Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-410/2025 24.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1, 18 saylı mənzilə Cavabdeh tərəfindən mütəmadi surətdə suyun axıdılması nəticəsində mənzilə dəymiş zərərə görə 1180 manat məbləğində maddi ziyanın və dövlət rüsumu kimi ödənilmiş 32 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1, 18 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidməti İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə onun xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Onun mənzilindən yuxarı mərtəbədə yerləşən ünvan 1, 20 saylı mənzilin sahibi Cavabdeh tərəfindən ona məxsus mənzilinə mütəmadi surətdə su axıdılmış və mənzilinin müəyyən hissəsini yararsız hala salınmışdır. İddia ərizəsinə əlavə olunmuş Sumqayıt şəhər İcraa Hakimiyyəti MKTİB-nin 1 saylı MKS-nın tərtib etdiyi aktda da qeyd olunur ki, 1 saylı MKS-nın ərazisində yaşayan 26-cı məhəllə, ev 4/5 mənzil 20-nin yaşayıcısı Cavabdeh 26cı məhəllə, ev 4/5 mənzil 18-də yaşayan İddiaçı mənzilinə dəfələrlə vanna otağından su axıtdığı üçün İddiaçı mənzili yararsız hala düşmüşdür. Dəfələrlə Cavabdeh xəbərdarlıq etsə də, heç bir nəticə olmamışdır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı oğlu iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 8-ci dəfədir ki, evinə cavabdeh tərəfindən su axıdılmışdır. Bunu iş materiallarına əlavə etdiyi fotoşəkillər də təsdiq edir. İlk dəfə belə hal baş verəndə qonşu olduğu üçün bağışlamışdır. Beşinci dəfə bu hal olan zaman evinin təmir olunmasını xahiş etmişdir. Lakin maddi vəziyyətlərinin yaxşı olmadığını əsas gətirərək təmir etməkdən imtina etmişdirlər. 23 avqust 2024-cü il tarixdə, gecə saat 03:00-da dəhlizinə su axıdılmışdır. Bununla bağlı videogörüntü vardır. 10 gün müddətində evi təmir edəcəklərini, daha sonra divar kağızı alacaqlarını bildirmişdirlər. Lakin ustalar bildirdilər ki, ev yenidən təmir olunmalıdır.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, ünvan 1, 20 saylı mənzildə (3-cii mərtəbədə) 2012-ci ildən yaşayır. İddiaçı isə onun mənzilinin birbaşa altında - 2-ci mərtəbədə yerləşən 18 saylı mənzildə yaşayır. Qeyd olunan yaşayış binası artıq köhnəlmişdir və uzun illərdir ki, kommunikasiya xəttləri, xüsusilə su boruları köhnəlmiş vəziyyətdə istismar olunur. Mənzilə köçdüyü dövrdən artıq binada dəfələrlə su sızmaları olmuşdur. Mənzilini ona satan şəxs də, iddiaçı özü də binadakı köhnə borulardan tez-tez su sızması baş verdiyini bilirdi. 2024-cü ilin 27 avqust tarixində mənzilində yerləşən su çənində texniki nasazlıq səbəbindən daşma baş vermişdir. Bu hal qəflətən olmuş, dərhal qarşısı alınmışdır. Hadisədən sonra iddiaçı ona müraciət edərək evində zərər dəydiyini söyləmiş, o da dərhal onun evinə düşərək vəziyyətlə tanış olmuşdur. Mənzilin sadəcə dəhliz hissəsində divar kağızlarının (oboyların) bir hissəsinin islanması və tavanın alçipanında yüngül saralma müşahidə olunmuşdur. Hadisədən sonra oğlu Rövşənlə birlikdə usta çağırmışdırlar. Usta dəymiş zərəri qiymətləndirərək təmirin ümumi xərclərinin 150 manat təşkil edəcəyini, bunun 100 manatı əmək haqqı, 50 manatı isə material xərci olduğunu bildirmişdir. Lakin iddiaçı bu təklifi qəbul etməmiş və özü müstəqil şəkildə təmir işləri gördürmüşdür. Hazırda iddiaçı tərəfindən 1180 manat məbləğində təzminat tələb olunur ki, bu məbləğ faktiki dəymiş ziyanı heç bir halda əks etdirmir, əsassız və şişirdilmişdir. Zərər dəymiş sahə mənzilin yalnız dəhliz hissəsidir, ümumi sahəsi cəmi 4 kv.m-dir və hər divarında qapı yerləşdiyindən divar səthləri də minimaldır. Bu sahədə görüləcək təmir işlərinin real bazar qiyməti maksimum 150 manat ola bilər. Bundan başqa, iddiaçı tərəfindən ona qarşı təzyiq və əsassız narazılıqlar davam etdirilir. Dəfələrlə qapını döyərək əsəblərini pozur, hətta o, rayona gedən zaman onun mənzilindən keçən ümumi su borusunu bağlayaraq mənzilini günlərlə susuz qoyur. Binadakı köhnə infrastrukturun yaratdığı texniki problemlərə görə onun məsuliyyəti mövcud deyil.
Tədqiq olunan sübutlar:
5. 1422004537 qeydiyyat nömrəli, 22 fevral 2022-ci il tarixli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, ünvan 1, mənzil 18 üzərində mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. 1 saylı MKS-nin rəisi X2, 1 saylı MKS-nin mühəndisi X3, 1 saylı MKS-nin sahə ustası X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 1 saylı MKS-nin ərazisində yaşayan 26-cı məhəllə, ev 4/5, mənzil 20-nin yaşayışıcısı Cavabdeh 26-cı məhəllə, ev 4/5, mənzil 18-də yaşayan İddiaçı mənzilinə dəfələrlə vanna otağından su axıtdığı üçün İddiaçı mənzili yararsız hala düşmüş, dəfələrlə Cavabdeh xəbərdarlıq etsələr də, heç bir nəticə olunmamışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2025-ci il tarixli, 10/9785 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olduğunu, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq həmin mənzilə yuxarı mərtəbədən su sızdığı müəyyən olunmuş, lakin cavabdeh baxışda iştirak etmədiyindən və mənzilin qapısı bağlı olduğundan 18 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamış, ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilin dəhliz və mətbəx otağının tavanında sarımtıl ləkələrin olduğu, divarlarına vurulmuş divar kağızının qabardığı, bəzi hissələrdə soyulduğu müəyyən olunmuşdur.
8. "xxxx" MMC tərəfindən verilmiş MB-18/1229 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilin yuxarı mərtəbəsindəki mənzildən suyun axıdılması nəticəsində dəymiş zərərin məbləği 1104 manat təşkil edir.
Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1111-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
11. Mənzil Məcəlləsi: 15-ci maddəsinə görə yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.4-cü maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
13. Haızrda iddiaçı ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə həmin mənzilin yuxarı mərtəbəsindəki mənzildən suyun axıdılmasını iddia edərək 1180 manat məbləğində maddi ziyanının cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir.
14. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
15. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
17. İşin müəyyən edilmiş halı odur ki, umqayıt şəhəri, 26-cı məhəllə, ev 5/4 ünvanında yerləşən 18 saylı mənzil İddiaçı mülkiyyətindədir və həmin mənzilə su sızma nəticəsində ziyan dəymişdir.
18. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.
19. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
20. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
21. İşin müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
22. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
24. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
25. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
26. Belə olan halda məhkəmə tərəfindən iddianın təmin edilib-edilməməsi məsələsi araşdırılarkən yuxarıda qeyd olunanlara əsasən ilk öncə mülki hüquqi məsuliyyətin yaranması üçün əsas olan dörd şərtin mövcud olub-olmaması məsələsi araşdırılaraq iddia tələbinə müvafiq hüquqi qiymət verilməlidir.
27. Hazırki mülki iş üzrə delikt öhdəliyinin yaranması üçün ilk şərt olan zərərin mövcudluğu olması işin mübahisəsiz halıdır.
28. Belə ki, məhkəmə tərəfindən iddiaçıya məxsus olan mənzilə zərər dəyibdəyməməsini, əgər zərər dəymişdirsə, dəymiş zərərin səbəbini, dəymiş zərərin üst mərtəbədəki mənzildən su axması nəticəsində dəyib-dəyməməsini və dəymiş zərərin məbləğini müəyyən etmək üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6700/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy alınmış, həmçinin iş üzrə Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə mütəxəssis rəyi alınmışdır.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2025-ci il tarixli, 10/9785 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olduğunu, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq həmin mənzilə yuxarı mərtəbədən su sızdığı müəyyən olunmuş, lakin cavabdeh baxışda iştirak etmədiyindən və mənzilin qapısı bağlı olduğundan 18 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamış, ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilin dəhliz və mətbəx otağının tavanında sarımtıl ləkələrin olduğu, divarlarına vurulmuş divar kağızının qabardığı, bəzi hissələrdə soyulduğu müəyyən olunmuşdur.
30. "xxxx" MMC tərəfindən verilmiş MB-18/1229 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilin yuxarı mərtəbəsindəki mənzildən suyun axıdılması nəticəsində dəymiş zərərin məbləği 1104 manat təşkil edir.
31. Beləliklə ekspert rəyinə əsasən İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə su sızma nəticəsində ziyan dəydiyi müəyyən edilmişdir.
32. İddiaçıya məxsus olan mənzilə su sızma nəticəsində ziyan dəydiyi işin müəyyən edilmiş halı olduğundan hazırda məhkəmə təərfindən qiymət verilməli olan məsələ mənzilə dəymiş ziyanın cavabdehin təqsirli, hüquqazidd hərəkət-hərəkətsizliyinin nəticəsi olub-olmamasıdır.
33. İlk növbədə qeyd edək ki, ekspert rəyində ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə yuxarı mərtəbədən su sızdığının müəyyən olunduğu, lakin cavabdehin baxışda iştirak etməməsi və mənzilin qapısının bağlı olması səbəbindən 18 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etməyin mümkün olmadığı qeyd edilsə də, məhkəmə iclasında cavabdeh özü də tərəfindən 2 (iki) dəfə iddiaçının mənzilinə su axıdıldığını, hətta buna görə iddiaçıya evin həmin hissəsini təmir etdirməsini təklif etdiyini də bildirmişdir. Cavabdeh iddiaçıya məxsus mənzilə bir hissədə zərər vurduğunu qeyd etsə də, yuxarıda adıçəkilə ekspet rəyi əsasında ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilin dəhliz və mətbəx otağının tavanında sarımtıl ləkələrin olduğu, divarlarına vurulmuş divar kağızının qabardığı, bəzi hissələrdə soyulduğu müəyyən olunmuşdur. Beləliklə qeyd edilən hallar iddiaçıya məxsus mənzilə cavabdehin hərəkətləri nəticəsində ziyan dəydiyi nəticəsinə gəlməyə əsas verir.
34. Beləliklə işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan mənzilə cavabdehə məxsus olan mənzildən su axması nəticəsində ziyan dəymişdir.
35. Məhkəmə işin müəyyən olunmuş hallarını nəzərə alıb qeyd edir ki, yuxarıda göstərilən hallar iddiaçının mənzilinə dəymiş zərərə görə cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlməyə kifayət qədər əsas verir.
36. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçıya dəymiş zərər cavabdehin hüquqazidd əməli ilə birbaşa səbəbli əlaqəli olduğundan iddiaçıya dəymiş ziyan cavabdeh tərəfindən ödənilməlidir.
37. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır.
38. Dəymiş zərərin məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçıya məxsus mənzilə dəymiş zərərin aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin bazar dəyəri mütəxəssis rəyi ilə 1104 manat müəyyən edilmişdir.
39. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən, iş üzrə mütəxəssis rəyi əsas götürülməklə iddia qismən, yəni 1104 manat məbləğdə maddi zərər hissəsində təmin olunmalıdır.
Məhkəmə xərcləri:
40. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,4 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir.
41. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
42. Qiymətləndiricinin xidmət haqqı olaraq 300 manat məbləğində vəsaitin 31,33 manat hissəsi İddiaçı və 280,67 manat hissəsi Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir.
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1104 (min yüz dörd) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 31 (otuz bir) manat, 04 (dörd) qəpik hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərcinin 31 (otuz bir) manat, 33 (otuz üç) qəpik hissəsi İddiaçı, 280 (iki yüz səksən) manat, 67 (altmış yeddi) qəpik hissəsi isə Cavabdeh tutulub "xxxx" MMC-nin (VÖEN: **********; H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı; kodu: 805562; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ013501**********2944; S.W.İ.F.T BİK: İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva