Məhkəmə qərarları › İş №2(060)-443/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-443/2025

16.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-443/2025 16.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Nedim oğlunun Cavabdeh qarşı əmlak tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı Nedim oğluna qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiaları üzrə (açar sözlər: əmlak, maddi-mənəvi ziyan) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, ilk İddiaçı Nedim oğlunun, qarşılıqlı iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı Nedim oğlunun Cavabdeh qarşı əmlak tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı Nedim oğluna qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbləri

1. İddiaçı Nedim oğlu Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus əşyaların (həmin əşyaların fotoşəkilləri iddia ərizəsinə əlavə edilir) və yaxud həmin əşyalar olmadıqda, onların dəyər qiyməti olaraq 4000 manat, 60.00 manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 150.00 manat - cəmi 4210 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlk iddianın əsaslarına görə, İddiaçı Nedim oğlu xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixləri arasında Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, 122 saylı binanın ikiotaqlı 2-ci mənzili ayda 300.00 manata kirayəyə götürüb həyat yoldaşı ilə birlikdə yaşamışdır. Mənzilə öz əşyaları ilə yerləşmişlər. Hər hansı bir problemləri olmamışdır. Bir müddət burada yaşayandan sonra onun problemləri yaranmış, icarəyə götürüb işlətdiyi mağaza əlindən çıxmış və o, ağır duruma düşmüşdür. Bu səbəbdən də axırıncı 45 günün kirayə haqqını ödəyə bilməmişdir. Buna görə bir neçə dəfə Elşənlə söhbət etmiş və vəziyyəti ona izah etmişdir. Onun Elşənə 500.00 manat borcu qalmışdıt. Elşən ona demişdir ki, “evdən çıx, evi boşalt və evdən çıxarkən borcunun əvəzində əşyalarını saxla”. O razılaşmış və bütün əşyalarını evdə olan şkaflara düzüb saxlamışdır. Evdən çıxacağı gün Elşənlə görüşmüş, o, mənzili təmizləyib açarı onun özünə təhvil vermişdir. Söz vermişdir ki, narahat olmasın, tezliklə onun borcunu qaytaracaq. Beləliklə, o, Elşənlə sonuncu dəfə görüşüb ayrılmışdır. Həmin evdən çıxandan sonra bir müddət Şirvan şəhərində yaşamalı olmuşdur. Lakin onlar evi tərk etdikdən təxminən 10 gün sonra Elşəndən ona təhqiramiz telefon zəngləri və mesajlar gəlməyə başlamışdır. Sonuncu onu nalayiq küçə söyüşləri ilə onun söyüb təhqir etməyə başlamışdır. Şərəfinə, namusuna və ailə həyatına yönəlmiş sözlər deməyə başlamışdır. O nə olduğunu anlamamış və çaşıb qalmışdır. Bir müddət sonra 250 manat pul toplayıb Elşənə zəng etmişdir. Borcunun yarısını qaytaracağı təqdirdə əşyalarının bəzilərini götürmək istədiyini şəxsi əşyalarının əksəriyyətinin həmin mənzildə qaldığını, geyməyə ayaqqabısı belə olmadığını bildirmişdir. Lakin Elşən yenə də onu təhqir edib əşyalarının hamısını tulladığını bildirmişdir. Təqdim etdiyi şəkillərdən görünür ki, həmin əşyalar tullanılacaq mallar deyildir. Hamısı yeni alınmış çox dəyərli mallardır. Həmin əşyaların içərisində təkcə geyim əşyaları deyil, çoxlu mətbəx, elektrik və digər əşyalar da vardır. O, bu günə qədər Cavabdeh həmin əşyaları geri ala bilmir. Elşən onun telefon zənglərinə cavab vermir və ona məxsus əşyaları da qaytarmaq istəmir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

3. İddiaçı Cavabdeh İddiaçı Nedim oğluna qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Nedim oğlundan televizorun dəyəri olaraq 1700 manat, kirayə haqqı borcu olaraq 800 manat, mənəvi zərərin əvəzi olaraq 5000 manat olmaqla, ümumilikdə 7500 manat məbləğində pulun, habelə qarşılıqlı iddianın verilməsi üçün tərəfindən ödənilmiş 99 manat məbləğində dövlət rüsumunun və vəkilin hüquqi yardımına görə tərəfindən çəkilmiş 400 manat məbləğində xərcin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddianın əsaslarına görə, cavabdehlə 2021-ci ilin ortalarında “makler” vasitəsilə tanış olmuş və ona məxsus olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, 122 saylı evin 2 saylı mənzilini aylıq kirayə haqqı 350 manat olmaqla ona kirayəyə vermişdir. Bildiyinə görə cavabdeh ətir düzəldib satmaqla məşğul olmuşdur. Cavabdeh təxminən 2-3 ay ərzində kirayə haqqını ödəmiş, lakin sonradan ödəmələrdə problemlər yaranmışdır. Soruşduqda isə vəziyyətinin yaxşı olmadığını bildirmiş, lakin birmənalı olaraq ödəyəcəyini vəd etsə də ödəməmiş, kirayə pulları yığılıb qalmışdır. Lakin humanist bir insan olaraq onu başa düşüb gözləmiş, ona qarşı hər hansı bir vasitəyə əl atmamışdır. Belə bir vəziyyət davam etdiyinə görə məcbur olub cavabdehi onun mənzilinə kirayəçi gətirən “makler”ə də məlumat verərək arada mövcud olan səmimiyyət və hörmətin pozulmaması üçün onunla danışmağı xahiş etmiş, lakin bundan sonra da heç nə dəyişməmişdir. Sonradan isə cavabdehin həyat yoldaşı tərəfindən qohumu ortaya çıxaraq onunla ünsiyyət qurmuş və bir neçə aylıq kirayə haqqını cavabdehin əvəzinə ödəmişdir. Bütün bunlara baxmayaraq o, heç vaxt cavabdehi sıxışdırmamış, ona ağır söz deməmiş və onu qətiyyən təhqir etməmişdir. Nəhayət, yaranmış vəziyyəti maklerlə növbəti dəfə müzakirə edəndə o, mənzilin boşaldılması məsələsini gündəmə gətirmiş və bu barədə cavabdehlə bir neçə dəfə söhbətlər aparmışdır. Bütün bunlardan sonra 2022-ci ilin təxminən fevral ayında cavabdeh Şirvan şəhərində yaşayan qaynatasıgilə köçmək qərarına gələrək mənzili təhvil vermək istədiyini, 800 manat məbləğində qalıq borcunu tezliklə ödəyəcəyini bildirmiş, odur ki, gələrək mənzili ondan təhvil almışdır. Təhvil-təslim zamanı 1700 manata aldığı “Samsung” markalı plazma televizorunun mənzildə olmadığını müəyyən edib onun harada olduğunu cavabdehdən soruşduqda isə o, həmin televizorun xarab olduğunu, odur ki, təmir üçün ustaya verdiyini və bir neçə günə hazır olacağını bildirmişdir. Bundan sonra isə cavabdeh onları avtovağzala aparmağı xahiş etdiyinə görə qablaşdırılmış əşyalarının təqdim etdiyi hissəsini də çox mehriban bir şəraitdə öz maşınına yığaraq Şirvan şəhərinə getmək üçün avtovağzala aparmışdır. Mənzildən çıxmazdan əvvəl cavabdeh qablaşdırılaraq iplə bağlanıb dolabda yerləşdirilmiş bəzi əşyalarının dalınca tezliklə geri qayıdacağını və həmin gəlişi zamanı da televizorunu verəcəyini vəd etmişdir. Lakin bundan sonra ötən təxminən bir il ərzində cavabdeh nə televizorunu, nə də ki, 800 manat məbləğində borcunu qaytarmamış, habelə mənzilindəki dolabda saxladığı, yəni qablaşdırılıb iplə bağlanmış əşyalarını da aparmamışdır. Cavabdehi dəfələrlə xəbərdarlıq edərək mənzili başqa adama kirayəyə verəcəyini bildirmiş, odur ki, dolabın boşaldılmasını tələb etmiş, lakin bütün bunlar heç bir nəticə verməmişdir. Nəhayət o, mənzili digər şəxsə kirayə verdiyinə, dolab isə istifadə üçün lazım olduğuna, ən başlıcası isə cavabdehin mənzili tərk etdiyi vaxtdan təxminən 1 (bir) ilə yaxın müddət keçdiyinə görə yuxarıda göstərilən “makler”in oğlunun iştirakı ilə (özü vəfat etmiş olduğuna görə) orada olan cavabdehə məxsus əşyaların çarəsinə baxmaq məcburiyyətində qalmış, sözügedən bağlamaları açdıqda isə orada üfunətli bir vəziyyətdə olan, tamamilə lazımsız və köhnə əşyaların olduğunu görmüş, onların istifadəyə yararsız olduğunu başa düşərək zibilxanaya atmaq məcburiyyətində qalmışdır. O, yaranmış vəziyyətlə bağlı cavabdehin fəaliyyət göstərdiyi mağazaya gedərək onun oraya gəlib-getməsi ilə maraqlanmış, lakin orada işləyənlər cavabdehin onlara da borcu olduğunu bildirərək sonuncunun harada olması barədə onu sorğu-sual etmişlər. Cavabdeh ilkin iddia ərizəsində həmin əşyaların çox dəyərli olduğunu göstərsə də, onlar orada hər hansı bir dəyərli əşyanın olduğunu müəyyən etməmişlər. Maraqlısı odur ki, əgər həmin əşyalar ümumiyyətlə dəyərli idisə cavabdeh nə üçün onları digər əşyalarla birlikdə aparmamış və nə olduğunu konkret olaraq ona bildirməmişdir?! Eləcə də cavabdeh nə üçün özünün ilkin iddia ərizəsində həmin əşyaların siyahısını və qiymətini göstərməmişdir?! Bütün bu xüsusatlar ilkin iddia ərizəsində göstərilənlərin cəfəngiyyat olduğuna və tərəflərin qarşılıqlı münasibətləri üzrə uydurma dəlillər gətirildiyinə dəlalət edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdeh onun televizorunu qaytarmamaqla ona 1700 manat, kirayə pulunu ödəməməklə isə 800 manat məbləğində, yəni ümumilikdə 2500 manat (1700+800) məbləğində maddi zərər vurmuşdur. Digər tərəfdən cavabdeh ötən müddət ərzində ona stres, əsəb gərginliyi yaşatmış və bütün bunlar azmış kimi, baş verənlərdən 2 il sonra isə onu nahaqdan polisə vermiş, o, dövlət qulluğunda işlədiyi halda polisə get-gələ düşmüş, nəticədə isə onun şərəf və ləyaqəti ləkələnmiş, bir sözlə, cavabdeh bu nahaq və əsassız hərəkətləri ilə ona mənəvi zərər də vurmuşdur ki, o, həmin zərəri 5000 manat məbləğində dəyərləndirir. Ona görə də hesab edir ki, cavabdehdən 2500 manat məbləğində maddi zərər və 5000 manat məbləğində mənəvi zərərin dəyəri onun xeyrinə tutulmalıdır. b) iddialara etiraz

5. İlk iddia tələbinə qarşı qarşılıqlı iddia təqdim edilmişdir.

6. İlk İddiaçı Nedim oğlu qarşılıqlı iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, qarşılıqlı iddia ərizəsini əsassız, qanunsuz hesab edir və etirazını bildirir. Belə ki, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, 122 saylı binanın iki otaqlı 2-ci mənzilini ayda 350.00 manata deyil, 300.00 manata kirayəyə götürüb həyat yoldaşı ilə birlikdə yaşamışdır. Mənzilə öz əşyaları ilə yerləşmişdir. Hər hansı bir problemləri olmamışdır. Bir müddət burada yaşayandan sonra onun problemləri yaranmış, icarəyə götürüb işlətdiyi mağaza əlindən çıxmış və o, ağır bir duruma düşmüşdür. Bu səbəbdən də axırıncı 45 günün kirayə haqqını ödəyə bilməmişdir. Buna görə bir neçə dəfə Elşənlə söhbət edib vəziyyəti ona izah etmişdir. Onun Elşənə 800.00 manat deyil, 500.00 manat borcu qalmışdır. Elşən ona demişdir ki, “evi boşalt və evdən çıx, çıxarkən borcunun əvəzində əşyalarını saxla”. O razılaşmış və bütün əşyalarını evdə olan şkaflara düzüb saxlamışdır. Evdən çıxacağı gün Elşənlə görüşmüş, o, mənzili tam təmizləyib açarı onun özünə təhvil vermiş və söz vermişdir ki, narahat olmasın, tezliklə onun borcunu qaytaracaq. Beləliklə, onunla Elşən sonuncu dəfə belə görüşüb ayrılmışlar. Həmin evdən çıxandan sonra bir müddət Şirvan şəhərində yaşamalı olmuşdur. Lakin onlar ayrıldıqdan təxminən 10 gün sonra Elşəndən ona təhqiramiz telefon zəngləri və mesajlar gəlməyə başlamışdır. Nalayiq küçə söyüşləri ilə onu söyüb təhqir etmiş, şərəfinə, namusuna və ailə həyatına yönəlmiş sözlər deməyə başlamışdır. Ona nə olduğunu anlamamış və çaşıb qalmışdır. Bir müddət sonra 250 manat pul toplayıb Elşənə zəng etmişdir ki, borcunun yarısını qaytaracağı təqdirdə əşyalarının bəzilərini götürmək istəyir, şəxsi əşyalarının əksəriyyəti həmin mənzildə qalıb, geyməyə ayaqqabı belə yoxdur. Lakin Elşən yenə də onu təhqir etmiş, əşyalarının hamısını tulladığını bildirmişdir. Təqdim etdiyi şəkillərdən görünür ki, həmin əşyalar tullanacaq mallar deyil. Hamısı yeni alınmış çox dəyərli mallardır. Həmin əşyaların içərisində təkcə geyim əşyaları deyil, çoxlu mətbəx, elektrik əşyaları və digər əşyalar da vardır. O, bu günə qədər Cavabdeh həmin əşyaları geri ala bilmir . O, telefon zənglərinə cavab vermir və ona məxsus əşyaları da qaytarmaq istəmir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, hər hansı bir hərəkəti ilə cavabdeh iddiaçı E.Ç. Allahverdiyevə nə maddi, nə də mənəvi zərər vurmamışdır. Ona görə də hesab edir ki, Cavabdeh ona qarşı verilmiş qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən ilk İddiaçı Nedim oğlu ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, o, bir müddətdir ki, Azərbaycanda yaşayır. Sumqayıt şəhərində Türkiyədən gətirdiyi ətirlərin satışı ilə məşğul olmuş, Azərbaycanda ailə qurmuş və yaşamağa başlamışdır. Təxminən 2021-ci ilin may ayından Elşənin evində kirayədə qalmağa başlamışdır. Tap.az saytından maklerlə tanış olmaqla qeyd edilən evi tapmışdır. Evi aylıq 300 manata danışmışlar. İlk 3-4 ay normal şəkildə ödənişlərini etmişdir. Sonradan isə ödənişləri ay ərzində təxminən 7-8 gün gecikmişdir. O, Elşənin evində heç 1 il qalmamışdır. Daha sonra o, ödənişlərini edə bilmədiyi üçün Elşənə məlumat verərək evdən çıxmışdır. Həmin vaxt Elşənlə belə razılaşmışlar ki, kirayə borcunun əvəzində evdə öz əşyalarını qoyub çıxacaq və borcunu qaytardıqdan sonra Elşəndən əşyalarını geri alacaq. O, daha sonra arvadının yaşadığı Şirvan şəhərinə getmiş və bir müddət arvadı ilə orada yaşamağa başlamışdır. Şirvanda olduğu vaxt Elşən zəng edib onu təhqir etmişdir. O, Sumqayıta gəlmiş, yenidən işləyib 250 manat pul qazanmış və həmin pulu Elşənə təklif edəndə sonuncu demişdir ki, ona məxsus bütün əşyaları atmışdır. Əşyalar arasında onun “sığır” dərisindən ayaqqabısı, adyallar, tava dəsti, səs sistemi və s. olmuşdur. Bu əşyalar evlənib aldığı yeni əşyalar olmuşdur. Yataq otağında “ventilyator”, yataq dəsti kimi əşyalar da olmuşdur ki, bunları da evdə saxlamışdır. Bir daha qeyd edir ki, 500 manat olan kirayə borcuna qarşılıq olaraq əşyaları evdə qoyub çıxmışdır. O, zənn edir ki, Elşən əşyaların 500 manatdan qat-qat baha olduğunu fikirləşib bu səbəblə də əşyaları özünə götürmüşdür. Halbuki onlar arasında razılıq olmuşdu ki, pulu ödədikdən sonra əşyaları götürə biləcək. Təqdim etdiyi yazışmalar qarşılıqlı iddiaçı ilə aralarında olan yazışmalardır. Həmçinin şərəf və ləyaqətinin alçaldılması ilə əlaqədar polis qərarı da vardır. Bir daha qeyd edir ki, evdəki bütün əşyaları təzə olmuşdur. Əvvəllər Elşənlə arası çox yaxşı olmuş, sonradan Elşənin hansı səbəblə ona qarşı alçaldıcı ifadələr işlətdiyini başa düşmür. O, 13 fevral 2022-ci il tarixdə evdən çıxmışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, evdən mebelləri çıxaranda televizor qırılmış, onu Bazar meydanında ustaya aparmışdır ki, təmir pulunu öyrənsin. Lakin televizor ustada qalmışdır. Televizor köhnə model Samsung markalı televizor olmuşdur. Onun 1700 manat qiyməti ola bilməzdi. Ən yenisinin belə qiyməti 200-250 manatdan çox deyil. Bunları məhkəməyə təqdim etdiyi videoda da açıq-aydın görmək olur. Onu da qeyd edir ki, onun Elşənə olan 500 manat borcundan 450 manatı kirayə borcu, 50 manatı isə kommunal borcları olmuşdur. Qarşı tərəfin qeyd etdiyi kimi onun Azərbaycanda makler qohumu yoxdur. Onun tanışı Elşənə olan borcu ilə əlaqədar ona kömək olması üçün Elşənə 800 manat pul vermişdir. Elşən həmin şəxsi də hədələmişdir. Elşən əvvəlcədən ona əşyalarını götürməyi təklif etsə idi onları götürərdi. Onun hər şeyi, kostyumları, dəri ayaqqabısı, dəri gödəkçəsi və başqa dəyərli əşyaları həmin evdə qalmışdır. Hətta evdə qalan səs sistemi belə 80 manat dəyərindədir. Cavabdehlə münasibətləri yaxşı olduğu üçün əşyaları evdə saxlayarkən onları siyahılaşdırmamışdır. Bundan başqa bildirmişdir ki, 2022-ci ildən bu yana vəkil tutmaq üçün maddi imkanı olmaması səbəbilə məhkəməyə müraciət edə bilməmişdir.

8. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddia tələbini müdafiə etdiyini, ilk iddia tələbini qəbul etmədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, ilk iddiaçıya dəfələrlə qarşılıqlı iddiaçı tərəfindən əşyalarının götürülməsi bildirilmişdir. Belə ki, Cavabdeh hər dəfə onun evinin ilk iddiaçının əyalarının saxlanması üçün anbar olmadığını qeyd etmiş, dəfələrlə ona xəbərdarlıqlar etmişdir. Bütün bunlara baxmayaraq ilk iddiaçı əşyalarını götürməmişdir. Bundan başqa əşyalar evdə qoyulan zaman həmin əşyalar siyahıya alınmamış, bununla bağlı hər hansı akt tərtib olunmamışdır. İlk iddiaçı əşyalarının dəyərini həddindən artıq şişirdir. Halbuki həmin əşyalar yüksək dəyərə malik olmamış, istifadəsiz qaldığından və pis qoxu gəldiyindən məcburiyyət qarşısında qalaraq atılmışdır. Əgər qarşı tərəfin iddia etdiyi kimi həmin əşyalar dəyərli idisə, ilk iddiaçı digər əşyaları kimi onları da götürərdi. Əgər əşyalar dəyərli olsa idi, həmin vaxt mütləq onlar aktlaşdırılmalı və siyahıya alınmalı idi. Bu hal baş verməmişdir. Çünki həmin əşyalar çox dəyərsiz olmuşdur. Bundan başqa İddiaçı ona məxsus olmayan əmlakı mənimsəmişdir. Hesab edir ki, onun əməlində cinayət tərkibi var. 82 diaqonallı, smart televizorun aşağı qiyməti 1700 manatdır. Bununla bağlı müxtəlif mağazalara sorğu verilsə, 2021-2022-ci il buraxılışlı televizorun qiymətinin elə həmin məbləğ olduğu müəyyən edilər. Hesab edir ki, ilk iddiaçı öz tələbini sübut edə bilmir. Ancaq onların televizorunun qiymətləndirilməməsi elə həmin əşyanın fiziki olaraq olmaması deməkdir. İlk iddiaçı televizorun ustada olduğunu bildirir. Bununla bağlı televizorun hansı ustada və harada olduğunu öyrənmək istəsələr də, heç bir nəticəsi olmamışdır. Hesab edir ki, ilk iddiaçının əməlinə hüquqi qiymət verilməsi üçün onun barəsində xüsusi qərardad çıxarılmalı və araşdırılması üçün prokurorluğa göndərilməlidir. Həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddiaçı sözügedən hadisələrlə əlaqədar stress keçirmiş, ilk iddiaçı onu polisə verərək şərləmişdir.

9. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, ipoteka ilə atası və anasına mənzil almışdır. Aldığı ev tam təmirli ev olmuşdur. Sonradan evi kirayə verməli olmuş və maklerlə əlaqə qurmuşdur. Makler ona Mehmeti məsləhət görmüşdür. Mehmet gəlmiş və evində qalmağa başlamışdır. Mehmet sonradan kirayəni ödəyə bilməməyə başlamış, ona daha uyğun ev tapmağı təklif etmişdir. Lakin Mehmet onun evinin daha uyğun olduğunu bildirmişdir. Daha sonra isə Mehmetin həyat yoldaşı ona zəng etmiş və kirayə borcunu ödəyəcəyini bildirmişdir. Mehmet onu sonradan polisə vermişdir. O və Mehmet gedib polisdə izahat vermişlər. Polis günahın Elşəndə olduğunu aydınlaşdırmışdır. Polis əməkdaşı ona qarşılıqlı iddia verməyi tövsiyə etmişdir. Çünki faktiki olaraq televizor oğurlanmışdır. O, həmişə Mehmetə evdə olan əşyaları gəlib aparmasını tapşırmışdır. Çünki evdə olan əşyalar artıq iylənmişdir. O, Mehmetin əşyalarını girov saxlayacaq olsaydı, elə ətirlərini, Mehmetin xarici pasportunu girov saxlayardı. O, iddia etdiyi televizoru aldığı vaxt televizorun qiymətləri baha olmuşdur. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, onda Mehmetlə olan yazışmalar qalmamışdır. Çünki işi ilə əlaqədar yazışmaları çox olduğu üçün hamısını silir. O, Mehmetə həmişə əşyalarını gəlib evdən aparmağını, bu evin onun üçün saxlama yeri olmadığını bildirmişdir. Mehmet qış aylarında gəlib paltarları istədikdə o, da Mehmetə televizor borcu olduğunu bildirmişdir. Aylarla şkafdakı əşyalara əl dəyilməmişdir. Ona görə də o, uzun müddət sonra öyrənmişdir ki, şkafdakı əşyalar nimdaşdır. Hətta makler Mehmetin əşyalarını burnunu iydən tutub atmışdır. Mehmet evdən çıxarkən istifadəyə yararlı əşyalarını aparmışdır. Mehmetin qalan əşyaları istifadəyə yararlı olmamışdır. Hətta, paltarlar arasında istifadəyə yararlı paltar yox idi ki, xeyriyyəçilik naminə həmin paltarı kiməsə versin. İlk iddiaçı tərəfindən təqdim edilmiş şəkildəki şkafda olan əşyalar Mehmetin olmuş, şkafın yuxarısındakı əşyalar isə Mehmetə məxsus olmamışdır.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

10. Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin İddiaçı Nedim oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli, 58-4/2-Y-10493/11/24 nömrəli və xx.xx.2024-cü il tarixli, 58-4/2-Y-16763/2-11/24 nömrəli məktubundan görünür ki, ona şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərər və ya digər iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur.

11. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, AS 08-043/25 saylı mütəxəssis rəyindən görünür ki, 2 ədəd yataq örtüsünün (yeni), 1 ədəd səs gücləndirici dəstin (işlənmiş), 1 ədəd qızdırıcının (işlənmiş) və 1 ədəd çamadanın (işlənmiş) orta bazar dəyəri xx.xx.2025ci il tarixinə 205 manat təkil etmişdir. “Samsung” markalı, smart tipli 82 diaqonal ölçüdə olan işlənmiş televizorun fotoşəkilləri qiymətləndirici mütəxəssislərə təqdim edilmədiyi üçün bazar dəyərinin müəyyən edilməsi mümkün olmamışdır.

b) tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı; “Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşur” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.”

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı: “Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir.”

16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı: “...şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”

c) məhkəmə baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

18. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri əsaslı deyildir.

19. Məhkəmə ilk iddiaya münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

20. Məhkəmə tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, tərəflər şifahi formada kirayə müqaviləsi bağlamışdır. Mülki qanunvericiliyin əmlakın kirayəyə verilməsi ilə bağlı yaranan hüquq münasibətlərini tənzimləyən normalarında kirayə müqaviləsinin hansı formada bağlanması ilə bağlı imperativ qaydanın nəzərdə tutulmaması kirayə müqaviləsinin şifahi formada bağlanılmasını istisna etmir.

21. Beləliklə, işin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında şifahi kirayə müqaviləsi bağlanmış, ilk iddiaçı xx.xx.2021-xx.xx.2022-ci illərdə qarşılıqlı iddiaçıya məxsus evdə yaşamışdır. İlk iddiaçı bir müddət kirayə haqqını vermədiyi üçün qarşılıqlı iddiaçı ondan evi boşaltmasını və kirayə haqqını ödəməsini tələb etmişdir. Lakin ilk iddiaçı kirayə haqqını ödəməyə imkanı olmadığını bildirdiyindən qarşılıqlı iddiaçı kirayə haqqının əvəzində əşya saxlamasını (qarşılıqlı əvəzləşdirmə) tələb etmişdir. Bu hal tərəflər arasında olan yazışmalarla (xx.xx.2022-ci il) öz təsdiqini tapmışdır. İlk iddiaçı daha sonra borcunun bir hissəsini ödəyib əşyalarının bəzilərini götürmək istədikdə qarşılıqlı iddiaçı ona məxsus əşyaların yararsız vəziyyətdə olduğundan tulladığını bildirmişdir. İlk iddiaçı həmin əşyaların 4000 manat dəyərində olduğunu iddia edərək həmin əşyaların dəyərini cavabdehdən tələb edir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Ali Məhkəmənin 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, “...Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”.

23. Məhkəmə tərəflər arasında olan yazışmaları mötəbər sübut kimi qiymətləndirir.

24. Məhkəmə iclasında bir neçə dəfə ilk iddiaçıya həmin əşyaların dəqiq siyahısı və hər birinin ayrı-ayrılıqda dəyərinin müəyyən edilməsi təklif edilsə də, ilk iddiaçı tələbi dəqiqləşdirməmişdir. İddiaçı həmin tələbi təsdiq edən hal kimi iddia ərizəsinə əlavə edilmiş fotoşəklə istinad etmişdir. Lakin həmin fotoşəklin vizual müşahidəsi zamanı 2 ədəd yataq örtüsünün, 1 ədəd səs gücləndirici dəst, 1 ədəd qızdırıcı və 1 ədəd çamadandan başqa heç bir əşyanı müəyyən etmək mümkün olmamış, həmin əşyaların dəyəri qiymətləndirici tərəfindən 205 manat müəyyən edilmişdir.

25. İlk iddiaçı evi boşaldarkən özünə məxsus dəyərli əşyaları götürdüyündən və bunu məhkəmə iclasında təsdiq etdiyindən sonuncuya məxsus 4000 manat dəyərində əşyanın bir neçə aylıq kirayə haqqı qarşılığında həmin evdə saxlanılması ağlabatan hesab edilmir. Belə ki, həmin əşyalar aktlaşdırılaraq qarşılıqlı iddiaçıya təhvil verilməmişdir.

26. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

27. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

28. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

29. Əgər məhkəmə həmin əşyaların 4000 manat dəyərində olduğunu qəbul etsə belə, ilk iddiaçının icra edilməmiş kirayə öhdəliyi olmuş, öhdəliyə qarşılıqlı əvəzləşdirmə nəticəsində xitam verilmişdir. İlk iddiaçının hər hansı zərər tələb etmək hüququnun yaranması üçün o, mənzildə qoyduğu əşyaların dəyərinin borclu olduğu kirayə haqqından çox olduğunu sübut etməlidir.

30. Məhkəmə qeyd edir ki, ilk iddiaçının təqdim etdiyi yeganə obyektiv sübut (fotoşəkil) ilə müəyyən edilən əşyaların dəyəri (205 manat) onun özünün etiraf etdiyi qalıq kirayə haqqından (500 manat) xeyli azdır. İlk iddiaçı tərəfindən dəyəri 500 manatdan artıq olan hər hansı digər əmlakın mənzildə qalmasını və ya onların dəyərini sübut edən hər hansı mötəbər sübut (qəbz, çek, siyahı və s.) məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçının 500 manat kirayə haqqı borcunun əvəzləşdirilməsindən sonra ona hər hansı real zərərin dəydiyi sübut olunmur.

31. Əgər fərz etsək ki, ilk iddiaçının iddia etdiyi kimi (və sübut edə bilmədiyi kimi) onun 500 manat qalıq kirayə borcundan artıq dəyərdə əmlakı cavabdehdə qalmışdır, bu zaman əsassız varlanmanın müddəaları şamil edilməlidir.

32. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.

34. Yuxarıda qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iki illik müddət kəsici müddətdir və qanunda bu müddətin dayandırılması və ya kəsilməsi mümkünlüyü müəyyən edilməmişdir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, məhrum olan (hazırkı halda ilk iddiaçı) əsassız varlanma obyektini qaytarmaq hüququnu ona məlum olduğu vaxtdan iki il ərzində varlanmış şəxsdən tələb etmək malikdir. Həmin müddət keçdikdən sonra isə iddiaçı bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

35. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə (ex officio) nəzərə alınır.

36. Hazırkı iş üzrə iddiaçı xx.xx.2022-ci ildə əşyalarını cavabdehə məxsus evdə qoyub getdiyini bildirir. İlk iddiaçı hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

37. Məhkəmə hesab edir ki, hazırkı tələblə bağlı MM-nin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik tələb etmə müddəti keçmişdir və müddətin keçməsinə görə həmin tələb qüvvədən düşmüşdür.

38. Məhkəmə həmçinin qeyd edir ki, ilk iddiaçı məhkəməyə müddət keçdikdən müraciət etməsini maddi imkanının olmaması və bununla əlaqədar hüquqi yardım üçün vəkilə müraciət edə bilməməsi ilə əsaslandırsa da, qanunvericilikdə kəsici müddətin dayanması və ya kəsilməsi halları müəyyən edilməmişdir.

39. Məhkəmə ilk iddia tələbinin qalan hissələrinə münasibətdə qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. İlk iddiaçı 60 manat dövlət rüsumu və 150 manat hüquqi yardıma görə xərci tələb etsə də, iddiaçıya hüquqi yardımın göstərilməsi ilə bağlı hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Bundan başqa ilk iddia təmin olunmadığından, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

41. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

42. Yuxarıda qeyd edildiyi kimi tərəflər arasında şifahi kirayə müqaviləsi olmuşdur. Kirayəyə verən (hazırkı halda qarşılıqlı iddiaçı) ilk iddiaçıdan qalıq kirayə haqqını və kirayə obyektində kirayəçiyə təhvil verilmiş televizorun dəyərini tələb edir.

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür.

44. Kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

45. Məhkəmə hesab edir ki, kirayəyə verənin xərclərin və maddi zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun kirayəyə verilmiş əşyanı, əmlakı geri aldığı andan başlanır. Həmin normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir və qanunda bu müddətin dayandırılması və ya kəsilməsi mümkünlüyü müəyyən edilməmişdir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçı (kirayəyə verən) əmlakı cavabdehdən (kirayəçidən) geri aldığı andan 6 (altı) ay ərzində həmin əmlaka dəymiş maddi ziyanın ödənilməsinə dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə iddiaçı bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət də hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir və məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.

46. Məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, kirayə obyekti xx.xx.2022-ci ildə qarşılıqlı iddiaçıya təhvil verilmişdir. Belə olduğu təqdirdə, qarşılıqlı iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulduğunu xx.xx.2022-ci il tarixində bilmiş, hazırkı qarşılıqlı iddianı isə xx.xx.2024-cü ildə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 2 il 8 aydan artıq müddət keçdikdən sonra qaldırmışdır.

47. Məhkəmə qarşılıqlı iddia tələbinin mənəvi ziyana görə kompensasiya tutulması hissəsini də aşağıda qeyd olunanlar baxımından əsaslı hesab etmir.

48. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”.

49. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”.

50. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.

51. Qarşılıqlı iddiaçı mənəvi ziyanı onunla əsaslandırmışdır ki, ilk iddiaçı onu polisə vermiş, get-gələ düşmüş, əsəb-gərginlik keçirmişdir.

52. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.

53. Həmin Qanunun 5.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin müraciətlərinə şamil edilir.

54. Göründüyü kimi, Azərbaycan Respublikasının qanunvericiliyi əcnəbilərin dövlət orqanlarına müraciət etmək, o cümlədən şikayət vermək hüququnu tanımışdır. Bu hüququn həyata keçirilməsi ilə əlaqədar vətəndaşın hər hansı formada təqib edilməsi yolverilməzdir.

55. İşdən görünür ki, ilk iddiaçı qarşılıqlı iddiaçı barəsində müraciətini məhz dövlət orqanına etmiş və bu müraciət vasitəsilə qanun normalarına uyğun olaraq özünün hüquq və mənafelərinin müdafiəsinə səy göstərmişdir.

56. Məhkəmə qeyd edir ki, ilk iddiaçı Sumqayıt ŞPİ-nə müraciət etməklə qarşılıqlı iddiaçının şərəf və ləyaqətinin alçaldılmasını deyil, özünün ehtimal olunan pozulmuş hüquqlarının bərpasını istəmişdir. Əgər hər bir şikayət mənəvi ziyan üçün əsas yaratsa idi, bu, vətəndaşların öz hüquqlarını müdafiə etmək üçün dövlət orqanlarına müraciət etməsinə “mənfi təsir” (chilling effect) göstərərdi.

57. Odur ki, ilk iddiaçı tərəfindən qarşılıqlı iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması və bununla ona mənəvi zərər vurulması sübuta yetirilmədiyindən tələb əsaslı hesab edilə bilməz.

58. Məhkəmə onu da qeyd edir ki, qarşılıqlı iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) məhkəmə iclasında verdiyi izahatında ilk iddiaçının qarşılıqlı iddiaçıya məxsus əmlakı (televizoru) mənimsədiyinə görə barəsində xüsusi qərardad çıxarılıb prokurorluğa məlumat verilməsini xahiş etmişdir.

59. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.

60. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının “əmlakın mənimsənilməsi faktı” kəsici müddət tətbiq edilməklə öz hüquqi əhəmiyyətini itirdiyindən hazırkı iş üzrə xüsusi qərardad çıxarılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir.

61. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia təmin edilmədiyindən tələb hüquqi yardıma görə 400 manat və dövlət rüsumuna görə 99 manatın alınması hissəsində də təmin edilməməlidir.

62. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı).

63. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Nedim oğlunun Cavabdeh qarşı əmlak tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı Nedim oğluna qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiaları təmin edilməməlidir.

64. 150 manat məbləğində olan qiymətləndirmə xərcinin 75 manatı ilk, 75 manatı isə qarşılıqlı iddiaçıdan tutularaq ("xxxx" ASC-nin Mərkəz filialı: AZ74AİİB400600F**********112; SWİFT: AİİBAZ2XXXX, Müxbir hesab: AZ37NABZ********************: Kod: 200026) "xxxx" MMC-yə (VÖEN:**********) ödənilməlidir.

Nəticə hissəsi:

65. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Nedim oğlunun Cavabdeh qarşı əmlak tələbinə dair ilkin, Cavabdeh İddiaçı Nedim oğluna qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiaları təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. 150 manat məbləğində olan qiymətləndirmə xərcinin 75 manatı İddiaçı Nedim oğlundan və 75 manatı isə Cavabdeh tutularaq ("xxxx" ASC-nin Mərkəz filialı: AZ74AİİB400600F**********112; SWİFT: AİİBAZ2XXXX, Müxbir hesab: AZ37NABZ********************: Kod:200026) "xxxx" MMC-yə (VÖEN:**********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar