Məhkəmə qərarları › İş №2(060)-4163/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4163/2025

02.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4163/2025 02.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim Behbudova Aynur Mirzalı qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə mürаciət edərək, məhkəmədən Sumqayıt 1 saylı mediasiya təşkilatında xx.xx.2025-ci il tarixində imzalanmış MŞS/MT030/2025-00189 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun Maraqlı şəxs ilə xx.xx.2012-ci ildə 1648 nömrə qeydə alınmış rəsmi nikahları Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından 2 övladları – xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 anadan olmuşdur. Onlar Sumqayıt 1 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci tarixində MŞS/MT030/2025-00189 saylı barışıq sazişi imzalamışlar. İmzalanmış barışıq sazişi mediasiya təşkilatı tərəfindən təsdiq olunmuşdur. Lakin Maraqlı şəxs MŞS/MT030/2025-00189 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişinin tələblərini pozaraq xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər bir uşağa hər ay 125 manat olmaqla, cəmi 250 manat məbləğində alimentin xx.xx.2025-ci il tarixindən etibarən hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəyəcəyi barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək alimenti ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, Maraqlı şəxs aliment ilə bağlı barışıq sazişini icra etməkdən imtina etmişdir. Ona görə də barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, işdən çıxdığı üçün aliment məbləğini ödəyə bilməmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəlhüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Sumqayıt Şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV seriyalı, 451707 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2014-cü ilin 10-cu ayının 15-ci günündə 1586 nömrə ilə qeyd edilmişdir. Atası Maraqlı şəxs, anası isə Ərizəçidır. Sumqayıt Şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV seriyalı, 451708 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2015-ci ilin 03-cü ayının 13-cü günündə 353 nömrə ilə qeyd edilmişdir. Atası Maraqlı şəxs, anası isə Ərizəçidır. Tərəflər arasında mediasiya proseduru çərçivəsində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, Mediasiya prosesində hər iki tərəf Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4, uşaqların saxlanması üçün Maraqlı şəxs (uşaqların – atası) hər bir uşaq üçün 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat alimenti xx.xx.2025-ci il tarixindən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın – anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2000/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Maraqlı şəxs ilə Əliyeva (Həsənova) Mehriban Musa qızı arasında Sumqayıt Şəhər Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə 1648 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 anaları X2 yanında qalmaları qət edilmişdir. AA seriyalı, 361028 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, ərizəçi məcburi köçkündür. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 iyul 2020-ci il tarixli, AZ-İ seriyalı, 360973 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi nikahı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 09 iyul 2020-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2020-ci ilin 07-ci ayının 30-cu günündə 266 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Həsənova soyadı verilmişdir. Əsaslandırıcı hissə: Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Göstərilən Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, Maraqlı şəxs 100 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025/00189 saylı barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.

1. Mediasiya prosesində hər iki tərəf Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4, uşaqların saxlanması üçün Maraqlı şəxs (uşaqların – atası) hər bir uşaq üçün 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat alimenti xx.xx.2025ci il tarixindən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın – anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Maraqlı şəxs tərəfindən 27 yanvar 2025-ci il tarixli barışıq sazişinin şərtləri üzrə icra etdiyi öhdəliyi (ödədiyi alimentin məbləğləri) nəzərə alınsın. Maraqlı şəxs 100 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar