Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4204/2025 04.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanılmış 23 dekabr 2024-cü il tarixli, MŞS/MT030/2024-02625 saylı barışıq sazişinin təsdiq olunması və eyni zamanda ərizə ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı tərəf olan Maraqlı şəxs ilə 10 oktyabr 2014-cü İldə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və nikahları Sumqayıt şəhər qeydiyyat şöbəsində 1011 nömrəli akt qeydi ilə rəsmiləşdirmişdirlər. Birgə nikah münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı iki övladı dünyaya göz açmışdır. Maraqlı şəxsla ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan bir-birlərini başa düşməmiş və aralarında söz-söhbət yaranmağa başlamışdır. Söz-söhbətin yaranmağının səbəbi də xasiyyətlərinin və fikirlərinin üst-üstə düşməməsidir. Bu səbəbə görə nikahları kağız üzərində qalmışdır. Ona görə də aralarında olan nikah münasibətlərinin pozulması barədə məhkəməyə müraciət olunmuşdur. Nikahın pozulması üçün məhkəməyə müraciət etməmişdən əvvəl iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştiraka dəvət edilmiş, iddiaçının bu təklifini qəbul etmiş və Sumqayıt 1 saylı Mediasiya Təşkilatında mediator Qabil Əsgərovun iştirakı ilə aşağıdakı şərtlərlə 23 dekabr 2024-cü il tarixli, MŞS/MT030/2024-02625 saylı barışıq sazişini imzalamışdır: “1. Mediasiya prosesində hər iki tərəf Ərizəçi ilə Maraqlı şəxs bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 1011 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. 2. Mediasiya prosesində Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladları: xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 uşaqların saxlanması üçün Maraqlı şəxs (uşaqların - atası) hər bir uşaq ücün 250 manat olmaqla, cəmi 500 manat alimenti xx.xx.2025-ci il tarixdən hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. 3. Mediasiya prosesində Maraqlı şəxs (uşağın - atası) və Ərizəçi (uşağın - anası) övladları: xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4, uşaqların yetkinlik yaşına çatana kimi anası Ərizəçi himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. 4. Mediasiya prosesində Ərizəçi (uşağın anası) ilə Maraqlı şəxs (uşağın atası) aralarında imzalanacaq sazişə əsasən övladları: xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 ataları Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə məhdudiyyət qoyulmadan) sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi razılaşaraq öhdəlik götürdü.” Belə ki, onlar 23 dekabr 2024-cü il tarixli, MŞS/MT030/2024-02625 saylı barışıq sazişində həmin vaxt aralarında olan mübahisələri könüllü olara həll etmiş, yalnız nikahın pozulması məhkəmənin səlahiyyətində olduğundan, aralarında olan nikah qeydinin pozulması üçün iddiaçı Maraqlı şəxs tərəfindən məhkəməyə müraciət olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1749/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, aralarında Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış 10 oktyabr 2014-cü il tarixli, 1011 nömrəli nikah pozulmuşdur. 23 dekabr 2024-cü il tarixli, MŞS/MT030/2024-02625 saylı barışıq sazişinin 2-ci bəndinə əsasən, Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, ümümilikdə 500 manat sabit pul məbləğində alimenti 2025-ci ilin yanvar ayından başlayaraq (hər ayın sonuncu günündən gec olmayaraq) ona ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs 23 dekabr 2024-cü il tarixli, MŞS/MT030/2024- 02625 saylı barışıq sazişində qeyd olunan alimentlə bağlı öhdəliyini yerinə yetirməmiş, sözügedən sazişin şərtlərinin könüllü icrasından imtina etmişdir. Halbuki cari ilin yanvar ayından başlayaraq, uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, ümümilikdə 500 manat sabit pul məbləğində alimenti ödəməlidir. Lakin sazişin bağlanmasından 5 ay vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs sazişin könüllü olaraq icra edilməsi istiqamətində heç bir addım atmamışdır. Ona görə də mediasiya prosesi nəticəsində bağlanmış 23 dekabr 2024-cü il tarixli, MŞS/MT030/2024-02625 saylı barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmşdır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
4. Mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1) Mediasiya prosesində hər iki tərəf - Ərizəçi ilə Maraqlı şəxs bir-birinə qarşı heç bir tələb irəli sürmədən və barşıq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin ( Sumqayıt şəhəri Qeydiyyat şöbəsi, xx.xx.2014-cü il 1011 № ilə qeyd edilmiş, AZ-İ № 988762) pozulmasına razılaşırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. 2) Mediasiya prosesində Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladları: xx.xx.2015-ci ıl təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4. Uşaqların saxlanması üçün Maraqlı şəxs (uşaqların - atası) hər bir uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat alımenti xx.xx.2025-ci il tarixindən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın- anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. 3) Mediasiya prosesində Maraqlı şəxs (uşağın - atası) və Ərizəçi (uşağın- anası) övladları: xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018- ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi anası Ərizəçi himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. 4)Mediasiya prosesində Ərizəçi (uşaqların-anası) ilə Maraqlı şəxs (uşaqların atası) aralarında imzalanacaq sazişə əsasən övladları: xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 ataları Maraqlı şəxs ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi razılaşaraq öhdəlik götürdü.
Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
6. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun
34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə qismən təmin edilməlidir.
8. Məhkəmə qeyd edir ki, qanunvericilik mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinanın qanunazidlik və başqa şəxslərin mənafeyi kimi 2 halını müəyyən etmişdir. Bunlar barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Belə ki, məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlamalıdır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olmadığı qənaətinə gələrsə onun təsdiqindən imtina etməlidir, əks halda isə onu təsdiqləyir.
9. Məhkəmə barışıq sazişinin 1-ci bəndinin, yəni “Mediasiya prosesində hər iki tərəf - Ərizəçi ilə Maraqlı şəxs bir-birinə qarşı heç bir tələb irəli sürmədən və barşıq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin ( Sumqayıt şəhəri Qeydiyyat şöbəsi, xx.xx.2014-cü il 1011 № ilə qeyd edilmiş, AZ-İ № 988762) pozulmasına razılaşırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.” hissəsinin təsdiq edilməsindən imtina edir.
10. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr.
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
12. Göründüyü kmi, qanunvericilikdə nikahın pozulması ilə bağlı mübahisələrin mediasiya vasitəsilə həll oluna bilməsi nəzərdə tutulmamış, həmçinin ailə qanunvericiliyinə əsasən nikahın məhkəmə qaydasında pozulmalı olması müəyyən edilmişdir. Odur ki, tərəflər arasında barışıq sazişi olsa da, nikah hər bir halda məhkəmə qaydasında pozulmalıdır.
13. Bundan başqa barışıq sazişinin 4-cü bəndi uşaqlarla atanın ünsiyyət hüququnun təmin edilməsi ilə bağlıdır. Hazırki ərizənin ərizəçi tərəfindən verilməsi və ərizəçiyə münasibətdə barışıq sazişinin icra edilib-edilməməsi məsələsi araşdırıldığından məhkəmə hesab edir ki, barışıq sazişi qeyd olunan hissədə də təsdiq edilməməlidir. Başqa sözlə desək barışıq sazişinin həmin hissədə icrası hazırki halda ərizəçidən asılıdır. Ərizəçi tərəfindən gələcəkdə maraqlı şəxsin uşaqlarla ünsiyyətinə hər hansı maneənin törədiləcəyi halda maraqlı şəxs, barışıq sazişinin qeyd edilən hissəsinin təsdiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilər. Çünki qanunvericiliyin tələbinə görə barışıq sazişi könüllü icra edilmədiyi təqdirdə onun məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranır.
14. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə barışıq sazişinin birinci və dördüncü bəndinin təsdiq edilməsi hissəsində təmin edilməməli, ərizəçiyə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.
15. Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin digər bəndlərini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Tərəflər mediasiya prosesində uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilməli olan alimentin miqdarı, uşağın ananın yanında qalması ilə bağlı barışıq əldə etmişlər. Ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda sazişin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə sözügedən barışıq sazişinin digər bəndlərinin təsdiq edilməsini məqsədəmüvafiq hesab edir.
16. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞS/MT030/2024-02625 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir.
Nəticə:
17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatı vasitəsilə bağlanılmış MŞS/MT030/2024-02625 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Mediasiya prosesində - Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladları: xx.xx.2015-ci ıl təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4. Uşaqların saxlanması üçün Maraqlı şəxs (uşaqların - atası) hər bir uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat alımenti xx.xx.2025-ci il tarixindən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın- anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü.
2. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın - atası) və Ərizəçi (uşağın- anası) övladları: xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018- ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi anası Ərizəçi himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva