışdır. İndiyə kimi isə belə bir sənədləşmə zamanı hər hansı maneə olmamışdır. Ailədə beş uşaq olmuş, onlardan biri dünyasını dəyişmişdir. Maraqlı tərəf 2 saylı Sumqayıt Regional «Asan Xidmət» mərkəzində qeydiyyat şöbəsinə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf 2 saylı Sumqayıt Regional «Asan Xidmət» mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, Ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Vüsalə bacısı qızıdır. Onlar ailədə iki bacı, iki qardaş olmuşlar. Onların bir qardaşı da olmuş, oda 8 iyul 1975-ci il tarixdə rəhmətə getmişdir. Hadisə zamanı o, yataqxanada yaşamışdır. Gecə ilə gələrək ona xəbər etmişlər. Vəfat etməmiş öncə 2 və yaxud 3 saat öncə uşağı çıxardaraq gəzdirmişdir. Daha sonra anasına təhvil vermişdir. O getdikdən sonra blokun altında, şitin altında oturmuşlar. Uşaq orada oynayarkən onu elektrik vurmuşdur. Qubadlı rayonunun Poladlı kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Vüsalə onun bacısı qızıdır. Hal-hazırda ailədə iki qardaş və iki bacıdırlar. Lakin birinci qardaşları Seymur 1975-ci il tarixdə rəhmətə getmişdir. Elektrik cərəyanı vurması nəticəsində vəfat etmiş, Qubadlı rayonunun Poladlı kəndində dəfn olunmuşdur. İş materiallarında olan: 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 mart 2024-cü il tarixli, 3-16-13xx-xx/2024 nömrəli arayışdan görünür ki, X4 barəsində Sumqayıt Şəhər Qeydiyyat şöbəsinin arxivində ölüm aşkar olunmamışdır. Arxiv məlumatları Sumqayıt Şəhər Qeydiyyat şöbəsi üzrə 1972-1987-ci illərə dair akt qeydləri yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlı vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin sorğusuna cavab olaraq Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1974-cü il təvəllüdlü X2 doğumu haqqında akt qeydinin surəti göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin 09 iyul 2024-cü il tarixli cavabından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”-nin 1974-cü ilə dair Sumqayıt şəhəri doğum haqqında, 1974, 1975-ci illərə dair ölüm haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, X2 doğum və ölüm haqqında akt qeydinin axtarışının aparılması imkanları xaricindədir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Sumqayıt Tibb Mərkəzi” X12 Sumqayıt Perinatal Mərkəz tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 23 iyul 2024-cü il tarixli, 147 nömrəli məktuba cavabından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli, 100 nömrəli Tibbi statistika sahəsində işin təkmilləşdirilməsi barədə əmrinə əsasən müraciət edilən Tibbi qeydiyyat sənədlərinin müəssisədə qalma müddəti 50 ildir. Odur ki, xx.xx.1974-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş X4 barədə doğum qeydini yoxlamaq mümkün deyildir. xx.xx.1975-ci il tarixdə ölüm hadisəsi doğuşayardım müəssiəsi olan 1 saylı doğum evində baş verə bilməz. Bu barədə digər qurumlara müraciət edilməsi məqsədə uyğun sayılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi qardaşı 15 yanvar 1974-cü il təvəllüdlü X4 08 iyul 1975-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Ərizəçi qardaşı X2 ölümünün qeydə alınması barədə 02 saylı Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, 15 yanvar 1974-cü il təvəllüdlü X2 08 iyul 1975-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 15 yanvar 1974-cü il təvəllüdlü X2 08 iyul 1975-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3603/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3603/2024
28.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver