Məhkəmə qərarları › İş №2(060)-4150/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4150/2021

17.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4150/2021 17.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, 29.06.1946-cı ildə anadan olmuş anası X4 18.01.2021-ci il tarixdə Sumqayıt şəhəri, Xəzər bağları, həyət evində ev şəraitində ölmüş və Sumqayıt şəhər qəbristanlığmda dəfn olunmuşdur. Həmin vaxt evə çağırış olunmuş, Sumqayıt şəhər Təcili və X3 stansiyası tərəfindən evə həkimlər gələndə anası artıq dünyasını dəyişmişdir. Qeyd olunan dövrdə o Bakı şəhəri, Zığ qəsəbəsində yerlən Fövqəladə Hallar Nazirliyinin Modul tipli hospitalında COVİD- 19 xəstəliyindən müalicə almış və yalnız 08.02.2021-ci il tarixdə sağalaraq evə gəlmiş və 14 gün də karantində olmuşdur. Beləliklə, anası üçün vaxtında Sumqayıt şəhər Qeydiyyat şöbəsində ölüm haqqında şəhadətnamə alınmamışdır. Vaxtında həkim arayışı alınıb maraqlı tərəfə təqdim olunmadığı üçün hazırda həmin orqan ölüm şəhadətnaməsi verə bilmir. Ölüm faktının müəyyən olunması onlara vərəsəlik və bəzi sosial məsələlərlə əlaqədar lazımdır ki, bunu da məhkəmədən kənar həll etmək mümkün deyildir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Anasının 18.01.2021-ci il tarixdə Sumqayıt şəhəri, Xəzər bağları massivində ev şəraitində ölməsini və Sumqayıt şəhər qəbristalığında dəfn olunmasını bütün qonşuları və qohumları təsdiq edə bilər. Qeyd edilənlərə əsasən anası X1 18.01.2021-ci il tarixdə Sumqayıt şəhərində ölümünün qeyd edilməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirdi ki, Ərizəçi ilə Xəzər bağlarında 10 ildən artıqdır qonşudur. Ərizəçinin anası evdə rəhmətə getmiş, dəfn mərasimində iştirak etmiş, lakin pandemiya ilə əlaqədar yas mərasimi keçirilməmişdir. Əkbər anası ilə birlikdə yaşayırdı. Mərhum Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək bildirdi ki, Ərizəçi onun qardaşıdır, ailədə 6 uşaq olmuşlar, 2 bacı, 4 qardaş. Anasının bronxlarında və ürəyində problemləri olmuş, halı pisləşmiş, həkim çağırmışlar, həkim gələnə kimi anası keçinmişdir. Həmin vaxt Əkbər xəstəliyi ilə əlaqədar xəstəxanada olmuşdur. Anası Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuş, lakin pandemiya ilə əlaqədar yas mərasimi keçirilməmişdir. Məhkəmə, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Təcili və X3 Stansiyasının 17 aprel 2021-ci il tarixli arayışından görünür ki, 18.01.2021-ci il tarixdə saat 00:02-də Sumqayıt şəhər Xəzər bağları həyət evi ünvanında yaşayan 1946-cı il təvəllüdlü X4 adına 124 nömrəli çağırış daxil olmuş, briqada verilən ünvana çatdıqda 1946-cı il təvəllüdlü X2 meyidini aşkar etmişdir. Ailə üzvlərinin deməsinə görə mərhumə uzun müddət “Ürəyin işemik xəstəliyi, ürək çatmamazlığı”ndan əziyyət çəkmiş, müalicələr almışdır. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan, Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 17 aprel 2021-ci il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, ərizəçinin anası X1 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə qətnamə təqdim olunmadığından ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Vətəndaşlara Xidmət İdarəsi tərəfindən verilmiş 09 saylı, 29.04.2021-ci il tarixli arayışdan görünür ki, X4 18 yanvar 2021-ci il tarixdə vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi anası 29.06.1946-cı il təvəllüdlü X4 18.01.2021-ci il tarixdə Sumqayıt şəhəri Xəzər bağlarında yaşadıqları evdə ölmüşdür. Ərizəçi anası 29.06.1946-cı il təvəllüdlü X1 ölümünün qeydə alınması barədə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, 29.06.1946-cı il təvəllüdlü X1 18.01.2021-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 29.06.1946-cı il təvəllüdlü X2 18 yanvar 2021-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar