Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4338/2022 10.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 23 aprel 2015-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi, ərizəni onunla əsaslandırmışdır ki, anası X3 07 iyul 1956-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Uzun müddət kəskin, xroniki gedişatlı ürək xəstəliyindən əziyyət çəkmişdir. Xəstəliyi səbəbindən qaraciyərinə su yığılmış, qaraciyər serrozuna tutulmuşdur. Uzun müddət müalicələr alsa da heç bir nəticəsi olmamışdır. 23 aprel 2015-ci il tarixdə yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən 55 saylı evdə xəstəlikləri səbəbindən vəfat etmişdir. Qeyd edir ki, anası Sumqayıt şəhərində köhnə qəbirstanlıqda dəfn edilmişdir. Bütün bunları şahidləri və verilən arayışlar vasitəsilə təsdiq edir. Ev şəraitində rəhmətə getdiyi üçün təcili tibbi yardıma müraciət etməmişlər. Həkim arayışı olmadığına görə isə anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Belə ki, o, Sumqayıt Şəhər Qeydiyyat şöbəsinə anasının ölüm qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir. Lakin Sumqayıt Şəhər Qeydiyyat şöbəsindən 25 may 2022-ci il tarixli məktubla ona bildirilmişdir ki, X1 ölümünü təsdiq edən şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etmək lazımdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, faktın müəyyən olunması ona anasının ölüm haqqında şəhadətnaməsinin alınması üçün lazımdır. Anasının ölüm haqqında şəhadətnaməsinin olmaması ona sosial hüquqlarını həyata keçirilməsində maneə yaradır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi ilə on beş ildir ki qonşudurlar. Aralarında olan qonşuluq münasibətləri yaxşıdır, gediş-gəlişləri vardır. Ərizəçinin anası Böyükbacı xanımı da yaxından tanımışdır. Şahnazın anası xəstə olduğu üçün ev şəraitdə vəfat etmişdir. Böyükbacı təxminən 7 il əvvəl vəfat etmişdir. O, yas mərasimlərində iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçi ilə yaxın qohumluq münasibəti yoxdur, qonşuluğunda yaşayır. Şahnaz xanımla yaxın qonşuluq münasibəti, gediş-gəlişi vardır. Şahnazın anası Böyükbacı qaraciyər serrozu olmuş, bir müddət xəstə olduqdan sonra ürək çatışmazlığından vəfat etmişdir. Böyükbacı xanımın yas mərasimində iştirak etmişdir. Şahnazın anası təxminən yeddi il əvvəl, 2015-ci ildə vəfat edib. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: XİV-ЖГ seriyalı 337826 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, atası X7, anası X2r. Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q-1939/15 saylı məktubundan görünür ki, Ərizəçi anasının ölümünü təsdiq edən sənəd olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB Vətəndaşlara Xidmət İdarəsi tərəfindən verilmiş 23 saylı, 25 may 2022-ci il tarixli arayışdan və qəbir daşı fotoşəkilindən görünür ki, X3 xx.xx.2015-ci ildə vəfat etmiş və Sumqayıt şəhər Qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, 07 iyul 1956-cı ildə Sumqayıt şəhərində anadan olmuş X1 23 aprel 2015-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı araşdırılan sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 07 iyul 1956-cı ildə Sumqayıt şəhərində anadan olmuş X1 23 aprel 2015-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4338/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4338/2022
10.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver