Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3811/2023 31.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00267 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 2018-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Birgə nikah münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı iki övladı doğulmuşdur. Maraqlı şəxs ilə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan bir-birilərini başa düşməmiş və aralarında söz-söhbət yaranmağa başlamışdır. Söz-söhbətin yaranmağının səbəbi də xasiyyətlərinin və fikirlərinin üst-üstə düşməməsidir. Bu səbəbə görə nikahlara kağız üzərində qalmışdır. Ona görə də aralarında bağlanmış nikah münasibətlərinin pozulması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nikahın pozulması üçün məhkəməyə müraciət etməmişdən əvvəl o, cavabdehi ilkin mediasiya sessiyasında iştiraka dəvət etmiş, cavabdeh bu təklifi qəbul etmiş və mediatorun iştirakı ilə bu şərtlərlə xx.xx.2023-cü il tarixli barışıq sazişini imzalamışlar: “1. Birinci tərəf Ərizəçi ər-arvad münasibətlərinin bundan sonra davam etdirilməsini mümkünsüz olmasını, ikinci tərəf Maraqlı şəxs isə nikahın pozulmasına razı olmadığını bildirir. Tərəflərin razılığına əsasən mübahisənəin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. 2. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası - Ərizəçi yanında yaşamasına razıdırlar. 3. Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin mart ayından başlayaraq hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, 400 (dörd yüz) manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) Ərizəçi ödəmək barədə öhdəlik götürür. 4. Ərizəçi xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 atası - Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. 5. Tərəflər arasında xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 təhsili və dini etiqadı ilə bağlı hər hansı mübahisə və ya fikir ayrılığı yoxdur.” xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00267 saylı barışıq sazişində bütün mübahisələri könüllü olaraq həll etmiş, yalnız nikahın pozulması məhkəmənin səlahiyyətində olduğundan, aralarında olan nikah qeydinin pozulması üçün məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmə prosesində Maraqlı şəxs nikahın pozulmasına razı olmadığından, hakim qanunvericiliyin tələbinə uyğun olaraq, ailənin bərpa olunması üçün onlara üç ay vaxt vermişdir. Növbəti məhkəmə prosesi xx.xx.2023-cü il saat 10:00-a təyin olunmuşdur. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli barışıq sazişində qeyd olunan alimentlə bağlı öhdəliyini yerinə yetirməmiş, sözügedər sazişin şərtlərinin könüllü icrasından imtina etmişdir. Halbuki cari ilin mart ayından başlayaraq, uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, 400 (dörd yüz) manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin, bu günədək heç bir ödəniş etməmişdir. Ona görə də mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul etmədiyini, ərizəçinin ona qarşı olan iddiasının əsassız olduğunu, ailəsinə kömək etdiyini, övladlarının saxlanılması üçün yetəri qədər yardım etdiyini bildirərək, qeyd edilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, barışıq sazişi bağlanan zaman işləyirdi və aylıq əmək haqqı 850 manat idi. Əmək müqaviləsinin müddəti bitdiyindən müqaviləyə xitam verilmişdir. Hazırda öz şəxsi işini qurmuş və aylıq qazancı 450-500 manat civarındadır. Məhkəmə, ərizəçi və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı övladları vardır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2259/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında olan xx.xx.2019-cu il tarixli 1479 saylı nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, mülki iş üzrə tərəflərin barışması üçün 3 (üç) ay müddət müəyyən edilməklə işə baxılması xx.xx.2023-cü il tarixə, saat 10:00-a təxirə salınmışdır. - xx.xx.2023-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, hər iki tərəf birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası - Ərizəçi yanında yaşamasına razıdırlar. Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin mart ayından başlayaraq hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, 400 (dörd yüz) manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə Maraqlı şəxs ər-arvad münasibətlərinin davam etdirilməsinin mümkünsüzlüyü qənaətinə gələrək xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlamışlar. Barışıq sazişinin şərtlərinə görə hər iki tərəf xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar. Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2023-cü ilin mart ayından başlayaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür. Lakin, qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Bu Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Bu Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Bu Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir Ona görə də, ərizə təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311, 355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin mart ayından başlayaraq hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, 400 (dörd yüz) manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) Ərizəçi ödəməyi öhdəsinə götürməsi barədə Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00267 saylı Barışıq sazişi təsdiq edilsin. Qətnamə MŞS/MT030/2023-00267 saylı barışıq sazişinin alimentə dair hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3811/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3811/2023
31.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver