Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4218/2022 29.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi X5 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil, cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 99 nömrəli əmrin ləğv edilməsi, iddiaçının Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2004-cü ildən müddətsiz əmək müqaviləsi ilə Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə götürülmüşdür. İşlədiyi müddət ərzində heç bir töhmət və ya digər intizam tənbehi almamışdır. 2022-ci ilin aprel ayında iddiaçının işçilərdən müəyyən miqdarda pul vəsaiti istəməsi ilə bağlı səs yazısı yayılmışdır. İddiaçının həmin pulu istəməsinin səbəbi o olmuşdur ki, məktəbə yoxlama gəlmiş və natəmizlik olduğu üçün məktəb cərimə edilmişdir. Həmin cərimə məktəb tərəfindən ödənilmiş və rəhbərlik tərəfindən iddiaçıya tapşırılmışdır ki, natəmizlik hallarını yaradan məktəbin sanitar işçilərindən (xadimələrdən) həmin pul tələb edilsin. İddiaçı da bu səbəbdən sanitar işçilərdən onların davranışları ucbatından vurulmuş zərərin əvəzini istəmək məqsədilə həmin səs yazısını işçilərə göndərmişdir. Nəticədə sosial şəbəkələrdə yayılmış səs yazısı səbəbi ilə iddiaçı xx.xx.2022-ci il tarixli, 99 nömrəli əmrlə AR ƏM-in 70-ci madəsinin ç bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı rəhbərliyin göstərişi əsasında sanitar işçilərin təqsiri üzündən vurulmuş zərərin əvəzinin ödənilməsi üçün həmin işçilərdən pul istəmişdir. Bunu da rəhbərliyin göstərişi əsasında etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək bildirdi ki, 2022-ci ilin aprel ayında 26 saylı məktəbdə təmizliklə bağlı aparılmış yoxlama nəticəsində cərimə yazılıb. Həmin vaxt məktəbin direktor əvəzi kimi çalışan Arzu Şükürovanın tapşırığı ilə iddiaçı məktəbdə işləyən xadimələrə “Vatsapp”da səs göndərərk cərimənin ödənilməsi üçün pul yığılmasını bildirb. Həmin səs yazılı ictimailəşdirilib və kütləvi informasiya vasitələrində səsləndirilib. Bundan sonra isə Arzu Şükürova tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilib. Bununla bağlı məktəbin həmkarlar təşkilatının iclası keçirilməyib. Sonradan formal olaraq protokol tərtib edilib. Həmin səs yazısını iddiaçı rəhbərinin tapşırığı ilə göndərib və bunun üçün hər hansı məsuliyyət daşımır. Həmin vaxt məktəbdə heç bir pul yığılmayıb. Bu hal isə Əmək Məcəlləsinin müddəalarına əsasən işdən çıxarılma əsası kimi kobud hal olaraq səciyyələndirilə bilməz. Prokurorlıq bu işlə bağlı araşdırma aparıb və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbin müəlliməsidir. İddiaçı ilə orada birgə işləmişlər. Məktəbin təmir vəziyyəti bərbad haldadır. Yoxlama zamanı istənilən səbəblərə görə cərimə yazıla bilər. Adətən məktəbə cərimə yazılan vaxt xadimələrdən pul alınmasın deyə müəllimələr öz aralarında pul toplayıb məktəbə yazılan cəriməni ödəyirdilər. Bu hal da onlardan biri idi. İddiaçı rəhbərliyin göstərişinə əsasən cəriməni ödəmək üçün xadimələr arasında pul yığılması üçün səs atıb və bu səs sonradan naməlum səbəblərdən ictimailəşib. Bundan sonra də iddiaçı rəhbərlik tərəfindən tələm-tələsik işdən çıxarılıb. Bunla bağlı heç bir sənəd yoxdur. İddiaçı heç vaxt töhmət almayıb və öz işini layiqincə görüb. Həmin vaxt məktəbdə heç bir pul yığılmayıb. Sonradan məktəbin bütün müəllimləri imza toplayaraq iddiaçının işə qaytarılması üçün Təhsil idarəsinə müraciət ediblər. Lakin, onlara bildirilib ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr olduğu üçün iddiaçı məhkəməyə müraciət etməlidir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin edilməsinə etiraz etmədi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, təhsil idarəsinin aparıcı məsləhətçisidir. Hal-hazırda 26 saylı məktəbin direktoru vəzifəsini icra edir. İddiaçı barəsində işçilərdən müsbət fikirlər almışdır. İddiaçı məsələ ictimailəşdirildiyi üçün işdən çıxarılıb. Hal-hazırda iddiaçının onun vəzifəsinə heç kim təyin olunmayıb. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasında göstərilmişdir ki, iddiaçı xx.xx.2004-cü ildə orta ixtisas təhsilli ibtidai sinif müəllimi kimi qəbul edilmiş və xx.xx.2022-ci ildə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Sumqayıt şəhər 26 nömrəli tam orta məktəb üzrə əmək müqaviləsinin ləğv edilməsi barədə 99 nömrəli əmrdən 22 aprel 2022-ci il tarixli çıxarışa əsasən əmək iddiaçı ilə bağlanmış əmək müqaviləsi iddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə və qanunsuz əməlləri nəticəsində məktəbin mənafeyinə ciddi xələl gətirdiyinə göə Azərbaycan Respublikası “ƏM”-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən 22 aprel 2022-ci il tarixdən ləğv edilmişdir. İş materialına iddiaçı tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli izahat əlavə edilmişdir. İddiaçı izahatda qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixində məktəbə GEM-dən yoxlama gəlmişdir. Məktəbi və tibb bacısını yoxlama zamanı bir neçə nöqsanlar tapmış, 4cü mərtəbənin sanuzelinin təmirsiz olduğunu bildirib 1 ay müddət qoymuşdur. İddiaçı 7 nədərdən ibarət xadimələr qrupuna məlum səsi atmışdır. xx.xx.2022-ci il tarixində xadimələrə iclas keçirəndə məktəbin müdiri heç kəsdən pul almamağı tapşırdı. İş materialına video-disk əlavə edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra - Əmək Məcəlləsi) əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (42.1). Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir (42.2). Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər (68.2. a). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işə götürən tərəfindən ləğv edilə bilər (70. ç). Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi (72). Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsinə xitam verilə bilər. 26 saylı məktəbin direktoru vəzifəsini icra edən Arzu Şükürova tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli əmrdə iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri və qanunsuz əməlləri nəticəsində məktəbin mənafeyinə ciddi xələl gətirdiyinə görə işdən azad edilməsi qeyd edilmişdir. Lakin həmin əməllərin nədən ibarət olması göstərilməmişdir. Eyni zamanda məhkəmə iclasında iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir ki, iddiaçı həmin vaxt direktor vəzifəsini icra edən şəxsin tapşırığı ilə həmin səs yazısını göndərmişdir və heç kimdən pul tələb etməmişdir. Bu səbəbdən o, səs yazısının göndərilməsi üçün məsuliyyət daşıya bilməz. Əmək Məcəlləsində göstərilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir (80.1). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir (80.2). İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən işdən azad edildiyi üçün bununla bağlı əvvəlcə məktəbin həmkarlar təşkilatının razılığ alınmalı idi. Lakin, iş materiallarına bununla bağlı hər hansı sübut əlavə edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddi təmin edilməli, xx.xx.2022-ci il tarixli, 99 nömrəli əmr ləğv edilməli, iddiaçı Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Sumqayıt şəhər 26 nömrəli tam orta məktəb üzrə xx.xx.2022-ci il tarixli, 99 nömrəli əmr ləğv edilsin. İddiaçı Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4218/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4218/2022
29.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver