Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-409/2022 04.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə 04 mart 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “FİAT DOBLO” minik markalı **-BE-*** qeydiyyat nişanlı (2002-ci il buraxılış) avtomobilinin Cavabdeh alınaraq ona qaytarılması, əgər əmlakları yoxdursa və ya cavabdeh tərəfindən yararsız vəziyyətə salınmışdırsa həmin əmlakların dəyərinin müəyyən edilərək cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “FİAT DOBLO” minik markalı **-BE-*** qeydiyyat nişanlı (2002-ci il buraxılış) avtomobili 30.03.2021-ci il tarixdə X1 baş etibarnamə əsasında almışdır. “FİAT DOBLO” minik markalı avtomobilə 6500 (altı min beş yüz) manat ödəyərək X1 almışdır. Həmin tarixdən “FİAT DOBLO” minik markalı **-BE-*** qeydiyyat nişanlı avtomobil onun istifadəsində olmuşdur. “FİAT DOBLO” minik markalı **-BE-*** qeydiyyat nişanlı (2002-ci il buraxılış) avtomobili 07.05.2021-ci ildə tanışı xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh avtomobili idarə etmək üçün etibarnamə ilə vermişdir. Lakin bir müddət sonra Cavabdeh onun mülkiyyətində olan Fiat Doblo minik markalı avtomobili qanunsuz olaraq hissələrə bölərək satmış, nəticədə onun əmlakına böyük ziyan vurmuş və özü isə yoxa çıxmışdır. Bununla bağlı DİN-nin 102 xidmətinə və Xəzər Rayon Polis İdarəsinin 03 saylı Polis Bölməsinə müraciət etmişdir, ancaq Xəzər Rayon Polis İdarəsinin 03 saylı Polis Bölməsində onun şikayəti barədə qanuni araşdırma aparılmamış və Cavabdeh barəsində cinayət işi başlanmamışdır. Cavabdeh ilə əlaqə yaratmağa çalışmış və əmlakını tələb etmişdir. Cavab olaraq Cavabdeh ona “FİAT DOBLO” minik markalı **-BE-*** qeydiyyat nişanlı avtomobil ilə qəzaya uğrayaraq yararsız vəziyyətə düşdüyünü bildirmişdir. Bundan sonra avtomobilin yararsız vəziyyətdə olmasına baxmayaraq ona əmlakının geri qaytarmasını və ya yerini bildirməsini tələb etsə də o, avtomobilini ona geri qaytarmaqdan yayınmışdır. Hesab edir ki, Cavabdeh qanunsuz olaraq onun sahibliyində olan “FİAT DOBLO” minik markalı, **-BE-*** qeydiyyat nişanlı (2002-ci il buraxılış) avtomobili mənimsəmişdir. Belə ki, “FİAT DOBLO” minik markalı **-BE-*** qeydiyyat nişanlı avtomobilin və yaxud onun dəyərinin müəyyən olunaraq pul şəklində ona qaytarılmasını istəyir. Ona görə də bu mübahisənin həlli üçün məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən iddiaçı, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, “FİAT DOBLO” minik markalı avtomobili almaq üçün X3 6500 manat pul ödəmişdir. Həmin pulu notariusda deyil, nağd şəkildə ödəmişdir. Belə ki, avtomobili baş etibarnamə ilə almışdır. O, da 07.05.2021-ci ildə Cavabdeh həmin avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Cavabdeh onun tanışdır. O, paltar alveri ilə məşğul olur. Hazırda Cavabdeh maşını ona qaytarmır. Onunla əlaqə saxlayarkən, maşının qəzaya uğradığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, maşın hissələrə ayrılaraq satılmışdır. Əfqan ona yalnız maşının nömrəsini qaytarmışdır. Məsələ ilə əlaqədar o, DİN-nin 102 xidmətinə zəng vurmuş, Xəzər Rayon Polis İdarəsinə getmiş, ifadəsini vermiş, lakin Cavabdeh İdarəyə dəvət olunmamış və izahatı alınmamışdır. Hazırda o, Cavabdeh ilk növbədə maşınını tələb edir. Lakin maşın olmadığı halda isə maşının dəyərini, yəni 6500 manat pulun ona ödənilməsini tələb edir. İddiaçı həmçinin məhkəməyə təqdim etdiyi disklə bağlı bildirdi ki, həmin görüntü hədə-qorxu altında çəkilməyib. Çəkilişin tarixi dəqiq yadında deyil. Belə ki, onlar 6500 manatın qaytarılması ilə bağlı borc müqaviləsi bağlamaq üçün notariusa getmiş, lakin notarius borc müqaviləsi bağlamaq üçün pulun banka qoyulmalı olduğunu bildirmişdir. Onda isə həmin məbləğdə pul olmamışdır. Bu səbəbdən borc müqaviləsi bağlamaq mümkün olmamışdır. Bundan sonra onlar qərara gəlmişdir ki, belə bir etiraf videosu çəksinlər. Əslində o cavabdehə əlavə olaraq 1000 manat da borc pul vermişdir. Sadəcə olaraq bununla bağlı başqa yazılı sübutu olmadığından onu tələb edə bilmir. İddiaçı əlavə olaraq onu da bildirdi ki, maşının qiymətləndirilməsi üçün ona qiymətləndirilmə təşkilatı tərəfindən deyilən məbləği maddi vəziyyəti ilə əlaqədar ödəyə bilməmişdir. İddiaçı qeyd etdiklərinə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan ƏN-Vİİ 585035 saylı etibarnamədən surətindən görünür ki, X4 “FİAT DOBLO” minik markalı **-BE-*** qeydiyyat nişanlı avtomobilə dair 30.03.2021-ci il tarixdə İddiaçı nəqliyyat vasitəsinə sərəncam vermək üçün etibarnamə vermişdir. Etibarnamə 1 il müddətinə, 30.03.2022-ci il tarixədək verilmişdir. İşdə olan ƏN-V 584388 saylı etibarnamədən surətindən görünür ki, İddiaçı “FİAT DOBLO” minik markalı **-BE-*** qeydiyyat nişanlı avtomobilə dair 08.05.2021-ci il tarixdə Cavabdeh nəqliyyat vasitəsindən istifadə etmək üçün etibarnamə vermişdir. Etibarnamə 10 ay 22 gün müddətinə, 30.03.2022-ci il tarixədək verilmişdir. İşdə olan AD 927871 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “FİAT DOBLO” minik markalı 2002-ci il buraxılışlı mühərrikinin həcmi 1910 sm3 olan **-BE-*** qeydiyyat nişanlı avtomaşın 28.09.2020-ci il tarixdə X2 adına qeydə alınmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan “FİAT DOBLO” minik markalı, **-BE-*** qeydiyyat nişanlı (2002-ci il buraxılış) avtomobili 30.03.2021-ci il tarixdə X1 baş etibarnamə əsasında almışdır. İddiaçı mübahisəli avtomobili 08.05.2021-ci ildə idarə etmək üçün etibarnamə əsasında Cavabdeh vermişdir. Lakin bir müddət sonra Cavabdeh iddiaçının mülkiyyətində olan “FİAT DOBLO” minik markalı avtomobili geri qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahiblikdən məhrum olmuş iddiaçının cavabdehə qarşı yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Məhkəmə hesab edir ki, istinad edilən komponentlərdən birincisi, yəni iddia ərizəsində qeyd edilən “FİAT DOBLO” minik markalı **-BE-*** qeydiyyat nişanlı avtomobilin mövcudluğu işin mübahisəsiz halıdır. Belə ki, sözügedən avtomobilin mövcudluğu işdə olan fotoşəkillərlə və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə təsdiq olunur. Avtomobilin iddiaçıya məxsus olması ilə bağlı məhkəməyə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (158.4). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X5rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. İstər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Göründüyü kimi, mübahisələndirilən avtomobil üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, İddiaçı həm mübahisəli avtomobilə gözlənilən mülkiyyət hüququ, həm də avtomobildən fasiləsiz və mübahisəsiz istifadə hüququ olmuşdur. Mülki qanunvericiliyin tələbinə görə isə əmlakdan istifadə hüququ əmlak hüququ sayılır və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə vindikasiya iddiasının irəli sürülməsi üçün zəruri olan digər iki şərtlə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə iddiaçının avtomobilinin qaytarılıb-qaytarılmaması ilə bağlı hesab edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından belə halda avtomobilin cavabdehə verilməsini və ona qaytarılmamasını sübut etmək iddiaçının, avtomobilin qaytarılmasını sübut etmə vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli avtomobilin cavabdehə verilməsini və ona qaytarılmamasını sübut edə bilmişdir. Bu hal həm ƏN-V 584388 saylı, 08.05.2021-ci il tarixli etibarnamə, həm də cavabdehin videogörüntüsünü əks etdirən 1 ədəd CD-disklə təsdiq edilir. Belə ki, həmin videogörüntüdə Cavabdeh İddiaçı “FİAT DOBLO” minik markalı maşınını sürmək üçün götürdüyünü, həmin maşınla qəza törətdiyini və maşının yenidən bərpasının mümkün olmadığını (əmələ gəlmədiyini), hazırda həmin maşının pulunu ödəməli olduğunu, maşının qiymətinin 6500 manat olduğunu, lakin həmin pulu nağd şəklində qaytara bilmədiyini, hər ay 300 manat olmaqla pulu İddiaçı qaytaracağını söz verdiyini bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, işin halları müəyyən edilərkən sözügedən videogörüntü sübut qismində qəbul edilə bilər. Belə ki, məhkəmə hesab edir ki, Cavabdeh bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların onun özü ilə bağlı yaranan əmlak mübahisəsinin həllində istifadə olunması mümkündür. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12.04.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh şəxsiyyəti haqqında elektron sistemdən əldə edilmiş məlumatlar (şəxsin fotoşəkli) videogörüntüdə əks olunan şəxsin xüsusi bilik tələb olunmadan Cavabdeh olması barədə nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından vindikasiya iddiasının irəli sürülməsi üçün zəruri olan 3 komponentin hər birinin mövcudluğu öz təsdiqini tapır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Beləliklə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bildiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “FİAT DOBLO” minik markalı **-BE-*** qeydiyyat nişanlı (2002-ci il buraxılış) avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə qeyd edir ki, “FİAT DOBLO” minik markalı **-BE-*** qeydiyyat nişanlı (buraxılış ili 2002) avtomobilin real bazar qiymətinin müəyyən edilməsi üçün iş üzrə qiymətləndirmə keçirilməsi qərara alınmış, Sumqayıt Şəhər Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərardadı ilə sözügedən avtomobilin qiymətləndirilməsi "xxxx" MMC-yə həvаlə edilmiş, lakin "xxxx" MMC tərəfindən qiymətləndirmə işinin aparılması üçün xidmət haqqı ödənilmədiyindən Sumqayıt şəhər Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(060)- 409/2022 saylı qərardadı icrasız geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, iş materiallarında mübahisəli avtomobilin dəyəri ilə bağlı iddiaçının izahatı və cavabdehin videogörüntüdəki etirafından başqa hər hansı başqa sübut olmadığından, “FİAT DOBLO” minik markalı **-BE-*** qeydiyyat nişanlı (buraxılış ili 2002) avtomobilin dəyəri həmin məbləğdə (6500 manat) müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə onu da qeyd edir ki, məhkəmə İddiaçı Cavabdeh onun mülkiyyətində olan “FİAT DOBLO” minik markalı **-BE-*** qeydiyyat nişanlı avtomobilini qanunsuz olaraq hissələrə bölərək satması, nəticədə iddiaçının əmlakına ziyan vurulması barədə Xəzər Rayon Polis İdarəsinin 3-cü PB-nə verilmiş şikayət ərizələri əsasında toplanmış materialı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə sorğu verməklə tələb etsə də, həmin sənədlər İdarə tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 78-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir (78.2). Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir (78.3). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 100 (bir yüz) manat dövlət rusumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “FİAT DOBLO” minik markalı **-BE-*** qeydiyyat nişanlı (2002-ci il buraxılış) avtomobil və ya onun dəyəri olan 6500 (altı min beş yüz) manat pul və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Əlihüseyn oğluna verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-409/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-409/2022
04.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver